RU

Antiterror əməliyyatları zamanı azad olunan ərazilərə də yeni həyat qayıdıb

Prezident İlham Əliyevin Xocavənd və Xocalıya səfəri zamanı növbəti yeni yaşayış məntəqələrinin yüksək standartlara uyğun şəkildə inşa olunduğunun, sosial infrastrukturun qurulduğunun, burada məskunlaşan əhalinin firavan yaşayışı üçün hər cür şərait yaradıldığının şahidi olduq.

23 saatlıq antiterror əməliyyatlarının 2-ci ildönümü ərəfəsində məhz həmin əməliyyatlar zamanı azad olunan ərazilərdə sakinlərlə görüşən Cənab Prezident bir daha vacib mesajlar verdi. Bəyan etdi ki, 2 il əvvəl həyata keçirilən əməliyyatlar zəruri idi. Çünki Ermənistan dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymurdu. Azərbaycan üçün isə əsas missiya suverenliyin tam bərpası idi və xalqımızın iradəsi, gücü, Vətən torpağına olan bağlılığı, Azərbaycan əsgərinin şücaəti, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə alması bu müqəddəs missiyanın öhdəsindən layiqincə gəlməyə imkan verdi. Bu gün Azərbaycanın azad olunmuş ərazilərdə həyata keçirdiyi yüksək səviyyəli bərpa-quruculuq işləri dövlətimizin iradəsini və niyyətini göstərir. İşğaldan azad edilmiş ərazilərə böyük qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunub. 2022-2026-cı illəri əhatə edən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın hazırlanmasında strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınıb. Bunun praktik nəticələrini ölkə başçısının Qarabağ və Şərqi Zəngəzura səfərləri zamanı görmək mümkündür. Belə ki, bütün yaşayış məntəqələri ən mütərəqqi təcrübə əsasında inşa olunur. Hazırda “Böyük Qayıdış” proqramının icrası plan üzrə davam edir.

Qarabağ və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə müvafiq layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, müxtəlif müəssisələrdə işləyən, ümumilikdə, 50 minə yaxın insan yaşayır. Azad olunmuş ərazilərdə həmçinin təhlükəsizlik tədbirləri də davam etdirilir. Bura qayıdan vətəndaşların təhlükəsizliyinin təminatı başlıca vəzifələrdən biridir. Bu xüsusda ərazilərin minalardan təmizlənməsi prosesi davam edir. Yəni, keçmiş məcburi köçkünlərin firavan və təhlükəsiz qayıdışı hərtərəfli təmin edilir. Qırmızı Bazar, Sos, Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinlərinin yeni mənzərəsi də onu deməyə əsas verir ki, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri regionun simasını tamamilə dəyişib.

 Könül NURULLAYEVA,

Milli Məclisin deputatı

Избранный
14
azerbaijan-news.az

1Источники