RU

Bura doğma Qarabağ diyarıdır!

ain.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dövlət başçısının ardıcıl səfərləri işğaldan azad olunmuş ərazilərdə layihələrin sürətlə və yüksək keyfiyyətlə həyata keçirilməsinə güclü impuls verir

Vətən müharibəsində işğaldan azad olunmuş ərazilərin bərpası intensiv şəkildə davam etdirilir. Göz önündə otuz ili əhatə edən işğal dövründə tamamilə dağıdılmış, viran qoyulmuş ərazilərdə yeni, daha abad, daha gözəl Qarabağ formalaşır. Şanlı zəfərlərimizin əsas memarı olan Prezident İlham Əliyevin tez-tez bəhs olunan ərazilərə səfərlərə getməsi, bütün mərhələlərdə Özünün dəyərli tövsiyələrini verməsi  layihələrin sürətlə və yüksək keyfiyyətlə həyata keçirilməsinə güclü impuls verir.

Dövlətimizin başçısı bu günlərdə işğaldan azad olunmuş ərazilərdə növbəti dəfə səfərdə olub. Səfər çərçivəsində Prezident İlham Əliyev Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri, eləcə də Xocalı rayonunun Badara kəndində Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşüb, həmçinin bir sıra təməlqoyma, açılış və digər mühüm tədbirlərə qatılıb.

Füzuli rayonunda Qaraxanbəyli kəndinin təməli qoyulub

İşğaldan azad olunmuş ərazilərə növbəti səfəri çərçivəsində Prezident İlham Əliyev Füzuli rayonunun yeni salınacaq Qaraxanbəyli kəndinin təməlini qoyub.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına görüləcək işlər barədə məlumat verib.

Bildirilib ki, yeni salınacaq kəndə Ermənistanın işğalı zamanı dağıdılmış Qaraxanbəyli və Merdinli kəndlərinin sakinləri yerləşdiriləcək.

Layihə iki mərhələdə icra olunacaq. Gələn il yekunlaşdırılması nəzərdə tutulan birinci mərhələ 87 hektara yaxın ərazidə həyata keçiriləcək. Bu mərhələdə 404 ailənin, ümumilikdə 1861 nəfərin köçürülməsi nəzərdə tutulur. Ərazidə 81 ədəd iki, 202 ədəd üç, 101 ədəd dörd, 20 ədəd beşotaqlı olmaqla 404 fərdi ev inşa ediləcək. Kənddə sosial infrastrukturun, o cümlədən inzibati və xidmət binalarının, məktəbin, uşaq bağçasının, tibb məntəqəsinin inşası, 16 kilometrə yaxın daxili yolların, həmçinin elektrik, qaz, su və kanalizasiya xətlərinin çəkilməsi planlaşdırılır.

2027-2030-cu illəri əhatə edəcək ikinci mərhələ isə 230 hektara yaxın ərazidə icra olunacaq. Həmin dövr buraya 1075 ailənin, ümumilikdə 4093 nəfərin köçürülməsi nəzərdə tutulur. İki, üç, dörd və beşotaqlı olmaqla 771 fərdi ev və iki-üçmərtəbəli yaşayış binaları inşa ediləcək. İkinci mərhələ çərçivəsində də məktəbin və 2 uşaq bağçasının inşası planlaşdırılır. Əhalinin və evlərin sayı kəndin 20 illik perspektiv inkişafı nəzərə alınmaqla müəyyən edilib.

Hadrutda abadlıq-quruculuq layihələri davam etdirilir

Səfər çərçivəsində Prezident İlham Əliyev Xocavənd rayonunun Hadrut qəsəbəsində həyata keçirilən layihələrlə tanış olub.

2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı qəsəbə erməni işğalından azad ediləndən sonra burada genişmiqyaslı abadlıq-quruculuq layihələri icra olunub və hazırda da bu istiqamətdə işlər davam etdirilir.

“Hadrut” qovşaq yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi, yeni hərbi hissə, ümumi uzunluğu 12,5 kilometr olan Füzuli-Hadrut avtomobil yolu istifadəyə verilib, transformator məntəqəsi tikilib, mövcud elektrik xətləri bərpa olunub, 8 su anbarı təmir edilib, yeni su, kanalizasiya və qaz xətləri çəkilib, qəsəbədaxili yollarda təmir işləri aparılıb. Qəsəbədə zəruri sosial infrastruktur, o cümlədən hotel, ticarət və ictimai-iaşə obyektləri yaradılıb.

Hadrut qəsəbəsində ümumilikdə 541 ev var ki, onlardan da 462-si yararsız, 79-u isə qismən yararlıdır. Bu evlərdən 10-u artıq istismara hazırdır. Qismən yararlı evlərin hamısı ilin sonunadək bərpa ediləcək.

Hazırda 10 ailə, ümumilikdə 41 nəfər öz dədə-baba yurdu Hadruta qayıdıb.

Dövlətimizin başçısı qəsəbə sakini Zahid Mustafayevin evində olub, ailə üzvləri ilə söhbət edib.

Hadrutda yeni məsciddə eyni vaxtda 210 nəfərin ibadət etməsi mümkün olacaq

Torpaqlarımızın işğaldan azad edilməsindən sonra Azərbaycan dövlətinin və Heydər Əliyev Fondunun səyi ilə həmin ərazilərimizdə Ermənistan tərəfindən dağıdılmış dini-tarixi abidələrin əvvəlki görünüşünə uyğun bərpası, həmçinin yeni məscidlərin inşası istiqamətində ardıcıl işlər görülür. Xocavənd rayonunun Hadrut qəsəbəsində Prezident İlham Əliyevin iştirakı ilə burada yeni inşa olunmuş məscidin açılışı bunun əyani təsdiqidir.

Açılış tədirində  “PMD Projects” MMC-nin direktoru Nəriman Topçubaşev əvvəlcə dövlətimizin başçısına inşası davam edən Hadrut yaşayış məhəlləsi barədə məlumat verib.

Bildirilib ki, hazırda Hadrut qəsəbəsində “PMD GROUP” tərəfindən 28 ədəd ikimərtəbəli fərdi evin tikintisi aparılır. 3,6 hektar ərazini əhatə edən inşaat işləri sürətlə, eyni zamanda, yüksək keyfiyyətlə icra olunur.

Prezident İlham Əliyevə qəsəbədə inşa edilmiş məscid barədə də məlumat verilib.

Qeyd edək ki, bu məscidin təməlini dövlətimizin başçısı 2021-ci ilin oktyabrında qoyub.

Məscidin minarəsinin hündürlüyü 25 metrə yaxındır. Burada eyni vaxtda 210 nəfərin ibadət etməsi mümkün olacaq. Birinci mərtəbə kişilərin, ikinci mərtəbə isə qadınların ibadət etməsi üçün nəzərdə tutulub. Məscidin fasadında milli ornamentlərə uyğun xüsusi bəzək elementlərindən istifadə olunub.

Xocavənddə Sos kəndində 10 ev istismara hazırdır

Prezidenti İlham Əliyev Xocavənd rayonunun Sos kəndində olub. Qeyd edək ki, Sos kəndi 2023-cü ildə Silahlı Qüvvələrimizin həyata keçirdiyi antiterror əməliyyatı zamanı Azərbaycanın nəzarətinə keçib.

İndiyədək kənddə mövcud elektrik və qaz xətləri, subartezian quyuları bərpa olunub, 2 transformator quraşdırılıb, sayğaclaşdırma prosesinə başlanılıb, 3 su anbarı təmir edilib, təqribən 5 kilometr uzunluğunda təbii qaz xətti çəkilib.

Sos kəndində 259 mövcud fərdi evin 70-i yararsız, 189-u isə qismən yararlıdır. Hazırda 10 ev istismara hazırdır. İlin sonunadək daha 75 ev istismara hazır olacaq. 2026-cı ildə isə 104 evin bərpası nəzərdə tutulur.

İndiyədək 10 ailə (46 nəfər) kəndə qayıdıb.

Prezident İlham Əliyev kəndə köçmüş Hamlet Gülməmmədovun evində yaradılan şəraitlə tanış olub, ailə üzvləri ilə söhbət edib.

10 ailə Qırmızı Bazar qəsəbəsinə qayıdıb

Səfər çərçivəsində Prezident İlham Əliyev Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində olub.

Qarabağ bölgəsinin məşhur yaşayış məntəqələrindən olan, mühüm strateji və coğrafi mövqeyə malik Qırmızı Bazar qəsəbəsi 2023-cü ildə Silahlı Qüvvələrimizin antiterror əməliyyatı nəticəsində Azərbaycanın nəzarətinə keçib.

Bundan sonra qəsəbədə elektrik və qaz xətləri, həmçinin artezian quyusu bərpa olunub, sayğaclaşdırma prosesinə başlanılıb, 2 transformator quraşdırılıb, 3 su anbarı təmir edilib, 11 kilometrdən çox uzunluqda təbii qaz xətti çəkilib. Hazırda Qırmızı Bazar qəsəbəsində ictimai-məişət obyektləri, həmçinin istehsal emalatxanası fəaliyyət göstərir.

Qəsəbədə 300 fərdi ev mövcuddur ki, onlardan da 71-i yararsızdır, 229-u isə qismən yararlıdır. Artıq 10 ev istismara hazırdır. Ümumilikdə 2025-ci ilin sonunadək 217, 2026-cı ildə isə 12 fərdi ev bərpa olunacaq. Hazırda 10 ailə (39 nəfər) qəsəbəyə qayıdıb.

Dövlətimizin başçısı qəsəbəyə köçmüş İslam Dadaşovun evində olub, ailə üzvləri ilə söhbət edib.

Xocalının Şuşakənd kəndində sosial infrastrukturun qurulması istiqamətində bir sıra layihələr həyata keçirilib

Xocalı rayonunun Şuşakənd kəndi ilə tanışlıq zamanı Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov burada görülmüş işlər barədə dövlətimizin başçısına məlumat verib.

Qeyd edək ki, bu kənd də Silahlı Qüvvələrimizin iki il əvvəl həyata keçirdiyi antiterror əməliyyatı zamanı Azərbaycanın nəzarətinə keçib.

İndiyədək kəndin sosial infrastrukturunun qurulması istiqamətində bir sıra layihələr həyata keçirilib və bu istiqamətdə işlər davam etdirilir. Belə ki, mövcud elektrik xətləri, 3 su anbarı, subartezian quyusu bərpa olunub, transformator quraşdırılıb, sayğaclaşdırma işlərinə başlanılıb, qaz xətti çəkilib, mövcud içməli su şəbəkəsi təmir edilib. Bundan başqa, rabitə xətlərinin layihəsi təsdiqlənib və bu istiqamətdə hazırlıq işləri görülür. Kənddə bayraq meydanı salınıb, kənddaxili yollar asfaltlanıb.

Şuşakənddə ümumilikdə 263 fərdi ev var. Onlardan 91-i yararsız, 172-si isə qismən yararlıdır. Bu evlərdən artıq 15-i istismara hazırdır. Bu ilin sonunadək daha 85 ev bərpa ediləcək. 2026-cı ildə isə 72 evin bərpası planlaşdırılır. Hazırda kəndə 15 ailə (59 nəfər) qayıdıb.

Dövlətimizin başçısı kəndə köçmüş Zaur Rzayevin evində olub, ailə üzvləri ilə söhbət edib.

Qarabağ Universitetinin klinikasının binasının və yeni tədris korpusunun açılışında

Səfər çərçivəsində Prezident İlham Əliyev Xankəndi şəhərində Qarabağ Universitetinin Klinikasının binasının, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılışında iştirak edib.

Yeni tədris ilindən Qarabağ Universitetində Tibb və sağlamlıq elmləri fakültəsi fəaliyyətə başlayacaq. Fakültənin tədris korpusu müasir tələblərə cavab verən avadanlıqla təchiz edilib. Binada 10 dərs və 9 auditoriya otağı, 3 laboratoriya, iş və imtahan otaqları, istirahət zonaları, kitabxana, brifinq zalları yaradılıb. Burada, həmçinin mikrobiologiya, histologiya laboratoriyaları, hüceyrə yetişdirmə və digər inzibati otaqlar fəaliyyət göstərəcək. Fakültədə yerli və xarici ekspertlərin birgə hazırladığı, beynəlxalq təcrübələrə əsaslanan altıillik tibb və dördillik tibb bacısı proqramlarının tədrisi həyata keçiriləcək. Burada tətbiq olunacaq müasir təhsil modeli tələbələrin nəzəri biliklərini Qarabağ Universitetinin Klinikasında praktik vərdişlərə çevirməyə imkan yaradacaq. Tələbələrə tədqiqat aparmaq və liderlik keyfiyyətlərini inkişaf etdirmək üçün də hərtərəfli imkanlar veriləcək. Fakültənin fərqli xüsusiyyətlərindən biri isə seçmə fənn olaraq incəsənət proqramının tədris planına daxil edilməsidir. İncəsənət tələbələrin özünüifadə, qrup daxilində əməkdaşlıq və ünsiyyət bacarıqlarının inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.

Dövlətimizin başçısı Qarabağ Universitetinin Klinikasının binasında yaradılmış şəraitlə tanış olub. Klinika Prezident İlham Əliyevin bu ilin fevralında imzaladığı fərmana əsasən yaradılıb. Klinikanın binasında 23 həkim otağı, laboratoriyalar, rentgen, təcili yardım, maqnit rezonans tomoqrafiya (MRT), kompüter tomoqrafiyası (KT) və angio otaqları fəaliyyət göstərəcək. Qısa müddət ərzində ali təhsil ocağında tibb sahəsi üzrə müasir tədris infrastrukturu yaradılıb. Klinika Qarabağ Universitetində tibb ixtisası üzrə təhsil alan tələbələrin peşəkar kadr kimi hazırlanmasını təmin edəcək, bu sahədə elmi tədqiqatlar aparmağa, həmçinin regionda əhalinin sağlamlığının qorunmasında mühüm rol oynayacaq. Burada, eyni zamanda, tədris, tədqiqat və tibbi xidmət fəaliyyəti həyata keçiriləcək.

Qarabağ Universitetində Klinikanın yaradılması, həmçinin Tibb və sağlamlıq elmləri fakültəsinin fəaliyyətə başlaması yeni dövrün çağırışlarına uyğun peşəkar tibb mütəxəssislərinin hazırlanması istiqamətində atılmış mühüm addımlardan biridir. Digər tərəfdən, klinikada həyata keçiriləcək elmi tədqiqatlar Qarabağ Universitetinin akademik nüfuzunun və beynəlxalq reytinqinin artmasına, eləcə də ölkəmizdə tibb elminin inkişafına öz töhfəsini verəcək. Bütün bunlar, eyni zamanda, xarici tələbələrin də bu ali təhsil ocağına marağını artıracaq.

Xocalının Seyidbəyli kəndində 10 ev bərpa edilib

Ölkə Prezidentinin baş çəkdiyi yaşayış məntəqələrindən biri də Xocalı rayonunun Seyidbəyli kəndi olub.

Dövlətimizin başçısına kənddə görülmüş işlər barədə məlumat verilib.

Qeyd edək ki, Seyidbəyli kəndi 2023-cü ilin sentyabrında Silahlı Qüvvələrimizin həyata keçirdiyi antiterror əməliyyatı zamanı Azərbaycanın nəzarətinə keçib.

Bundan sonra kəndin sosial infrastrukturunun qurulmasına başlanılıb. Belə ki, 30 kilometr uzunluğunda mövcud elektrik xətti bərpa olunub, 2 ədəd transformator quraşdırılaraq, sayğaclaşdırma işlərinə start verilib. Magistral qaz xətləri çəkilib, 5,7 kilometr uzunluğunda mövcud qaz xətti, həmçinin su anbarı, subartezian quyusu bərpa edilib, içməli su şəbəkəsi yenidən qurulub. Kənddə bayraq meydanı salınıb, kənddaxili yollar asfaltlanıb.

Seyidbəyli kəndində 140 ev var ki, onlardan da 22-si yararsız, 118-i isə qismən yararlıdır. Artıq 10 ev bərpa edilib. Bu ilin sonunadək 44, 2026-cı ildə isə daha 64 ev istismara hazır olacaq. İndiyədək kəndə 9 ailə (31 nəfər) köçüb.

Dövlətimizin başçısı kəndə köçən Rasim Ələkbərovun evində olub, ailə üzvləri ilə söhbət edib.

Xocalının Daşbulaq kəndində 13 hektar sahədə tut bağı salınıb

Prezident İlham Əliyev sentyabrın 15-də Xocalı rayonunun Daşbulaq kəndində 13 hektar sahədə salınmış tut bağında olub.

Bildirilib ki, burada Çin Xalq Respublikasından idxal olunmuş 130 min ting əkilib. Tut bağında damcılı suvarma sistemi yaradılıb.

Qeyd olunub ki, 2026-cı ildə 100 ton, 2030-cu ildə isə 500 ton tut yarpağının istehsalı planlaşdırılır. Proqnozlaşdırılan barama istehsalı gələn ildən başlayaraq 5 il ərzində 60 tondur. Bu ilin oktyabr-noyabr aylarında əlavə 150 hektar sahədə damcılı suvarma sisteminin tətbiqi və təxminən 1,5 milyon tut tinginin əkilməsi, klaster modeli əsasında tut bağının salınması, ətrafda kümxanaların qurulması, ipəkqurdunun bəslənməsi, yaş barama istehsalı, həmçinin məhsulun emal prosesinin həyata keçirilməsi nəzərdə tutulur. Burada 25 nəfər daimi işlə təmin olunub. Mövsümi işlərə isə 750 nəfər cəlb ediləcək.

İndiyədək Xocalının Daşbulaq kəndinə 14 ailə (72 nəfər) köçüb

Dövlətimizin başçısı dünən Xocalı rayonunun Daşbulaq kəndinə gələrək burada görülmüş işlərlə tanış olub.

Qeyd edək ki, bu kənd də Azərbaycan Silahlı Qüvvələrinin 2023-cü ilin sentyabrında həyata keçirdikləri antiterror əməliyyatı zamanı Azərbaycanın nəzarətinə keçib. Bundan sonra kəndin sosial infrastrukturunun qurulması işləri icra olunub.

Uzunluğu 20 kilometr olan mövcud elektrik, həmçinin qaz xətləri, su anbarı və subartezian quyusu bərpa olunub, transformator quraşdırılıb, sayğaclaşdırma işlərinə başlanılıb. Eyni zamanda, 8 kilometrə yaxın qaz xətti çəkilib, içməli su şəbəkəsi yenidən qurulub, rabitə xətlərinin layihəsi təsdiqlənib və artıq tikinti işlərinə hazırlıq gedir.

Kənddə sosial və məişət obyektləri istifadəyə verilib, park, bayraq meydanı salınıb, kənddaxili yollara asfalt vurulub.

Bildirilib ki, Daşbulaqda 195 ev var. Onlardan 39-u yararsız, 156-sı isə qismən yararlıdır. Artıq 15 ev bərpa edilib. Bu ilin sonunadək 58, gələn il isə 83 ev istismara hazır olacaq. İndiyədək kəndə 14 ailə (72 nəfər) köçüb.

Dövlətimizin başçısı kəndə köçən Məzahir Novruzovun evində olub, ailə üzvləri ilə söhbət edib.

Xocalının Badara kəndində bir sıra yeni layihələr icra olunub

Prezident İlham Əliyev sentyabrın 15-də Xocalı rayonunun Badara kəndində olub.

Silahlı Qüvvələrimizin 2023-cü ilin sentyabrında həyata keçirdikləri antiterror əməliyyatı zamanı Azərbaycanın nəzarətinə keçən kəndlərdən biri də Badaradır.

Qeyd edək ki, o vaxtdan indiyədək kənddə sosialyönümlü bir sıra layihələr icra olunub. Belə ki, mövcud elektrik və qaz xətləri bərpa olunub, transformator quraşdırılıb, sayğaclaşdırma işləri görülüb, yeni qaz xətti çəkilib, rabitə xətləri üçün dirəklər basdırılıb, kabelin çəkilişi davam etdirilir. Badarada park və bayraq meydanı yaradılıb, yollara asfalt döşənib.

Kəndin ərazisində ümumilikdə 313 fərdi ev var ki, onlardan da 55-i yararsız, 258-i isə qismən yararlıdır. Artıq 15 fərdi ev bərpa olunub. Cari ilin sonunadək 115, gələn il isə 128 evin bərpası planlaşdırılır. Artıq 14 ailə (55 nəfər) kəndə köçüb.

Dövlətimizin başçısı kəndə köçmüş Barat Novruzovun evinə baş çəkib, ailə üzvləri ilə söhbət edib.

Mübariz ABDULLAYEV

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
4
2
yeniazerbaycan.com

3Источники