Komitə sədri əvvəlcə Hüquq siyasəti və dövlət quruculuğu komitəsində cari ilin yaz və növbədənkənar sessiyaları dövründə görülən işlər barədə hesabatı təqdim edib. Sonra komitənin cari ilin payız sessiyası üçün iş planı barədə məlumat verib.Daha sonra gündəlikdəki qanun layihələri müzakirə olunub. Diqqətə çatdırılıb ki, sənəddə qanunvericilik təşəbbüsü qaydasında daxil olan qanun layihələrinə baxılması və digər məsələlər nəzərdə tutulub.Gündəliyin üçüncü məsələsi olan Mülki Prosessual Məcəllədə, Cinayət-Prosessual Məcəllədə, Cəzaların İcrası Məcəlləsində və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı komitə üzvü Bəhruz Məhərrəmov məlumat verib. O bildirib ki, layihə Vəkillər Kollegiyasının və vəkillərin fəaliyyətinin hüquqi əsaslarını təkmilləşdirmək məqsədi ilə hazırlanıb.“Dövlət xidmətləri haqqında” qanun layihəsini (birinci oxunuş) komitənin üzvü Kamal Cəfərov təqdim edib. Bildirilib ki, yeni qanun layihəsi dövlət xidmətləri sahəsindəki fəaliyyətin təşkilati, hüquqi, iqtisadi əsaslarını müəyyən edir və bu sahədə münasibətləri tənzimləyir. Layihədə dövlət xidmətlərinin göstərilməsi qaydaları, tələbləri ilə bağlı təsbit olunan müddəalar barədə məlumat verən Kamal Cəfərov vurğulayıb ki, bu xidmətlərin qiymətləndirilməsi və keyfiyyətinə nəzarət mexanizmləri də sənədin ən vacib məqamlarındandır.Gündəliyin beşinci məsələsi olan “Dövlət qulluğu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumatı çatdıran Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid dövlət qulluğuna qəbul sahəsində yaranan münasibətlərin daha dəqiq və aydın tənzimlənməsi üçün sənəddə təklif olunan dəyişikliklər barədə danışıb.Altıncı məsələni - Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (birinci oxunuş) deputat Əminə Ağazadə təqdim edib. O bildirib ki, sənəd keçən il qüvvəyə minmiş Rəqabət Məcəlləsinin icrası ilə əlaqədar hazırlanıb. Belə ki, Cinayət Məcəlləsinin “İnhisarçılıq hərəkətləri və rəqabəti məhdudlaşdırma” maddəsi yeni redaktədə təklif olunub, həmçinin bəzi anlayışların yeni izahı təsbit olunub.Gündəliyin sonuncu məsələsi – “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 113-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında komitə sədri Əli Hüseynli məlumat verib. Bildirilib ki, layihə artıq qanunvericilikdə təsbit olunan uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalarla bağlı müddəalara uyğunlaşdırma xarakterlidir.Sənədlərin müzakirəsində komitə sədri Əli Hüseynli, komitə sədrinin müavini Elşən Musayev, deputat Erkin Qədirli, Vəkillər Kollegiyası sədrinin müavini Şahmar Məmmədov çıxış edərək gündəlikdəki məsələlərə münasibət bildiriblər, fikirlərini səsləndiriblər.İclasda ötən sessiyada komitədə görülmüş işlər məqbul hesab olunub, komitənin qarşıdakı sessiya üçün iş planının layihəsi təsdiqlənib və qanun layihələrinin hamısı baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Tədbirdə deputatlar Kamran Bayramov, Sabir Hacıyev, Mübariz Qurbanlı və digər rəsmi şəxslər iştirak ediblər.