RU

Dövlət İmtahan Mərkəzi təhsil islahatının önündə gedən qurumlardandır

ain.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Milli təhsil sistemində həyata keçirilən mühüm islahatların əsasında dayanan məsələlərdən biri ali məktəblərə qəbul imtahanlarının şəffaflığı və obyektivliyin təmin olunmasıdır. Bu sahədə uzun illərdən bəri fəaliyyət göstərən Dövlət İmtahan Mərkəzi təhsil islahatlarının önündə gedən qurumlardandır. DİM-in İdarə Heyətinin sədri, Azərbaycan təhsilinin inkişafında əvəzsiz xidmətləri olan Məleykə Abbaszadə ilə söhbətimizdə 2025/2026-cı tədris ilində gözlənilən yeniliklərdən və görülən işlərdən danışdıq.

– Məleykə xanım, bu il keçirilən qəbul imtahanlarının yekun nəticələrini necə qiymətləndirirsiniz? Əvvəlki illərlə müqayisədə hansı xarakterik tendensiyalar müşahidə edildi?

– İlk növbədə, vurğulamaq lazımdır ki, ali məktəblərə qəbul imtahanları cəmiyyət həyatında mühüm sosial prosesdir. Mövcud qaydalar çərçivəsində aparılan imtahanlarda hər il 300 mindən çox gənc iştirak edir. İmtahanların məzmununun elmi-metodiki əsaslarla hazırlanmasına 5 mindən çox pedaqoq və elmi ictimaiyyətin nümayəndəsi cəlb olunur. Prosesin idarə olunmasına vətəndaş cəmiyyətindən, təxminən, 20 min nümayəndə dəvət edilir. Təbii ki, imtahanların keçirilmə mexanizmləri, araşdırmalar, apellyasiya prosesləri Dövlət İmtahan Mərkəzi əməkdaşlarının bilavasitə iştirakı ilə aparılır. Lazımi alqoritmlərin hazırlanması və düzgün tətbiqi də məhz burada formalaşdırılır.

Ölkəmizdə kütləvi proseslərin idarə olunması ilə bağlı informasiya texnologiyalarından istifadə sahəsində ilk addımları da məhz biz atmışıq. Bu sahənin tədqiqi və tətbiqi bu gün mühüm əhəmiyyət kəsb edir. Nəzərə almaq lazımdır ki, IX-XI sinif buraxılış, bakalavr, magistratura, rezidentura və doktoranturaya qəbul imtahanları daim ictimaiyyətin diqqət mərkəzində olur. Bu proses açıq şəkildə aparılır və hər hansı qərar yalnız qanun, qayda və mövcud alqoritmlərə uyğun qəbul edilir.

Builki qəbul imtahanlarının diqqətçəkən məqamlarından biri iştirakçıların sayında artımın müşahidə olunmasıdır. Bu il ali təhsil müəssisələrinə qəbul olmaq üçün qeydiyyatdan keçən şəxslərin sayı 130 mindən çox idi. Ötən illə müqayisədə ərizələrin sayında, təqribən, 12 min artım müşahidə olundu. Bu, ilk növbədə, 2025-ci ildə məzun olan abituriyentlərin sayının çoxluğu ilə bağlı idi. Belə ki, bu il buraxılış imtahanlarında 119 mindən çox şagird iştirak etdi. Lakin bu artım hər hansı təşkilati və s. çətinlik yaratmadı və görülən tədbirlər nəticəsində bütün proses uğurla idarə olundu. Bundan əlavə, IX sinif buraxılış imtahanlarında xarici dil fənni üzrə yeni test modeli tətbiq edildi. Burada əsas məqsəd şagirdlərin yaradıcı düşünmə, məntiqi ardıcıllıqla fikir ifadə etmə və dil bacarıqlarını daha da inkişaf etdirməkdir. Hazırda IX sinif məzunları üçün tətbiq edilən bu yeniliyin 2027-ci ildən tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında da tətbiqi nəzərdə tutulur.

– Qəbul imtahanlarının nəticələrinə görə abituriyentlərin bilik səviyyəsini fənlər üzrə qiymətləndirmək mümkündür. Bu baxımdan ümumi mənzərəni necə dəyərləndirə bilərsiniz?

– Qəbul imtahanları iki mərhələdən ibarətdir: birinci mərhələ cari ilin məzunları üçün XI sinif buraxılış imtahanlarıdır. Bu imtahanlar əsas üç fənn – tədris dili, riyaziyyat və xarici dil üzrə təşkil olunur. Bu nəticələr əsasında biz iki ildən sonra nəyi gözləyə biləcəyimizi proqnozlaşdırırıq. Maraqlıdır ki, uzun illərdir aparılan proqnozlar real nəticələrlə üst-üstə düşür. Əldə olunan nəticələr Elm və Təhsil Nazirliyinə təqdim olunur, birgə müzakirələr aparılır və gələcəkdə plan yerlərinin ayrılmasında həmin təhlillər nəzərə alınır.

İmtahan nəticələrinin təhlili “Abituriyent” jurnalının 12-ci buraxılışında dərc olunur. Jurnalın elektron forması Dövlət İmtahan Mərkəzinin rəsmi saytına da yerləşdirilir və ictimaiyyətin ixtiyarına verilir. Statistik məlumatlar Azərbaycan Respublikasının Açıq Məlumatlar Portalına (opendata.az) da yerləşdirilir. Beləliklə, istənilən tədqiqatçı imtahanlarla bağlı məlumatlardan rahat şəkildə istifadə edə bilər. 2024-cü ilin imtahan nəticələri ilə bağlı 12 nömrəli jurnalda 1.26-cı cədvəldə (səh., 64) abituriyentlərin test tapşırıqlarına düzgün cavablarının orta statistik göstəriciləri ilə tanış ola bilərsiniz.

Orta statistik göstəricilər abituriyentlərin test tapşırıqlarına düzgün cavablarının orta nisbətini əks etdirir. Həmin cədvəli builki imtahan nəticələri ilə müqayisə edəndə görürük ki, bəzi göstəricilər müsbət istiqamətdə artıb, bəzilərində isə azalma müşahidə olunur. Lakin bu dəyişikliklər cüzi səviyyədədir. Lakin bir balın artması və ya azalması keyfiyyət göstəricilərinə çox böyük təsir edir. Uzun illərdir müşahidə edirik ki, IV ixtisas qrupu üzrə imtahanlarda adətən 4-5 min, bəzən 6 min nəfər iştirak edir və onların nəticələri ölkə üzrə ən yüksək göstəricilər olur.

Cədvəldəki göstəricilər 50 faizdən yuxarı olduqda, bunu qənaətbəxş hesab edirik. Məsələn, Azərbaycan bölməsində 1-ci mərhələdə IV ixtisas qrupu üzrə göstəricilər tədris dili, riyaziyyat və ingilis dili fənləri üzrə belə olub: 77.55 faiz, 64.05 faiz, 70.50 faiz. Yəni orta səviyyə kifayət qədər yüksəkdir. Blok imtahanlarında fizika, kimya və biologiya üzrə nəticələr isə müvafiq olaraq 50.56 faiz, 49.17 faiz və 52.85 faiz olmuşdur. Bunlar da yaxşı göstəricilərdir, amma təəssüf ki, digər qruplarda belə yüksək səviyyə müşahidə edilmir.

Tədris dili üzrə həm Azərbaycan, həm də rus bölməsində bütün orta göstəricilər 50 faizdən yuxarıdır, bu, müsbət tendensiyadır. Lakin riyaziyyat fənni üzrə vəziyyət bir qədər fərqlidir. 1-ci mərhələdə orta göstərici 46.11 faiz təşkil edir ki, bu, I qrupa sənəd təqdim edən abituriyentlər üçün nəzərəçarpan göstəricidir. IV qrupa sənəd verən şagirdlərin riyaziyyat fənni üzrə nəticəsi isə 64 faiz olub, yəni ən yüksək səviyyəli şagirdlər bu fənn üzrə daha yaxşı nəticə göstərirlər. Builki nəticələrə əsasən, ümumi olaraq fənlər üzrə keyfiyyət göstəriciləri sabitdir və müəyyən sahələrdə xüsusilə tədris dili fənni üzrə artım var.

Riyaziyyat fənni üzrə imtahan verən şagirdlərin düzgün cavablarının faizi II qrupda 30.19 faiz, III qrupda 31.21 faiz və qabiliyyətyönümlü ixtisaslara aid V qrupda isə 31.28 faizdir. Əgər birinci mərhələdə riyaziyyat üzrə nəticələr 50 faizdən yuxarı olsaydı, biz artıq özümüzü məqsədimizə çatmış hesab edərdik.

Xarici dillər, xüsusilə ingilis dili üzrə son 3-4 ildə sürətli irəliləyiş müşahidə olunur. I qrupda ingilis dili üzrə göstəricilər 50 faizdən yuxarı, II qrupda 43.26 faiz, III qrupda 53.36 faizdir. Azərbaycan və rus bölmələri arasında müqayisə aparanda deyə bilərik ki, Azərbaycan bölməsinin göstəriciləri ingilis dilindən başqa digər fənlərdə daha yüksəkdir. Rus bölməsində ingilis dili göstəriciləri qruplar üzrə ardıcıl olaraq təqribən 63 faiz, 58 faiz, 62 faiz, 74 faiz və 59 faiz olub. Nəzərə almaq lazımdır ki, rus bölmələri əsasən şəhər məktəblərindədir, Azərbaycan bölməsində isə çoxlu kənd məktəbləri var. Ən aşağı nəticələr isə coğrafiya fənni üzrə müşahidə olunur. Coğrafiya II ixtisas qrupu üzrə imtahan verən abituriyentlər üçün əsas fənlərdən biridir, III qrupda isə müvafiq alt qruplar üzrə müsabiqədə iştirak etmək üçün coğrafiyadan imtahan verirlər. Nəticələr göstərir ki, coğrafiya üzrə II qrupda orta göstərici 28,68 faiz, III qrupda isə təxminən 15,5 faizdir ki, bu da çox aşağı səviyyədir.

Xüsusilə narahatlıq doğuran sahələrdən biri kimyadır. Abituriyentlərin daha çox seçdiyi I qrupda bu fənnə aid bir çox ixtisas var. I qrupda orta göstərici 24.18 faiz, IV qrupda isə 49.17 faizdir, yəni qruplar arasında təxminən 25 faiz fərq mövcuddur. Mövcud nəticələr hələ qənaətbəxş deyil və təkmilləşdirilməyə ehtiyac var.

I qrupda fizika üzrə düzgün cavabların faizi 33.29-dur və bu isə kifayət qədər aşağı səviyyədir. Bu sahədə də dəyişikliklər və təkmilləşdirmələr zəruridir. Riyaziyyat üzrə də vəziyyət eynidir. Bu məsələdə maraqlı bir məqam da budur ki, gələcəkdə İT sahəsində fəaliyyət göstərmək istəyən abituriyentlərin riyaziyyat nəticələri kifayət qədər yüksək olmalıdır. Bizə çox təkidlə müraciət edirdilər ki, informatika fənni üzrə də imtahanlar keçirilsin və biz bunu təşkil etdik. Lakin nəticə 37.86 faizdir, keçən illə müqayisədə cüzi olaraq artsa da, bu göstərici qənaətbəxş deyil. Bununla belə, bütün qruplar üzrə ümumi cədvəli ötən illə müqayisə etdikdə müşahidə olunan müsbət tendensiya ümidvericidir.

– Ali məktəblərdə dövlət planının yerinə yetirilməsi ilə bağlı nə deyə bilərsiniz?

– Bu il qəbul imtahanlarında iştirak etmək üçün 102 min abituriyent sənəd təqdim edib. İmtahan nəticələrinə əsasən, müsabiqəyə 68 min 54 nəfər buraxılıb. Yəni sənəd verənlərin təxminən 66 faizi ixtisas seçimi mərhələsinə keçib.

Müsabiqəyə buraxılan abituriyentlər 200 və 150 baldan yuxarı nəticə göstəriblər. İkinci mərhələdə isə 50 və ya 100 baldan yuxarı bal yığıblar. Beləliklə, müraciət edənlərin 66 faizi tələb olunan minimal nəticəni əldə edib ki, bu da yüksək göstəricidir. Ümumilikdə qəbul planına nəzər salsaq, mülki ali məktəblər üzrə plan 59 min 455 yerdir. Əsas və əlavə yerləşdirmədən sonra ali təhsil müəssisələrinə qəbul olunanların sayı 57 481 nəfərdir. Plan yerlərinin təxminən 97 faizə yaxın dolduğunu görürük. Nəzərə alaq ki, orta ixtisas məktəblərinə də XI sinif bazasından qəbul aparılıb və burada 15 mindən çox abituriyent qəbul olunub. Beləliklə, ümumilikdə 70 mindən çox abituriyent ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olunub.

Qruplar üzrə vəziyyət isə fərqlidir. Qəbul planına nəzər saldıqda görürük ki, qruplar üzrə yerlər əsasən dolub. Məsələn, II və III qruplarda plan demək olar ki, tam dolub. III qrupda cəmi 9 yer boş qalıb ki, bu yerlər də əsasən jurnalistika ixtisasına aiddir. Burada ixtisas üçün tələb olunan qabiliyyət imtahanında esse yazaraq məqbul alanların sayı kifayət etmədiyi üçün yer dolmayıb. I qrup üzrə plan yerləri 92.93 faiz, II qrup üzrə 98.38 faiz, III qrup üzrə 99.94 faiz, IV qrup üzrə 96,30 faiz, V qrup üzrə isə 96.68 faiz dolub.

Sənəd qəbulunda iştirak edən və müsabiqəyə buraxılan abituriyentlərin sayını müqayisə etdikdə müxtəlif göstəricilərlə qarşılaşırıq. Məsələn, I ixtisas qrupu üzrə imtahanlarda iştirak etmək üçün təqribən 32 min abituriyent sənəd təqdim edib, lakin onlardan yalnız 19900-ə yaxını müsabiqəyə buraxılıb. Yəni təxminən 62 faizə yaxın şəxs ixtisas seçimi mərhələsinə keçib. Səbəb odur ki, 2-ci mərhələdə abituriyentlər riyaziyyat, kimya və fizika fənlərindən 50 baldan yuxarı nəticə göstərə bilməyiblər və seçimə buraxılmayıblar. Bilirsiniz, abituriyentlərin çoxu I ixtisas qrupunu seçirlər, lakin fərqinə varmırlar ki, bu qrupa gedən şəxs texniki fənlər üzrə müəyyən biliklərə malik olmalıdır. Sadəcə bu qrup üzrə plan yerləri çox olduğundan, bəzi abituriyentlər düzgün seçim etmir və nəticədə müsabiqədən keçə bilmirlər.

Eyni vəziyyət II qrupda da müşahidə olunur. Burada 27 minə yaxın abituriyent sənəd təqdim edib və yalnız 12718 nəfər, yəni 47.25 faiz müsabiqəyə buraxılıb. Bu da göstərir ki, bu qrupda da zəif nəticəli abituriyentlər çoxdur. Qeyd etmək lazımdır ki, II qrupun plan yerləri I qrupa nisbətən azdır və buna görə dolma faizi burada daha yüksək (98%) olub.

III qrup üzrə sənəd verən 29017 abituriyentdən 23460 nəfər müsabiqəyə buraxılıb. Təxminən 81 faiz müsabiqə şərtlərini ödəyib. IV qrup üzrə isə 6.657 nəfər sənəd təqdim edib, onlardan 5.391 nəfər müsabiqəyə buraxılıb. Bu, 81 faizə yaxındır və kifayət qədər yüksək göstəricidir. Faktiki olaraq imtahanda iştirak edənlərin yalnız 19 faizi müsabiqədən kəsilib. Buradan aydın görünür ki, zəif hazırlıqlı kontingent əsasən I və II ixtisas qruplarını seçir və bu tendensiya əslində IX-XI siniflərdən əvvəl başlayır və özünü yekun imtahanlarda göstərir.

Bu il plan yerləri 13 universitetdə tam, 43 universitetdən 38-də isə 95 faizdən artıq dolub, bu çox yaxşı nəticədir. Hesab edirəm ki, bu istiqamətdə işi davam etdirmək və xüsusilə, I və II qruplarda riyaziyyatdan orta balı yüksəltmək vacibdir. Plan yerləri məhz buna görə ayrılır – iqtisadiyyatın sözügedən sahələr üzrə peşəkar mütəxəssislərə ehtiyacı var. Hətta I ixtisas qrupu üzrə ayrılan yerlərin əksəriyyəti dövlət sifarişli yerlərdir və bu ixtisaslara qəbul olunan məzunlar sonradan əmək bazarında rahatlıqla iş tapa bilirlər.

– Bölgələrlə paytaxt ali və orta məktəblərin nəticələri arasında hansı fərqlər müşahidə olunur?

– Müxtəlif regionların göstəriciləri “Abituriyent” jurnalının 12-ci buraxılışında qeyd olunub. Adətən ilk yerlər lisey və gimnaziyalara məxsus olur. Belə məktəblər həm paytaxtda, həm də bölgələrdə fəaliyyət göstərirlər və onların nəticələri ümumtəhsil məktəblərinin nəticələrindən daha yüksəkdir. Bununla belə, elə ümumtəhsil məktəbləri var ki, göstəriciləri hətta bəzi lisey və gimnaziyaların nəticələrini də üstələyir. Müəyyən hallarda ayrı-ayrı məktəblərin nəticələri yüksək olsa da, həmin regionda göstəriciləri aşağı olan məktəblərin çoxluğu ümumi nəticəni aşağı salır. Əksinə, nəticələri orta səviyyədə olan məktəblərin yerləşdiyi regionlar da var ki, bir-iki güclü məktəbin hesabına ümumi bal yüksək olur.

Bu baxımdan mənzərəni dəyərləndirərkən təkcə region göstəricilərinə əsaslanmaq tam obyektiv olmazdı. Paytaxtın özündə də vəziyyət müxtəlifdir: Qaradağ, Sabunçu, Suraxanı kimi rayonların göstəriciləri ilə mərkəzi rayonları müqayisə edərkən fərqlər görünsə də, mərkəzi rayonlarda da nəticələri aşağı olan məktəblər mövcuddur. Həmin rayonlarda yerləşən bir sıra gimnaziyaların nəticələri ümumi statistikaya daxil edilmir ki, bu da mənzərəni bir qədər dəyişir. Buna görə də paytaxt və regionlar arasında fərqin kəskin olduğunu söyləmək çətindir, nəticələr müxtəlifdir. Biz həmişə bir regiondakı məktəbləri öz aralarında, şəhərdəki məktəbləri isə ayrıca müqayisə edirik.

Bakıda və regionlarda fəaliyyət göstərən ali məktəblərin nəticələri 12 nömrəli jurnalda cədvəl 1.11-də göstərilib. Bu cədvəl qruplar üzrə orta statistik balları müqayisə etməyə imkan verir. Müqayisəni düzgün aparmaq üçün dörd qrup üzrə ixtisaslar mövcud olan universitetləri seçmək vacibdir. Məsələn, Tibb Universitetində yalnız tibb ixtisasları var. Bu səbəbdən IV qrupda Tibb Universitetinin ortalama keçid balı həmişə yüksək olur. Amma bəzi universitetlərdə IV qrupa aid olan digər ixtisaslar da var. Məsələn, Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universiteti və İqtisad Universitetində bütün 4 qrup üzrə ixtisaslar mövcuddur. Digər universitetlərdə isə yalnız bəzi qrupların ixtisasları təklif olunur. Məsələn, yalnız II və III, ya da I və II qrupa aid ixtisaslar mövcuddur, digər qruplar isə yoxdur. Regional universitetlərdə isə demək olar ki, bütün qruplar üzrə ixtisaslar var.

Cəmi iki ildir ki, qəbul apardığımız Qarabağ Universitetinə qəbul olunan abituriyentlərin hər bir qrup üzrə orta bal göstəriciləri Bakı Dövlət Universiteti və İqtisad Universitetindən çox az fərqlənir. I qrupda Qarabağ Universitetinə qəbul olunanların nəticələri 400 baldan yuxarıdır. II qrupda Dövlət İqtisad Universitetinin göstəriciləri daha yüksəkdir və Qarabağ Universiteti ikinci yerdə qərarlaşıb. III qrupda isə Qarabağ Universitetinin nəticələri 500 baldan yuxarıdır. IV qrupda da müqayisə aparmaq mümkündür. Qarabağ Universitetində yalnız tibb ixtisasları deyil, digər ixtisaslar da mövcuddur və burada nəticələr 512 bal səviyyəsindədir. Bütün qruplar üzrə ortalama ballara baxdıqda, xüsusilə I və IV qruplarda Qarabağ Universiteti 456 balla birinci yerdədir. Bu göstərici Qarabağ Universitetinə daha bilikli gənclərin üstünlük verdiyini göstərir ki, bu da sevindiricidir. İnanıram ki, Qarabağ Universiteti yalnız ölkədə deyil, regionda, hətta postsovet məkanında da gələcəkdə layiqli yer tutacaq.

– Rəhbərlik etdiyiniz qurum imtahanların obyektivliyinə və şəffaflığına ictimai etimadı artırmaq üçün bu il hansısa texnoloji və ya təşkilati yeniliklər etdimi?

– Obyektivlik ədalətli imtahanın keçirilməsində çox böyük rol oynayır. Bizim işimizin əsas hissəsi imtahanların təhlükəsizliyini təmin etmək, məlumat sızmaları və kənardan müdaxilələrin qarşısını almaqdır. Bu məqsədlə çoxlu resurs sərf edir və texnoloji yeniliklər tətbiq edirik. Lakin yeniliklər haqqında açıq məlumat verməyəcəyəm, çünki bu, virus və antivirus məsələsinə bənzəyir. Əgər biz açıq desək ki, antivirus sistemimiz hansı alqoritmlə işləyir, onda virus yazanlar da yenilərini hazırlaya bilərlər. Ona görə də biz onların qayda pozuntularını və qanunsuz əməllərini diqqətlə izləyir və aşkar edirik.

Keçən il bir neçə belə hadisə qeydə alınmışdı və həmin halların təkrarlanmaması üçün öncədən tədbirlər görüldü. Belə hallarda imtahan nəticələri ləğv olunur və abituriyent heç bir müsabiqəyə buraxılmır. Hazırda biz bu sahədə qanunvericilik və normativ-hüquqi sənədlərdə müəyyən dəyişikliklər edirik ki, gələcəkdə oxşar hallar tamamilə aradan qaldırılsın. Məqsədimiz həm ədalətli və obyektiv mühiti qorumaq, həm də imtahan sisteminə etimadı gücləndirməkdir.

Bu il imtahana daxil olan bəzi şəxslərdə tamamilə yeni olan qurğular aşkarlanıb. Əfsus ki, bu haqda daha geniş məlumat verə bilmirəm, çünki istintaq gedir və materiallar prokurorluğa təqdim olunub. Araşdırmalar davam edir və yəqin ki, proses başa çatdıqda hüquq-mühafizə orqanları tərəfindən ictimaiyyətə bu barədə daha geniş məlumat veriləcək. Qeyd edim ki, bu əməllərin qiymətləndirilməsini hüquq-mühafizə orqanları həyata keçirir. Təbii ki, bizim tərəfdən həmin şəxslərin nəticələri artıq ləğv olunub və onlarla əlaqəsi olan digər şəxslərin nəticələri də etibarsız sayılıb. Bu, imtahan sistemində ədalətin qorunması və qayda pozuntularına qarşı ciddi mövqe nümayiş etdirmək məqsədi daşıyır. Hər il biz belə müdaxilələr və ayrı-ayrı qanunsuz hallarla mübarizə aparırıq. Odur ki, imtahanda iştirak edən hər bir şəxsə yalnız öz biliyinə güvənməsini məsləhət görürəm.

Bundan başqa, beynəlxalq imtahanların nəticələrini də biz yoxlayıb qəbul etməliyik. Bu sahədə ədalət prinsipini qorumaq məqsədilə araşdırmalar apararaq müəyyən etmişik ki, TOEFL, SAT kimi bəzi imtahanların nəticələri imtahan verən şəxslərin biliyinə uyğun deyil və araşdırmaların nəticələrini hüquq-mühafizə orqanlarına təqdim etmişik. Düzdür, bu imtahanlar beynəlxalq imtahanlar olduğundan biz onlara cavabdeh deyilik, ancaq müəyyən yerlərə qəbul üçün nəticələrin adekvatlığını, düzgünlüyünü və sertifikatların etibarlılığını yoxlayıb təsdiqləmək bizə həvalə olunub. Bu istiqamətdə işlərimizi davam etdiririk.

Şəffaflıq və açıqlıq məsələsinə gəldikdə isə təqdim etdiyimiz məlumatlar və nəticələr hər bir mərhələdə o qədər əhatəlidir ki, heç bir beynəlxalq imtahan təşkilatçısı bu səviyyədə materialları açıqlamır. Birinci növbədə biz test kitabçalarını paylayırıq, ümumiyyətlə, heç yerdə bu kitabçalar paylanmır. Çünki testlər paylanırsa, onlar itirilmiş hesab olunur və hər kəs çalışır ki, bu intellektual sərvət qapalı qalsın və gələcəkdə də istifadə olunsun. Ancaq biz kitabçaları paylayırıq ki, insanlar evdə də həmin materiallar üzərində işləyə və düşünə bilsinlər.

Biz təkcə şagirdlərin və namizədlərin nəticələrini SMS-lə və ya arayışla elan etmirik, eyni zamanda əlyazmalarının “skan” olunmuş surətini onların şəxsi kabinetlərində yerləşdiririk. Bu, iştirakçılara imkan verir ki, yazdıqlarını yoxlasınlar. Bundan əlavə, imtahan bitdikdən dərhal sonra biz hər bir suala aid cavabın hansı dərslikdə, hansı səhifədə və hansı sinif proqramına aid olduğunu, həmçinin həllini də veririk. Bilirsiniz ki, çox zaman imtahan bitdikdən sonra bəzi müəllimlər sosial platformalarda yanlış izahatlar verirlər. Biz isə metodiki və elmi əsası olmayan iradların qarşısını almaq üçün bu məlumatları açıq şəkildə təqdim edirik. Təbii ki, bizim tərəfdən də bəzi hallarda müəyyən texniki səhvlər ola bilər. Belə olan halda biz səhvimizi etiraf edir və abituriyentlərin xeyrinə onu düzəldirik. Hamı kimi biz də test tapşırıqlarını yalnız imtahan bitdikdən sonra görə bilirik, testləri görən şəxslər isə qapalı şəraitdə, heç kimlə ünsiyyətdə olmurlar.

Təəssüf ki, çox zaman iştirakçılar bizim verdiyimiz materialları tam oxumadan, dərk etmədən bizə müraciət edirlər. Medianın rolu da burada böyükdür; imtahandan sonra bəzi media orqanları mənfi hadisələri qabardaraq xəbərlərin “klik” sayını artırmaq üçün ajiotaj yaradırlar. Buna baxmayaraq, təhsil sistemlərində qiymətləndirmə və şəffaflıq baxımından DİM ön sıralardadır. Bu, qiymətləndirmə sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlar tərəfindən də təsdiqlənir.

– Bildiyimiz kimi, Dövlət İmtahan Mərkəzinin tətbiq etdiyi yeniliklərin, həm də ümumən qurumun iş prinsipinin ümumtəhsil sisteminin problemlərini və boşluqlarını üzə çıxarmaqda mühüm rolu var. Mövcud istiqamətdə hansı xarakterik xüsusiyyətləri vurğulamaq mümkündür?

– Qeyd etmək istəyirəm ki, bizim komanda Elm və Təhsil Nazirliyinin əməkdaşları ilə mütəmadi əlaqədədir. Münasibətlərimiz kifayət qədər sıx və elmi nöqteyi-nəzərdən düzgün qurulub. Elmi və metodiki məsələlər daim müzakirə olunur. İmtahan sualları, proqramlar, yeniliklər, qiymətləndirmə alətlərinin istifadəsi və yeni növ qiymətləndirmə vasitələrinin yaradılması, imtahanın statistik nəticələri və ortaya çıxan problemlərin nədən qaynaqlanması haqqında məlumatlar tərəfimizdən Elm və Təhsil Nazirliyinə açıq şəkildə təqdim edilir. Bu yanaşma sayəsində imtahanların keyfiyyətini artırmaq üçün müvafiq tədbirlər görülür.

Təbii ki, müəyyən problemlərin həlli bir gündə, bir ayda, hətta bir ildə belə mümkün deyil. Məsələn, marker müəllimlərin hazırlanması üçün biz özümüz iş aparırıq. Halbuki, Pedaqoji Universiteti bitirənlər və bu sahədə ixtisası olan müəllimlər bizimlə bilavasitə işləməlidir, amma biz məcburuq təlimlər və treninqlər keçirək ki, bu sahəyə cəlb olunan işçilər tam hazırlıqlı olsunlar. Bu gün müşahidə olunan bəzi uğursuzluqların kökü 15-20 il əvvələ gedib çıxır. Biz hələ də həmin problemlərin təsirini görürük və onları həll etmək üçün sistemli iş aparırıq. Hesab edirik ki, indiki müsbət tendensiyalar bir müddətdən sonra daha qabarıq hiss olunacaq.

– Sizcə, müasir imtahan sistemində tələbələrin gələcək peşə seçimində əmək bazarının real tələbləri necə nəzərə alınır?

– Bu il XI sinfi bitirib qəbul imtahanlarında iştirak etməyən və ali təhsil müəssisələrinə sənəd təqdim etməyən abituriyentlərin sayı təxminən 11 min nəfər olmuşdur. Onlardan 8 mini imtahanda 0-50 bal arasında nəticə göstərən zəif hazırlıqlı kontingentə daxildir. Bu şəxslər orta məktəbi bitirərək attestat almış və birbaşa əmək bazarına daxil olmuşlar. Bu gənclərlə işləmək, onlara düzgün istiqamət vermək və işsizlik riskini azaltmaq üçün müvafiq qurumlar iş aparır. Məsələn, bizim Gənclər və İdman Nazirliyi ilə belə bir layihəmiz var idi ki, həmin gənclərlə hansısa peşəyönümlü testlər aparaq. Belə alətlərimiz var və inanıram ki, bunun kütləvi şəkildə istifadəsinə başlaya biləcəyik.

VIII və IX siniflər üçün hazırladığımız psixometrik testlər hər bir şagirdin hansı istiqamətdə daha yüksək nəticələr göstərə biləcəyini müəyyən etməyə imkan verir. 14-15 yaşlı şagirdlər üçün bu alətlər vasitəsilə testlər keçirmək və onlara istiqamət vermək çox vacibdir. Biz bu alətləri artıq Gənclər və İdman Nazirliyi ilə birgə istifadə etmişik və yeniyetmələr arasında peşəyönümlü testlər hazırlamışıq. Əgər bu testləri proqram şəklində VIII-IX siniflər üzrə məktəblərdə həyata keçirsək, şagirdlər IX-XI siniflərdə artıq öz peşə istiqamətlərini seçə biləcəklər.

Digər bir istiqamət isə odur ki, biz məlumatları izləyərək proqnoz verə bilirik: məsələn, IX sinifdə müəyyən bir fəndən sıfır nəticə göstərmiş şagirdlər 2 ildən sonra I qrupa sənəd versələr belə, qəbul olmaq şansları az olacaq. Bu proqnozları biz əvvəlcədən təqdim edir və həmin proqnozlara əsasən kontingent necədir və onlarla hansı istiqamətdə iş aparmaq lazım olduğunu müəyyənləşdiririk.

Dövlət tərəfindən isə əmək bazarında hansı sahələrə daha çox ehtiyac olduğu müəyyən edilir. Bu ehtiyac iqtisadi durumdan asılı olaraq formalaşır, əgər əmək bazarından belə bir sifariş gəlirsə, bundan sonra yalnız təhsil sistemində müəyyən addımlar atıla bilər. Lakin bu zaman həmişə gecikmə riski olur. Ona görə də əvvəlcədən proqnoz verərək təhsil sistemində müvafiq addımlar atmaq vacibdir.

– Növbəti sualım Milli Kurikulumla uyğunluqla bağlıdır. İmtahan suallarının yeni dərsliklərlə uzlaşdırılması necə aparılır? Bəzən bu istiqamətdə narazılıqlar eşidilir. Belə halların aradan qaldırılması üçün hansı tədbirlər görülür?

– Milli Kurikulum 2009-cu ildə təsdiqlənmiş və rəsmi sənəd kimi qəbul olunmuşdur. Dərsliklər həmişə kurikuluma əsaslanır, eyni zamanda imtahan sualları müəyyən keyfiyyətləri yoxlamaq üçün hazırlanır. Məsələn, uşaqların “oxuyub-anlama” bacarığını yoxlayarkən, dərslikdə olmayan, tanımadıqları bir mətni təqdim edirik. Çünki kurikulumda göstərilir ki, şagird bilmədiyi, tanımadığı mətni oxuyub-anlamalıdır.

Biz imtahanda şagirdə ona tanış olmayan mətni veririk ki, oxuyub-anlama, eşidib-anlama qabiliyyətini yoxlayaq. Müəyyən sualların qoyuluşu elədir ki, biz məlumatı verir və soruşuruq ki, situasiyanın həllini necə görürsən. Diaqramlarla işləmək kimi tapşırıqlar da verilir. Bu və ya diaqram özü dərslikdə olmaya bilər və olmamalıdır, şagird diaqramla işləmək bacarığını məktəbdə öyrənməlidir. Bəzən isə buna irad bildirirlər ki, verilən tapşırıqlar dərsliklərə uyğun deyil, uşaqlar əzbərçiliyə yönəlir və kütləvi imtahan əzbərçiliyi təşviq edir. Burada heç bir məntiq yoxdur, belə iradlar əsaslı və düzgün yanaşma deyil.

– Qarşıdakı zaman kəsiyində qəbul imtahanlarının forma və strukturunda hansı dəyişikliklər aparıla bilər? Bunu labüd edən məqamlar varmı? DİM ali məktəblərə qəbul prosesini daha səmərəli etmək üçün beynəlxalq təcrübənin tətbiqi imkanlarını nəzərdən keçirirmi? Ümumiyyətlə, qəbul yalnız imtahanla aparılır, yoxsa digər modellər – məsələn, orta məktəbdə toplanmış portfoliolar, beynəlxalq sertifikatlar nəzərə alınır?

– Nazirlər Kabineti tərəfindən qəbul olunan qaydalarda müsabiqədənkənar qəbul, beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin qəbulu mövcuddur. Amma qeyd edim ki, bu proqramlar üzrə nəticə göstərən abituriyentlərin sayı ölkə üzrə cəmi 35 nəfərdir. Həmçinin beynəlxalq müsabiqə və yarışlarda qalib olmuş 83 nəfər də qaydalara əsasən qəbul olunub. Respublika fənn olimpiadalarının qaliblərindən 88 nəfər qəbul olunub. Hazırda bu sistem tətbiq olunur, lakin qəbul olunanların sayı çox azdır.

Həmçinin bu il 6587 subbakalavr ali məktəblərə qəbul olunub. Bu da qaydalarda nəzərdə tutulub və biz bunu tətbiq edirik. Lakin bəzi ali məktəblər subbakalavr qəbulundan imtina edir və bildirirlər ki, onların tədris prosesinə uyğunlaşmaları çətin olur və hazırlıq səviyyəsi kifayət etmir.

Beynəlxalq SAT imtahanlarının nəticələri ilə bağlı bu il bir ali məktəb 569 nəfər qəbul edib. Hazırda bu yalnız bir universitetdə tətbiq olunur və nəzərə almaq lazımdır ki, bu imtahanlar ingilis dilində aparılır.

– Azərbaycanın imtahan nəticələri beynəlxalq qiymətləndirmələrlə (PISA, TIMSS və s.) nə dərəcədə üst-üstə düşür?

– Ümumiyyətlə, TIMSS IV və VIII siniflər üçün nəzərdə tutulub, bu isə milli imtahanların nəticələrinə birbaşa təsir göstərmir. Eyni zamanda PISA nəticələri ümumi ölkə səviyyəsində qiymətləndirmə aparır və milli imtahanlarla birbaşa müqayisə oluna bilməz. Çünki PISA nəticələrində biliklərin həyati situasiyalarda tətbiqi yoxlanılır. Biz də belə tipli sualları 2017-ci ildən başlayaraq öz sistemimizdə tətbiq etməyə başlamışıq.

Xüsusilə, VIII sinfin nəticələri gələcəkdə milli imtahanların proqnozlaşdırılması üçün faydalı məlumat verir. Biz bu nəticələri nəzərə alır, üzərində işləyir və milli imtahanlarımızda da situativ testlərin tətbiqinə ciddi yanaşırıq. 2025-ci il PISA tədqiqatının nəticələri gələn il açıqlanacaq, ona görə də hələ konkret fikir söyləmək çətindir.

Bütün bu işlər Elm və Təhsil Nazirliyinin təşəbbüsü və birgə işçi qrup çərçivəsində aparılır. Biz həm Azərbaycanın beynəlxalq qiymətləndirmələrdəki, həm də milli imtahan nəticələrini müzakirə edirik. Lakin qeyd etmək lazımdır ki, bu imtahanlar tamamilə fərqli istiqamətlər üzrə keçirilir və bir-biri ilə müqayisə oluna bilməz.

– Məleykə xanım, artıq yeni dərs ili başlayıb. Bu il tələbə adını qazanmış gənclərə nə demək istəyirsiz?

– İmtahanlar, ixtisas seçimi və ümumilikdə müsabiqəni təşkil edən qurum olan Dövlət İmtahan Mərkəzi adından bütün tələbələri yeni tədris ilinin başlanması münasibətilə ürəkdən təbrik edirəm. Onlar önəmli bir mərhələni geridə qoyaraq bilikli, əzmli və məqsədyönlü olduqlarını sübut ediblər. İndi onların qarşısında imkanlarla, kəşflərlə və nailiyyətlərlə dolu yeni səhifə açılır.

Müasir dünya sürətlə dəyişir, texnologiyalar o qədər tez inkişaf edir ki, bu gün əldə etdiyimiz biliklər sabah artıq yenilənməyə ehtiyac duyur. Buna görə də təhsil yalnız imtahanlara hazırlıq deyil, həm də ömür boyu öyrənmək bacarığı, yeniliklərə açıq olmaq və çevik uyğunlaşmaq qabiliyyətidir. Bilik və bacarıqlar insanın böyük sərvətidir. Məsuliyyət, intizam və öyrənmə həvəsi hər zaman insana uğur qazandırır. Bu gənclərin ideyaları və inkişaf etmək arzusu ölkəmizin və cəmiyyətimizin gələcəyini formalaşdırır.

Əminəm ki, bu il tələbə adını qazanmış gənclərimiz elm, mədəniyyət, texnologiya, iqtisadiyyat və digər sahələrin inkişafına öz töhfələrini verəcəklər. Qoy bu tədris ili onlara yalnız yeni biliklər deyil, həm də kəşf sevinci, sadiq dostlar və öz gücünə inam bəxş etsin.

Müstəqil, müasir Azərbaycan gəncinə enerji, ilham və məqsədə gedən yolda uğurlar arzulayıram.

– Maraqlı müsahibəyə görə çox sağ olun.

Müsahibəni yazdı:Mehparə ƏLİYEVAXQ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
2
1
xalqqazeti.az

2Источники