RU

Məhkəmə icraçısı dələduzluqda ittiham olunur

“Məndən 500 manat alan Nicat Bəhmənov dedi ki, get arxayın ol, hər şeyi qaydasına salacağam, amma…”

Cəlilabad rayonu, Göytəpə şəhəri, Həsənabad Küçəsi, ev 50 ünvanında yaşayan Rzayev Qurban Əliguşat oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Ədliyyə naziri Fərid Əhmədova müraciət edir:

“Cənab Prezident!

Hörmətli Mehriban xanım!

Hörmətli Fərid Əhmədov!

Yazıb diqqətinizə çatdırıram ki, Cəlilabad rayon məhkəmə icraçısı Bəhmənov Nicat Baloğlan oğlu övladım Rzayev Əbülfətin aliment ödənişi ilə bağlı bizi məhkəməyə çağırtdırdı. Mən özüm qonşuluqda yaşayan Bədəlov Allahbağış Qəzənfər oğlunun maşınına əyləşib, Nicatın yanına getdik. O, bizimlə söhbət zamanı narahatlığımızı, maddi durumumuzun aşağı olmasını öyrənəndən sonra təklif etdi ki, “əvvəldən 500 manat versəniz, mən bunu qaydasına salıb, sizə kömək edə bilərəm”. İcraçı 3 uşağın hər birinə 133 manat aliment (ümumilikdə 399 manat) kəsilsə də, ayda 266 manatadək azalda biləcəyini dedi. Mən öz övladlarıma (aliment verəcəyim nəvələrimə) ödəyəcəyim məbləğin belə azaldılması narahatlığı ilə vicdan əzabı çəksəm də, imkansızlığdan Nicatın təklifinə razılaşdım. 4 baş xırda buynuzlu heyvanımı satıb, 500 manat düzəltdim.

05.05.2025-ci il tarixdə Nicat Bəhmənov bizə zəng edib, yanına çağırdı. Mən yenə qonşuluqda yaşayan Bədəlov Allahbağışın maşnına əyləşib, Nicatın yanına - Məhkəmə icraatına getdim. Məndən 500 manat pulu alan Nicat dedi ki, “get arxayın ol, hər şeyi qaydasına salacağam”.

Həmin günün sabahısı, yəni 06.05.2025-ci il tarixdə zəng edib bildirdi ki,  “özün gəlmə, uşağın Rzayev Əbülfət Qurban oğlunu bura göndər”.  Mən oğlum Əbülfətlə Nicatın yanına getdik. Orada oğluma 10 sutka həbs cəzası verdilər. İcra məmuru Nicat Bəhmənov elə davranırdı ki, sanki məni tanımır.

İcra məmuru 3 uşağın haqqını yeməklə yanaşı, mənim kimi pensiyaçı, imkansız bir adamı da aldatdı. Amma təəssüf ki, bu məmur haqqında heç bir tədbir görülmür.

Odur ki, sizdən bir qoca ata, olduğca imkansız təbəqənin nümayəndəsi kimi xahiş edirəm, Nicat Bəhmənov haqqında qanuna müvafiq ciddi tədbir görülməsinə və məni aldadaraq mənimsədiyi 500 manat pulu geri qaytarmasına göstəriş verəsiniz.

Göydə Allaha, yerdədə Sizə ümidimi bağlayıb, haqqımın itməyəcəyinə inanıram”.

Jalə FAMİLQIZI

P.S. Təəssüf ki, yenə də sözün bitdiyi yerdəyik. Çünki Ədliyyə Nazirliyi heç bir şikayəti qəbul etmir.

Избранный
31
hurriyyet.az

1Источники