İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri Ruslan Atakişiyev QHT.az-a açıqlamasında bildirib ki, Azərbaycanın qeyri-neft sektoru idxaldan daha çox asılı olduğu üçün xaricdən gətirilən məhsulların qiymət artımı ölkə daxilində inflyasiyanı yüksəldir.
Onun sözlərinə görə, Qarabağda infrastruktur və bərpa işlərinə, eləcə də hərbi xərclərə ayrılan vəsaitlərin artması, süni qiymət artımı və inhisarçı amillər də inflyasiyaya təsir göstərir.
"Süni qiymət artımı və iqtisadiyyatda inhisarçı amillərin mövcudluğu da qiymətlərin yüksəlməsinə səbəb olur. Manatın məzənnəsinin sabit saxlanması ilə bağlı siyasət isə bəzən real məzənnəyə və beynəlxalq ticarətə təsir edir. Bütün bunları nəzərə aldıqda, Azərbaycanda inflyasiyaya təsir edən amillər hələ də böyükdür. Lakin inflyasiyaya qarşı mübarizə məqsədilə Nazirlər Kabineti tərəfindən müxtəlif qərarlar və tədbirlər planı mövcuddur. Bu tədbirlər izlənildikdə, qismən də olsa, inflyasiyanın qarşısını almaq mümkündür".
Pərvanə Fərhadqızı