RU

Hər bir vətəndaşın qürur mənbəyi

İnsan cəmiyyətlərinin inkişafı nəticəsində tarix boyu formalaşmış dövlət anlayışı yalnız suverenlik prinsipi ilə mövcud ola bilir. Suverenlik dövlətin ən fundamental xüsusiyyətlərindən biridir. O dövlətin varlığının əsası, müstəqilliyin təminatı və gələcəyə inamlı addımların təməl daşıdır. Suverenliyi olmayan dövlət öz sözünü deyə, öz mövqeyini qoruya və xalqa xidmət edə bilməz. Buna görə də hər bir xalq üçün ən böyük sərvət – azadlıqla yanaşı, dövlətinin suverenliyidir. Hüquqi mənada “suverenlik” termini ilk dəfə XVI yüzillikdə fransız hüquqşünası və siyasi mütəfəkkiri Jan Boden tərəfindən işlədilmişdir. O, 1576-cı ildə yazdığı “Altı kitabda dövlət haqqında” əsərində suverenliyi dövlət hakimiyyətinin ali və bölünməz keyfiyyəti kimi izah etmişdir.

Müstəqil və suveren dövlətə sahib olmaq hər bir xalqın ən ali məqsədi, milli iradəsinin təntənəsidir. Azərbaycan xalqı da yüzillər boyu milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş bir cəmiyyət qurmağı arzulamışdır. Bu arzu heç vaxt sönməmiş, nəsillərdən-nəsillərə ötürülərək xalqımızın mübarizə ruhunu diri saxlamışdır. Tarixin mürəkkəb və çətin sınaqlarında – kənar müdaxilələr, işğallar, məhrumiyyətlər və haqsızlıqlar qarşısında Azərbaycan xalqı öz milli kimliyini qorumağı bacarmış, mənəvi dayaqlarından əl çəkməmişdir. Bu müqavimət və qətiyyət nəticəsində xalqımız həmişə azadlıq ideallarına sadiq qalmışdır.
Beynəlxalq hüququn norma və prinsiplərini, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin müddəalarını kobud şəkildə pozaraq Azərbaycana qarşı təcavüzkar siyasət həyata keçirən Ermənistan silahlı qüvvələri hərbi gücdən istifadə etməklə ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin əhəmiyyətli bir hissəsini 30 ildən artıq müddətdə işğal altında saxlamışdır. Bu müddət ərzində Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasəti aparılmış, yüz minlərlə soydaşımız doğma yurd-yuvalarından didərgin salınmışdır. Ermənistan tərəfindən törədilmiş ağır hərbi cinayətlər nəticəsində şəhər və kəndlərimiz viran qoyulmuş, ölkəmizin zəngin təbii sərvətləri talan edilmiş, tarixi, dini və mədəni irsimiz məqsədyönlü şəkildə məhv edilmişdir. Ermənistanın hərbi təcavüzü və işğalının nəticələrinin aradan qaldırılması istiqamətində BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrində işğalçı qüvvələrin qeyd-şərtsiz və dərhal çıxarılması tələb olunmuşdur. Lakin 30 ilə yaxın müddətdə aparılan danışıqlar prosesi Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından heç bir nəticə verməmiş, qəbul olunmuş qətnamələr kağız üzərində qalmışdır.
Nəhayət, 2020-ci ilin sentyabrında Ermənistanın Azərbaycana qarşı yeni hərbi təxribatları nəticəsində başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun şücaəti, xalqımızın birliyi və siyasi rəhbərliyin qətiyyəti sayəsində şanlı Qələbə ilə nəticələndi. Bu Qələbə nəticəsində Azərbaycan Respublikası beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Nizamnaməsinə, habelə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsaslanaraq öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Ermənistanın uzun illər boyu həyata keçirdiyi işğal və təcavüz siyasətinə son qoyuldu, ölkəmizin torpaqları azad edildi. Qələbə Azərbaycanın təkcə ərazi bütövlüyünü bərpa etməklə kifayətlənmədi, eyni zamanda beynəlxalq hüququn aliliyini təmin etdi, ədalətin bərpa olunmasına, regionda yeni geosiyasi reallıqların formalaşmasına səbəb oldu. Hazırda Azərbaycan dövləti azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirir, məcburi köçkünlərin doğma yurdlarına qayıdışı üçün zəruri şərait yaradır, dağıdılmış şəhər və kəndlər yenidən inşa olunur.
44 günlük müharibədə məğlub olan Ermənistan və qondarma Dağlıq Qarabağ rəhbərliyi heç bir vəchlə sülh müzakirələrinə başlamaq istəmədilər, konstruktiv davranmadılar. BMT-yə üzv olan heç bir dövlət tərəfindən müstəqilliyi tanınmayan qondarma rejimin Qarabağda fəaliyyətini davam etdirməsi qeyri-qanuni və əlbəttə ki, suveren dövlət daxilində qəbuledilməz idi. Azərbaycan dövlətinin səbrini sınayan qondarma Dağlıq Qarabağ rejimi militarist bəyanatlarına ara vermədi. Azərbaycan hökuməti qətiyyətli addım ataraq, peşəkarlıqla həyata keçirilən əməliyyat nəticəsində 2023-cü il aprelin 23-də Laçın-Xankəndi yolunun başlanğıcında, Həkəri çayının üzərində Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi yaratdı. Bu, hakimiyyətin aliliyinin və nəzarət funksiyasının yerinə yetirilməsinin təmin edilməsi istiqamətində atılan ən ciddi addım idi. Sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror tədbirlərinə başlandı. Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat nəticəsində müzəffər Azərbaycan Ordusu qarşısındakı bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi.
Bu gün müstəqil və suveren dövlətimiz Azərbaycan Respublikasının mövcudluğu hər bir vətəndaş üçün qürur mənbəyidir. Çünki müstəqillik yalnız siyasi sərhədlərin deyil, həm də milli kimliyin, mənəvi dəyərlərin və dövlətçilik ənənələrinin qorunmasının təminatıdır. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə hər il sentyabrın 20-si Dövlət Suverenliyi Günü kimi qeyd olunacaq. Bu tarix 1991-ci ildə Azərbaycanın müstəqilliyinin bərpası ilə başlayan və ərazi bütövlüyü uğrunda onilliklər boyu davam edən mübarizənin rəmzi sonunu ifadə edir. Eyni zamanda, 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan Qələbə və 2023-cü ildə aparılan antiterror tədbirləri ilə ölkənin müstəqilliyinin möhkəmləndirilməsinin əhəmiyyətini bir daha vurğulayır.
2025-ci il isə “Konstitusiya və Suverenlik İli” elan edilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev bu barədə 2024-cü il 28 dekabr tarixli Sərəncam imzalamış və 2025-ci il 11 fevral tarixində müvafiq Tədbirlər Planını təsdiq etmişdir. Suverenlik, dövlətlərin varlığını və beynəlxalq aləmdə tanınmasını təmin edən əsas amil olmaqla yanaşı, Konstitusiya və Suverenlik anlayışları milli kimliyi və dövlətçilik prinsiplərini aydın şəkildə təsdiq edir. Artıq Azərbaycan tam suverenlik şəraitində inkişaf edir, əraziləri bütöv və sərhədləri toxunulmazdır, daxili sabitlik və iqtisadi yüksəliş davam edir.

Samirə Hüseynova

Избранный
24
aznews.az

1Источники