RU

Səttar Möhbalıyev: “Cənab Prezidentin Xocavənd səfəri regional sülhə aparan yolun siyasi mesajları ilə yadda qaldı”



“2025-ci il sentyabrın 14-də cənab Prezident İlham Əliyevin Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə etdiyi səfər təkcə bölgənin bərpası ilə bağlı yox, həm də ölkənin gələcək inkişaf istiqamətlərini göstərən mühüm siyasi hadisə oldu. Qırmızı Bazar, Hadrut və Sos kəndinin sakinləri ilə görüşdə Prezidentin çıxışı post-münaqişə dövründə Azərbaycanın Qarabağda həyata keçirdiyi siyasətin əsas konturlarını bir daha aydın şəkildə ortaya qoydu.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Deputat dövlət başçısının Xocavənd səfərinin rəmzi və strateji baxımdan xüsusi əhəmiyyət kəsb etdiyini bildirib: “2020-ci ildə Vətən müharibəsində əldə olunan qələbədən sonra Azərbaycanın suverenliyi tam şəkildə bərpa olunub. Xocavənd kimi strateji əhəmiyyətə malik bölgələrə cənab Prezidentin səfərləri, orada sakinlərlə birbaşa təmas qurması dövlətin bu ərazilərə verdiyi önəmi və yuürütdüyü sabitlik siyasətini nümayiş etdirir. Cənab Prezident İlham Əliyev sakinlərlə keçirdiyi görüş zamanı etdiyi çıxışında bölgədə həyata keçirilən yenidənqurma işlərini, infrastruktur layihələrini və əhalinin öz doğma torpaqlarına qayıdışını xüsusi vurğuladı. Diqqətə çatdırıldı ki, artıq Qarabağda həyat canlanır, kəndlər, qəsəbələr bərpa olunur, yeni yollar, məktəblər, xəstəxanalar tikilir. Bu, təkcə fiziki bərpa deyil, həm də milli ləyaqətin, tarixi ədalətin bərpasıdır. Siyasi baxımdan bu çıxışda verilən ən mühüm mesajlardan biri isə Azərbaycanın bölgədə sülh və sabitlik tərəfdarı olduğunu, lakin heç bir halda öz suverenliyindən güzəştə getməyəcəyini bir daha bəyan etməsi idi. Cənab Prezident açıq şəkildə bildirdi ki, Qarabağ məsələsi birdəfəlik həll olunub və burada yaşayan insanlar artıq yalnız Azərbaycan vətəndaşlarıdır.”

Fikirlərini davam etdirən Səttar Möhbalıyev görüş zamanı verilən digər diqqətçəkici mesajın Ermənistanla münasibətlərdə normallaşma prosesinə dair olduğunu qeyd etdi: “Cənab Prezident İlham Əliyev bildirdi ki, əgər qarşı tərəf səmimi və real addımlar atarsa, bölgədə uzunmüddətli sülh mümkündür. Bu, həm regional əməkdaşlıq, həm də beynəlxalq siyasət baxımından mühüm çağırışdır. Eyni zamanda, bu səfər Azərbaycan dövlətinin “Böyük Qayıdış” proqramına verdiyi önəmi göstərdi. Cənab Prezidentin yerli sakinlərlə bir araya gəlməsi, onların qayğılarını birbaşa dinləməsi, dövlət-vətəndaş birliyinin möhkəmlənməsinə xidmət edir. Nəticə etibarilə, cənab Prezident İlham Əliyevin Xocavəndin Qırmızı Bazar qəsəbəsinə səfəri, post-müharibə dövrünün yeni mərhələsinə – sülh, quruculuq və reinteqrasiya mərhələsinə keçidin siyasi simvoludur. Bu səfər bir daha göstərdi ki, Azərbaycan öz torpaqlarında əmin-amanlıq, inkişaf və firavanlıq qurmaqda qərarlıdır və bu yolda heç bir maneə ölkənin iradəsini sarsıda bilməz” – deyə, millət vəkili fikirlərini tamamlayıb.



Избранный
34
2
aia.az

3Источники