Bakıda bəzi ərazilərin yenidən qurulması planlaşdırılır. Baş nazir Əli Əsədovun imzaladığı sərəncama əsasən, Bakı şəhərinin sosial-iqtisadi inkişafı istiqamətində strateji əhəmiyyətli şəhərsalma təşəbbüslərinin dəstəklənməsi üçün işçi qrupu yaradılıb. İşçi qrupa həmin işlərin həyata keçirilməsi üçün investisiya qoyuluşuna zəruri şərait yaratmaq, investisiya müqavilələrinin şərtlərini razılaşdırmaq və digər zəruri tədbirləri təmin etmək vəzifəsi həvalə olunub.
Maraqlıdır, niyə bu ərazilər seçilib və layihələrin şəhərə iqtisadi təsiri necə olacaq?
Məsələ ilə bağlı danışan "Rieltorlar Assosiasiyası" İctimai Birliyinin sədri, əmlak eksperti Elnur Azadov News24.az-a bildirib ki, yeni plana əsasən bir sıra sənaye obyektləri Bakıdan çıxarılacaq:
"Sonuncu dəfə Bakı şəhərinin baş planı 1986-cı ildə təsdiq olunmuşdu. Həmin vaxtlarda Bakıda ciddi sənaye infrastrukturu inkişaf etdirilirdi. II Dünya Müharibəsindən sonra həyata keçirilən sənaye quruculuğu bu günə qədər izlərini saxlayıb. Məsələn, Heydər Əliyev prospektində 1 nömrəli avtobus xətti fəaliyyət göstərirdi. Daha sonra həm Ziya Bünyadov, həm də Heydər Əliyev prospekti ətrafındakı ərazilər sənaye zonası kimi formalaşdı. Buna görə də həmin ərazilərdə indiyədək çoxlu sənaye obyektləri mövcuddur".
Ekspert bildirib ki, bu sənaye infrastrukturu hələ də şəhərin bəzi ərazilərində açıq şəkildə özünü göstərir:
"Məsələn, "Ulduz" metrostansiyasının ətrafında çox sayda sənaye obyektləri var. Təkcə buranı deyil, Böyükşor gölü ətrafını da misal göstərmək olar. Bu ərazilər uzun illər boyu şəhərsalma baxımından istehsal məqsədli zonalar kimi saxlanılıb".
Elnur Azadovun sözlərinə görə, yeni qəbul edilən qərar şəhərin gələcək inkişaf trayektoriyasını dəyişməyi hədəfləyir:
"Mövcud sənaye obyektlərinin böyük hissəsi şəhərin mərkəzinə yaxın ərazilərdən çıxarılacaq. Onların yerində isə yaşayış, biznes, sosial və rekreasiya zonaları salınacaq. Bu həm şəhərin ekoloji durumunu yaxşılaşdıracaq, həm də yeni investisiya imkanları yaradacaq. Beləliklə, illərdir sənaye yükü altında qalan bu məkanlar Bakının müasir inkişaf zonalarına çevriləcək".
Aqil Qarayev