RU

Kreml üçün strateji itki: Vaşinqton formatı Rusiyanın vasitəçi rolunu kölgədə qoyur

Rusiya ilə Qərb arasında artan qarşıdurma Cənubi Qafqaz regionunu da diqqət mərkəzinə gətirib. Moskva üçün bu bölgə həm strateji təhlükəsizlik zonası, həm də geosiyasi nüfuz meydanıdır. Azərbaycanın Qərblə əməkdaşlığını genişləndirməsi, enerji və nəqliyyat layihələri ilə regionda yeni güc mərkəzinin formalaşması isə Kreml üçün ciddi çağırış hesab olunur. Bu şəraitdə Moskva Bakı ilə münasibətlərdə ziddiyyətli siyasət yürüdür: bir tərəfdən dostluq jestləri nümayiş etdirir, digər tərəfdən isə psixoloji və siyasi təzyiq rıçaqlarını işə salır.

Siyasi analitik Tural İsmayılov Editor.az-a bildirib ki, Rusiya ilə Qərb arasında geosiyasi gərginlik dərinləşdikcə Moskva Cənubi Qafqazdakı mövqelərini qorumaq üçün daha sərt və çevik addımlar ata bilər:

“Polşa üzərində baş verən PUA insidenti Kremlin güc nümayişi sayılsa da, əslində bu, müxtəlif regionlarda təsirini saxlamaq məqsədi daşıyan psixoloji təzyiq vasitəsidir. Azərbaycanın Qərblə əməkdaşlığının artması Moskvanın strateji narahatlığını gücləndirir və nəticədə yeni təzyiq formaları meydana çıxır.

Son aylarda Moskva–Bakı münasibətlərində müşahidə olunan soyuqluq tərəflərin əlaqələrinin yeni mərhələyə keçdiyini göstərir. Rusiya rəsmi münasibətlərdə diplomatik jestlərə üstünlük versə də, bunlar real siyasi iradə ilə müşayiət olunmadıqca effektli olmur. Azərbaycanın balanslı xarici siyasəti Kreml üçün həm anlaşılmaz, həm də narahatedici görünür. Vaşinqtonla qurulan yeni formatlar isə Rusiyanın vasitəçi rolunu kölgədə qoyur və bu, Kreml üçün strateji itki hesab edilir”.

Politoloqun sözlərinə görə, Rusiya Ermənistan üzərindəki təsirini itirdikcə Azərbaycana təzyiq mexanizmlərini gücləndirməyə cəhd edə bilər:

“Lakin Bakı bu təzyiqlərə diplomatik çeviklik və iqtisadi dayanıqlılıqla cavab verir. Azərbaycanın enerji və nəqliyyat layihələri — xüsusilə Zəngəzur dəhlizi və Şimal–Cənub marşrutu — regionun geosiyasi xəritəsini yenidən formalaşdırır və Moskva üçün də müəyyən imkanlar yaradır.

Kreml rəsmi olaraq Cənubi Qafqazda sabitlik istədiyini bəyan etsə də, bu sabitliyi öz maraqları çərçivəsində şərtləndirməyə çalışır. Azərbaycan isə sabitliyi regional əməkdaşlıq və qarşılıqlı hörmət prinsipləri üzərində qurmağa üstünlük verir. Bakı Moskva ilə münasibətlərdə nə təslimçi, nə də təxribatçı xətt tutur. Bu, strateji müdriklik nümunəsi olaraq ölkənin milli maraqlarını, suverenliyini və regional liderlik iddiasını qorumağa imkan verir”.

//Gülnarə Abasova, Editor.az

Избранный
11
editor.az

1Источники