“2026-ci ilin büdcəsi iqtisadi və sosial islahatların dərinləşməsini hədəfləyir”.
Bunu News365.az-a açıqlamasında Millət vəkili Vüqar Bayramov deyib.
O bildirib ki, 2025-ci ilin dövlət büdcəsi layihəsi növbəti ilin iqtisadi və sosial prioritetlərinə uyğun formalaşdırılıb.
Onun sözlərinə görə, əsas istiqamətlər iqtisadiyyatın dəstəklənməsi, sosial müdafiə tədbirlərinin gücləndirilməsi və dövlətin təsir imkanlarının genişləndirilməsidir.
Deputat qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası, məskunlaşdırılması və inkişafı gələn ilin də prioritetləri sırasındadır:
“İndiyədək işğaldan azad olunmuş ərazilərin bərpasına və yenidən qurulmasına 22 milyard manatdan çox vəsait ayrılıb. Təkcə 2025-ci ildə bu istiqamətə 4 milyard manat nəzərdə tutulub. Bu, bölgədə sürətli məskunlaşma, infrastrukturun inkişafı və iqtisadi fəaliyyətin genişlənməsi deməkdir”.
Bayramovun sözlərinə görə, 2025-ci ilin dövlət büdcəsi həm mövcud strategiyaların icrasına, həm də yeni çağırışlara cavab verəcək şəkildə hazırlanıb.