RU

Azərbaycanda üzüm sahələri üzrə 168 min manat sığorta ödənişiedilib

BAKI, 16 sentyabr. TELEQRAF

Aqrar Sığorta Fondu üzüm bağları üzrə 168 min manat sığorta ödənişi edib.

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi çərçivəsində üzüm bağlarına dəymiş zərərlərin ödənilməsi davam edir. Aqrar Sığorta Fondu tərəfindən indiyədək sığortalanmış üzüm sahələrinə dəyən zərərlər üzrə fermer və təsərrüfat sahiblərinə ümumilikdə 168 min 182 manat sığorta ödənişi verilib.

Sözügedən ödənişlər əsasən Şamaxı, İsmayıllı, Beyləqan, Tovuz və Qax rayonlarının fermerlərini əhatə edib. Ən böyük sığorta ödənişi Şamaxı rayonunda həyata keçirilib – 154 min 420 manat.

Hazırda Aqrar Sığorta Fondu vasitəsilə 41 bitki növü üzrə məhsul və əkin sahələri sığortalanır. Onlardan biri də üzüm sahələridir. Üzüm bağları təbiət hadisələri – dolu, dolu nəticəsində keyfiyyət itkisi, fırtına, qasırğa, sel, subasma, leysan yağışları, vəhşi heyvan və quşların hücumu, həmçinin üçüncü şəxslərin hərəkətləri kimi risklərdən sığortalanır.

Qeyd olunur ki, üzüm leysan riskinə qarşı sığorta olunan üç məhsuldan biridir. Digər iki məhsul pambıq və gilasdır. Ən böyük zərərin isə üzüm sahələrinə dolu hadisələri nəticəsində dəydiyi bildirilib.

Dolu nəticəsində yaranan keyfiyyət itkisi məhsulun əmtəə görünüşünü pisləşdirir və satış qiymətini azaldır. Əgər təsərrüfat bu riskə qarşı sığortalanıbsa, fermerin satışdan əldə etdiyi gəlirdəki itki Aqrar Sığorta Fondu tərəfindən qarşılanır.

Aqrar sığorta tarifləri regiondan asılı olaraq dəyişir. Məsələn, Cəlilabad, Salyan və Neftçala rayonlarında 1000 manatlıq üzüm məhsulunun sığortası fermerə cəmi 10 manata, Tovuz, Şəmkir və Qazax rayonlarında 32 manata, Şamaxı, Ağsu və İsmayıllı rayonlarında isə 15,70 manata başa gəlir.

Sığorta yalnız üzüm məhsulunu deyil, üzüm tinglərini və ayrıca olaraq bar verən üzüm kollarını da əhatə edir.

Aqrar sığorta şərtləri və tarifləri barədə daha ətraflı məlumatı Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsindən əldə etmək, eyni zamanda ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla öyrənmək mümkündür.

Избранный
30
9
teleqraf.com

10Источники