RU

Sosiallaşmayan insanlar tənhalığa və depressiyaya sürüklənir” Psixoloq

Redaktor.az saytından alınan məlumata görə, ain.az bildirir.

Müasir dövrdə insanlar arasında ünsiyyət imkanları əvvəlkindən qat-qat çox olsa da, təəssüf ki, hələ də cəmiyyətdə sosiallaşa bilməyən, tənhalığa qapılan insanlar az deyil. İnternetin, sosial şəbəkələrin və texnologiyanın inkişafı insanları bir-birinə daha da yaxınlaşdırmalı olduğu halda, bəzən əksinə, real münasibətlərin zəifləməsinə, insanın tək qalmasına səbəb olur.

Mövzunun psixoloji tərəfini Redaktor.az-a izah edən psixoloq Günay Kərimi bildirdi ki, insan doğulduğu andan etibarən hər yaş dövründə sosiallaşır və bu proses ömrün sonuna qədər davam edir:

"Sosiallaşma insan psixologiyasına, dünyagörüşünə və inkişafına müsbət təsir göstərir. Ünsiyyət, dostluq münasibətləri və ictimai əlaqələr insanın nitqinin, hafizəsinin, diqqətinin, qavrayışının möhkəmlənməsinə birbaşa təsir edir. Keçmiş dövrlərdə aparılan müşahidələr göstərib ki, uşaq evlərində ünsiyyətsizlik səbəbindən uşaqlar arasında ölüm halları baş verib. Alimlərin araşdırmalarına görə, valideyn sevgisindən və sosial münasibətlərdən məhrum olan uşaqlar psixoloji gərginlik və daxili tənhalıq səbəbindən həyatlarını itiriblər. Bu fakt sosiallaşmanın əhəmiyyətini bir daha sübut edir.

Müasir dövrdə sosial şəbəkələrin çoxalması, texnologiyaların: telefon, kompüter, planşetlərin geniş istifadəsi real ünsiyyəti azaldır. İnsanlar fərqinə varmadan bir-birindən uzaqlaşır. Bu məsələ təkcə iş yerlərində deyil, ailədaxili münasibətlərdə də müşahidə olunur. Bir evdə ailə üzvləri birgə otursa da, ünsiyyət qurmur, hər kəs yalnız telefonla məşğul olur. Bu, uşaqların valideynləri, bacı-qardaşları ilə münasibətlərini zəiflədir, qohumluq və qonşuluq əlaqələrinin azalmasına səbəb olur. Nəticədə insanlar real həyatdan qopur".

Müsahibimiz vurğuladı ki, sosiallaşmamaq psixoloji problemlərə gətirib çıxarır:

"Tənhalıq insanlarda özünəqapanma, depressiya və psixi pozuntular yaradır. Halbuki insan dərdini, problemini ailəsi və dostları ilə bölüşəndə onu daha asan həll edə bilir. Özünə qapanma isə yanlış qərarlara və mənfi nəticələrə yol açır. Xüsusilə uşaqlar arasında və uşaq-valideyn münasibətlərində sosiallaşma zəifləyib. Kiçik yaşlı uşaqların valideynlər tərəfindən tez-tez telefona yönləndirilməsi onların ünsiyyət, sevgi və qayğıdan məhrum qalmasına səbəb olur. Bu isə gələcəkdə ciddi psixoloji fəsadlar yarada bilər".

Günay Kərimi hesab edir ki, sağlam cəmiyyət yalnız sosiallaşma ilə formalaşır.

"İnsanların bir-biri ilə ünsiyyəti, problemləri müzakirə edərək həll etməsi, birlikdə qərar verməsi vacibdir. Bağçadan məktəbə qədər mərhələli şəkildə sosial münasibətlər insanın dünyagörüşünü, əqidəsini, tərbiyəsini və təhsilini inkişaf etdirir. Tənha qalmaqla bunları formalaşdırmaq çətindir. Cəmiyyətdə sosiallaşmanın güclənməsi daha savadlı, təhsilli və dövlətə faydalı insanların yetişməsinə səbəb olur. Bu insanlar həm özlərinə, həm də xalqına yararlı olur, gələcək nəsli də sağlam formalaşdırır. Əks halda tənhalıq və depressiya insanın daxili dünyasını məhv edir, mənəviyyətini zəiflədir, hafizəsini və qavrayışını zədələyir, psixi proseslərini pozur. Buna görə valideynlər, müəllimlər, psixoloqlar və iş mühitində olan hər kəs sosiallaşmanı hər yaş dövründə təşviq etməlidir. Bu, sağlam fərdlərin və sağlam cəmiyyətin yaranması üçün vacibdir", - deyə psixoloq yekunlaşdırdı.

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
1
1
redaktor.az

2Источники