Rusiyanın Prezident Administrasiyasının nəzdində fəaliyyət göstərən Xarici Ölkələrlə Regionlararası və Mədəni Əlaqələr İdarəsinin fəaliyyəti ifşa edilib.
Bu barədə “The İnsider” nəşrində məqalə dərc olunub.
Sözügedən məqalədə, həmin idarənin keçmiş sovet respublikalarındakı fəaliyyətindən, Rusiyanın “yumşaq güc” üçün ayırdığı milyonlarla vəsaitdən söz açılıb.
Xarici Ölkələrlə Regionlararası və Mədəni Əlaqələr İdarəsinin qaranlıq fəaliyyəti
“The İnsider”in məlumatına görə, Rusiyanın Xarici Ölkələrlə Regionlararası və Mədəni Əlaqələr İdarəsi 2005-ci ildə, Ukraynadakı “narıncı inqilab”dan bir il sonra yaradılıb. Ukraynadakı hadisələrdən çox narahat olan Putin Rusiya Prezident Administrasiyasında qonşu ölkələrdə Kreml yönümlü siyasi qüvvələrə kömək edə biləcək bölmənin yaradılmasını əmr edib.
Sözügedən idarənin fəaliyyəti isə Ukrayna ilə yanaşı, Ermənistan, Azərbaycan, Gürcüstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Moldova, Qazaxıstan, Baltikyanı ölkələri əhatə edib.
Rusiyanın Xarici Ölkələrlə Regionlararası və Mədəni Əlaqələr İdarəsinin Azərbaycanla bağlı fəaliyyətinə məqalədə xüsusi yer verilib. Hətta adı açıqlanmayan azərbaycanlı rəsmilərin sözügedən idarənin direktoru Dmitri Kozaka məxfi hesabat təqdim etdiyi də üzə çıxıb. Həmin hesabatda bildirilib ki, Azərbaycanda Rusiyanın mövqeyini təbliğ edən həqiqi ictimai təşkilatlar olmadığından Rusiya QHT-lərinin Azərbaycanda mövcudluğunu gücləndirmək məqsədəuyğundur. Üstəlik hesabatda Rusiya PA emissarlarının Azərbaycanda tez-tez konfranslar təşkil etdiyi də öz əksini tapıb.
İdarənin keçmiş əməkdaşlarının “The Insider”ə verdiyi məlumata görə, Rusiya tərəfindən Azərbaycanla əlaqələrin inkişaf etdirilməsi üçün 100 milyon dollardan çox pul xərclənib. Guya sözügedən vəsaitlərin hamısı havaya sovrulub və Azərbaycanda Rusiya təbliğatı ilə bağlı real iş görülməyib.
Əslində isə...
Bizim.Media-nın araşdırmasına görə sözügedən vəsaitlər heç də havaya sovrulmayıb və Rusiya təbliğatı üçün həmin pullarla Azərbaycanda xeyli işlər görülüb. Bu işlərin kuratoru isə PA-nın keçmiş şöbə müdiri Əli Həsənov olub. O, isə Rusiyanın “yumşaq güc” aləti kimi üzərinə düşən öhdəlikləri canla-başla yerinə yetirib.
Rusiya təsir şəbəkəsinin vəzifəli üzvləri
Bir müddət əvvəl Rusiya təsir şəbəkəsinin Azərbaycanda yüksək vəzifələr tutmuş üzvlərlərinin adları ifşa oldu.
“Day.az” informasiya portalında dərc olunan məqalədə qeyd olunub ki, 2020-ci ildə Vətən müharibəsi ərəfəsində Rusiyanın ölkədəki təsir dairəsinə qarşı ciddi zərbələr endirildi.
Belə ki, Eldar Mahmudov, Əbülfəs Qarayev, Ramiz Mehdiyev, Nəcməddin Sadıqov, Əli Həsənov, Oktay Əsədov kimi vəzifəlilər öz kreslolarını itirdilər. Son olaraq isə Azər Qasımov vəzifəsindən azad edildi. Üstəlik, bir vaxtlar deputat olub, sonradan yoxa çıxan Elşad Mirbəşir də FSB ilə əlaqələri üzə çıxdıqdan sonra ictimai arenadan və Sosial Tədqiqatlar Mərkəzindən uzaqlaşdırıldı.
“Sputnik”in Azərbaycandakı fəaliyyətinə necə şərait yaradıldı?
Məlum olduğu kimi, Əli Həsənovun birbaşa göstərişi və təşkilatçılığı ilə Azərbaycan mətbuatında Rusiya yönümlü addımlar atıldı. Daha doğrusu, Rusiya televiziyalarına və informasiya agentliklərinə Azərbaycanda fəaliyyətlərini inkişaf etdirmək üçün hüdudsuz imkanlar yaradıldı.
Məsələn, “Sputnik Azərbaycan”ı ölkəmizə Ramiz Mehdiyev-Əli Həsənov cütlüyü gətirib. Belə ki, 2006-cı ildə Bakıda “Ria Novosti” agentliyinin nümayəndələri ilə görüşdən sonra “RİA Novosti”nin Bakı filialı yaradılır, Azərbaycan xəbərləri Beynəlxalq İnformasiya Agentliyi və Beynəlxalq Mətbuat Mərkəzi açılır. 2015-ci ildə isə Azərbaycan Xəbərləri Agentliyi əvəzinə “Sputnik Azərbaycan” və onun radio redaksiyası fəaliyyətə başlayır.
Hətta “Mir” telekampaniyası, “Sputnik Azərbaycan” və digər media qurumlarına Azərbaycanın dövlət büdcəsindən də vəsaitlər ayrıldı. Bundan əlavə, Əli Həsənov ailəsinə məxsus binada "Sputnik"ə ofis vermişdi və bununlada əlavə gəlir qazanmağıda yaddan cıxarmamışdı.
Üstəlik, 44 günlük Vətən müharibəsində “Sputnik Azərbaycan”ın tutduğu ermənipərəst mövqe də hər birimizə yaxşı məlumdur.
Bütün bunların nəticəsində Azərbaycan oxucusuna və tamaşaçısına Kremldən gələn tezislərin çatdırılması üçün geniş imkanlar yaradıldı. Burada xüsusilə diqqətçəkən məqam isə Əli Həsənov tərəfindən təkcə Moskvadan alınan vəsaitlərin deyil, həm də Azərbaycan dövlət büdcəsindən ayrılan pulların ölkəmizdə Rusiyanın təbliğatı üçün sərf olunmasıdır. Yəni, Əli Həsənov nəinki Rusiyadan aldığı milyonları “havaya sovurmayıb”, üstəlik Azərbaycan büdcəsindəki vəsaitləri də Moskvanın əmrlərini icra etməyə sərf edib.
“Rus evi”nin kəşfiyyatçılıq fəaliyyəti
Doğrudur, “Rus evi” Azərbaycanda 1997-ci ildə yaradılıb. Lakin təşkilatın çiçəklənmə dövrü məhz Əli Həsənovun vəzifədə olduğu dönəmə təsadüf edir. Hansı ki, rəsmi adı “Rossotrudniçestvo” olan “Rus evləri” bütün dünyada kəşfiyyatçılıq yuvası kimi ad qazanıb. Bunun nəticəsidir ki, Sloveniya, Xorvatiya, Makedoniya, Monteneqro və Rumıniyada “Rus evləri” bağlanıb. Üstəlik, Almaniya, Cənubi Kipr və Danimarkada Rus Evinin casusluq fəaliyyəti ifşa olunub.
“Rus evi”nin fəaliyyəti ilə bağlı ən xoşagəlməz məqam isə onun fəaliyyətində ermənilərə qarşı xüsusi simpatiyanın daim özünü büruzə vernəsidir. Belə ki, 11 noyabr 2021-ci il tarixində Rossotrudniçestvonun Moskva ofisində “Donbas uşaqları – Qarabağ uşaqlarına” adlı sərgi keçirilib. Hətta tədbirin “press-reliz”ində qondarma rejimə açıq dəstək ifadə olunub.
2022-ci il martın 1-də isə Ermənistan Milli Elmlər Akademiyasında İrəvandakı Rus Evi tərəfindən hazırlanmış və Rusiya-Fars və Rusiya-Türkiyə müharibələrinin tarixi irs abidələrini qeyd edən multimedia interaktiv xəritənin təqdimatı keçirilib. İrəvan qalası ilə bağlı bölmədə onun “fars qoşunlarından” azad edildiyi qeyd edilib və qondarma “Şərqi Ermənistan” terminindən tez-tez istifadə olunub.
Yəni, vaxtilə adı çəkilən cütlük erməni separatçılığının təbliğatı ilə məşğul olan, kəşfiyyatçı “Rus evi”nin fəaliyyətinə dəstək göstərməklə təkcə Rusiyanın deyil, erməni separatçılarının da maraqlarına xidmət edib.
“Yumşaq güc” aləti rolunda
Bütün sadalanan faktlar göstərir ki, Rusiya Prezident Administrasiyasının nəzdində fəaliyyət göstərən Xarici Ölkələrlə Regionlararası və Mədəni Əlaqələr İdarəsi Azərbaycanda da uzun illər ərzində “yumşaq güc” siyasətini həyata keçirib.
Beləliklə, Rusiya tərəfindən ayrılan milyonlarla vəsaitin “havaya sovrulması” barədə “The İnsider”in iddiaları həqiqəti əks etdirmir. Əksinə, bu vəsaitlər Əli Həsənovun vasitəsilə Azərbaycanda Kreml təbliğatının yayılması, təsir şəbəkələrinin qurulması və rus dilinin strateji şəkildə gücləndirilməsi üçün səmərəli şəkildə istifadə olunub.
Xoşbəxtlikdən, bu təsirin qarşısı artıq böyük ölçüdə alınıb. Belə ki, Rusiya təsir şəbəkəsinin əsas üzvləri vəzifədən uzaqlaşdırılıb. Üstəlik, “Sputnik” və “Rus Evi”nin fəaliyyətinə son qoyulması nəticəsində Rusiyanın ölkəmizdəki “yumşaq güc” alətləri böyük ölçüdə aradan qaldırılıb. (Bizim.Media)