RU

Üzeyir Hacıbəylinin 140 illiyinə yeni töhfə

Bakı, 16 sentyabr, AZƏRTAC

Tanınmış şair, “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustacın Üzeyir bəy Hacıbəylinin 140 illiyi münasibətilə “Üzeyir Hacıbəyov -140” adlı yeni kitab işıq üzü görüb.

AZƏRTAC xəbər verir ki, kitab nəfis tərtibatla dahi bəstəkarın yubiley tədbirləri çərçivəsində nəşr olunaraq geniş oxucu kütləsinə təqdim edilib.

“Yazarlar” jurnalının həyata keçirdiyi “Üzeyir Hacıbəyov -140” layihəsinin uğurlu nəticəsi kimi ərsəyə gələn kitabın məsləhətçisi tanınmış şair Dayandur Sevgin, redaktoru Hacıxanım Aida, naşiri isə Tuncay Şəhrilidir.

Birincisi “Giriş”, sonuncusu “Yekun” olmaqla 10 fəsildən ibarət olan kitabda Zaur Ustacın böyük ədib Üzeyir bəy Hacıbəylinin məqalələri, miniatürləri, səhnəcikləri, satirik hekayələri, komediyaları, felyetonları, resenziyaları, açıq məktubları haqqında yazdığı şərh və təbliğat xarakterli monoqrafik məqalələri toplanmışdır. Xatirə-monoqrafiya şəklində tərtib olunmuş kitabda toplanmış məqalələr dahi Üzeyir bəyin yaradıcılıq prinsiplərini, estetik görüşlərini, bədii dillə ifadə etdiyi aksioloji dəyərlər sistemini təbliğ və təhlil etmək nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb edir.

Kitab ölkənin əsas kitabxanalarının kitab fondlarına hədiyyə olunmaqla yanaşı, müxtəlif sabit internet platformalar üzərindən elektron kitab formatında da pulsuz olaraq yayımlanır.

Избранный
7
1
azertag.az

2Источники