RU

''Beşiktaş'': bir portuqaliyalı getdi, başqası gəldi

''Beşiktaş''la bağlı transfer xəbərləri var. İstanbul nəhəngi transfer dönəminin son günlərini də fəal keçirdi. ''Qartal'' iki yeni isimlə anlaşdısa, Sərgən Yalçının planlarına daxil olmayan bir futbolçu ilə yollar ayrıldı. Bu futbolçu Joao Mariodu. Təcrübəli portuqaliyalı futbolçu bu mövsümü icarə əsasında Yunanıstan nəhəngi AEK-də keçirəcək. Yunanlar birillik icarə haqqı kimi ''ağ-qaralar''a 2 milyon avro ödəyəcək. ''Beşiktaş'' bununla da həm legioner limitində yer açmış, həm də maddi cəhətdən irəli düşmüş oldu. ''Beşiktaş''la hələ ikiillik müqaviləsi olan 32 yaşlı Mario istanbulluların heyətində 39 rəsmi oyuna çıxaraq 7 qol, 4 məhsuldar ötürməlik performans sərgiləyib. Qeyd edək ki, Türkiyədə yay “transfer pəncərəsi” dünən bağlandı, Yunanıstanda isə bu gün bağlanacaq.
Maraqlıdı ki, ''Beşiktaş'' bir portuqaliyalı futbolçu ilə vidalaşıbsa, əvəzində başqa portuqaliyalını transfer edib. Söhbət Jota Silvadan gedir.''Nottingem Forest''in üzvü olan 26 yaşlı vinger dünən səhər saatlarında İstanbula gəlib. Bu transfer icarə əsasında baş tutub. ''Beşiktaş'' İngiltərə klubuna 3 milyon avro ödəyəcək. Bundan başqa, müqavilədə şərtə bağlı məcburi transfer maddəsi də mövcuddu. Bu maddə qüvvəyə minəcəyi təqdirdə ''qartal'' gələn yay 17 milyon avro ödəyərək Jota Silvanı daimi əsasda transfer etməli olacaq. ''Pakuş Ferreyra''nın yetirməsi olan Silva karyerasının ilk illərini elə vətənində keçirib. ''Eşpinyo'', ''Leykşoes'', ''Kasa Piya'' və ''Gimaraynş''da forma geyəndən sonra ötən yay 7 milyon avroya transfer olunduğu ''Nottingem Forest'lə dördillik müqavilə imzaladı. Amma İngiltərə futboluna uyğunlaşmaqda çətinlik çəkdi. ''Beşiktaş''ın digər yeni transferi isə Gökhan Sazdağıdı. ''Kayserispor''dan 1,5 milyon avroya transfer edilən sağ cinah müdafiəçisi ilə ''2+1'' illik müqavilə imzalanıb. Bu futbolçu yeni klubunda ''25'' nömrəli forma ilə çıxış edəcək. ''Fənərbaxça''nın yetirməsi olan 30 yaşlı Gökhan daha öncə ''Manisaspor'', ''Qaziantep'', ''Fatih Karagümrük'', ''Hatayspor'', ''Adanaspor'', ''Boluspor''da forma geyib. 2021-dən şərəfini qoruduğu ''Kayserispor''da 133 rəsmi oyuna çıxaraq aktivinə 6 qol, 17 məhsuldar ötürmə yazıb.

Избранный
18
1
football-plus.az

2Источники