Azərbaycan xalqı tarix boyu dövlətçilik uğurunda mübarizə aparıb, müstəqilliyə can atıb, azadlıq eşqi ilə yaşayıb. Siyasi, mədəni tarixinə, taleyinə sahib çıxmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək xalqımızın əsas amallarından olub. Əsrlər boyu xalqımızın qanı və canı bahasına apardığı azadlıq mücadiləsi öz bəhrəsini verdi. İki il bundan əvvəl qəhrəman Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa etdi. 24 saatdan da az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi.
Sentyabr ayı Azərbaycan üçün Zəfər, ermənilər üçün isə məğlubiyyət ayı kimi tarixə düşüb: “Qarabağdakı erməni separatçıları məhz bu ayda qanunsuz olaraq müstəqilliklərini elan etmişdilər. Bununla da onlar gələcək talelərini sual altına qoydular, səfil həyatlarına başladılar. Ermənilər 2020-ci il sentyabrın 2-də Şuşada “mütəqillik bayramı”nı qeyd etdilər, 25 gün sonra ordumuz separatçılara dağlarda elə bir “toy” tutdu ki, onlar müstəqillik eşqinə düşdüklərinə belə peşman oldular. Amma aldıqları zərbədən tam ibrət dərsi çıxarmadılar. 2023-cü il 2 sentyabrda Ermənistanın baş naziri Nikol Paşinyanın separatçılara “müstəqillik təbriki” ünvanlaması dövlətimizi məcbur etdi ki, yarımçıq qalan işləri tamamlasın. Əslində 2020-ci il 10 noyabrda imzalanmış üçtərəfli anlaşmaya əsasən 2025-ci ilə qədər Qarabağdakı ermənilərin inteqrasiya prosesi başa çatmalı idi. Bunun üçün Azərbaycan dövləti ermənilərə kifayət qədər vaxt vermişdi. Ermənilər onlara verilən zaman kəsimində islah olunmaq əvəzinə, xarici qüvvələrin sifarişi və dəstəyi ilə silahlandılar, yenidən separatçılıq eşqinə düşdülər. Bütün bunlar göstərirdi ki, Ermənistan və onun rəhbərliyi sülh prosesində maraqlı deyil, Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyib. Sentyabrın 9-da Qarabağda qanunsuz seçkilər keçirildi. Qarabağdakı silahlı ermənilər azərbaycanlıların keçdiyi yollara minalar basdırmaqda davam edirdilər. Həmin minalar Ermənistanda 2020-ci ildən sonra istehsal olunmuşdu. Belə olan halda Azərbaycan dövlətinin başqa çıxış yolu qalmamışdı. 2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusu antiterror əməliyyatlarına başladı və 24 saatdan az vaxtda davam edən əməliyyat nəticəsində ermənilər silahlarını yerə qoydu və Qarabağın bütün ərazisi dövlətimizin nəzarətinə keçdi. Azərbaycan terror təhlükəsini və ərazisindəki boz zonanı birdəfəlik silərək, suverenliyini tam təmin etdi.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə hər il sentyabrın 20-də qeyd olunacaq unudulmaz tarix - Dövlət Suverenliyi Günü təsis edilib: “Bu Sərəncam Azərbaycanın 1991-ci ildə müstəqilliyinin bərpası ilə başlayan mübarizəmizin kulminasiya nöqtəsinin simvoludur. Sərəncamda 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin, 2023-cü ildə antiterror tədbirlərinin və XXI əsrdə ölkənin müstəqilliyinin möhkəmləndirilməsinin əhəmiyyəti bir daha vurğulanır. Azərbaycan Prezidenti “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında” Sərəncam imzaladı və Tədbirlər Planını təsdiq etdi. “Konstitusiya və Suverenlik İli”nin müasir Azərbaycanın dövlətçilik tarixində xüsusi yeri var. Suverenlik dövlətlərin varlığını, həyat qabiliyyətini dünyaya nümayiş etdirən ən başlıca faktorlardan biridir. Bütün xarici dövlətlər və beynəlxalq təşkilatlar suverenliyini təmin edən dövlətlərlə daha sıx əməkdaşlıq edir, onun ərazi bütövlüyünə hörmətlə yanaşır. Konstitusiya və Suverenlik anlayışları isə dövlətlərin hüquqi və siyasi əsasları ilə yanaşı, onların milli kimliyini də aydın şəkildə ifadə edir.
Dövlət özünü idarə etmək üçün müstəqil qərarlar qəbul etmək səlahiyyətlərinə malik olmalıdır. Təəssüf ki, Azərbaycan dövləti 30 ilə yaxın ərazilirimizin 20 faizinə nəzarət edə bilmirdi. Yurd-yuvalarından didərgin salınan vətəndaşlarımız doğma torpaqlara həsrət qalmışdılar.
Bir millət üçün suverenlik öz müqəddəratını təyinetmə bəyannaməsidir. Prezident cənab İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü bizim üçün ən ali dəyərdir. Biz bu prinsipləri hər zaman qoruyacaq və müdafiə edəcəyik. Bu gün Azərbaycan xalqı bütün sahələrdə yeni inkişaf tarixinə qədəm qoyub. Artıq dövlət suverenliyimiz, ərazi bütövlüyümüz toxunulmazdır. Daxili sabitliyin möhkəmlənməsinə və iqtisadi yüksəlişin sürətlənməsinə stimul verəcək suverenliyimiz bizi yeni zirvələri fəth etməyə sövq edir.
Mehriban Vəliyeva
Milli Məclisin deputatı