Məktəbin ilk günlərində valideynlər uşaqlarına tez-tez “Məktəbin necə keçdi?”, “Nələr oldu?” kimi suallar verirlər. Amma bu sualların cavabı bəzən sadəcə “yaxşı” və ya “pis” olur, bu da valideynlərin marağını tam qarşılamır. Uşağınız məktəbdə nələr baş verdiyini danışmırsa, onu danışdırmaq üçün fərqli yanaşmalara ehtiyac var.
Pravda.az xatırladır ki, uşaqlar gün ərzində baş verənləri paylaşmaq üçün özlərini rahat, güvənli və qəbul olunmuş hiss etməlidirlər. Bu səbəblə valideynlər öncə səbirli və anlayışlı davranmalıdır. Uşağın duyğularını qəbul etdiyinizi göstərmək, onun sizinlə açıq danışması üçün müsbət bir zəmin yaradır.
Açıq suallar verin, amma spesifik olun
“Məktəbin necə keçdi?” sualına alınan “yaxşı” cavabı, əslində heç nə demir. Əgər daha geniş cavablar almaq istəyirsinizsə, konkret və maraq doğuracaq suallar verməlisiniz. Məsələn:
Bugün səni ən çox nə güldürdü?
Nə səni üzdü?
Günün ən xoşuna gələn anı nə idi?
Nahar vaxtı kiminlə oturdun və söhbət etdin?
Belə suallar söhbətin açılmasına kömək edir. Amma unutmayın, uşağınızın özünü sorğu-suala çəkilmiş kimi hiss etməməsi də vacibdir.
Sadə, anlaşılan və spesifik suallar seçin
Əgər uşaq daim “yaxşı” və ya “pis” deyə cavab verirsə, bunun ardınca gələn “Niyə?” sualı onu daha da qapanmağa məcbur edə bilər. Bu, uşağın mənfi duyğular yaşadığı bir gündə daha da çətin ola bilər. Bu zaman münaqişə və gərginlik yaranması riski də artır.
Başlamaq üçün bu cür suallar verə bilərsiniz:
Tənəffüsdə kiminlə oynadın?
İdman dərsində nə etdiniz?
Nədə köməyə ehtiyacın vardı? Sənə kim yardım etdi?
Günün ən sevdiyin anı nə idi?
Böyük uşaqlar üçün isə belə suallar yararlı ola bilər:
Bu gün olan ən gülməli hadisə nə idi?
Fizika laboratoriyasında kimlərlə işlədiniz?
Nahar vaxtı kimlərlə vaxt keçirdin?
Hansı müəllimi özünə daha yaxın hiss edirsən?
Özünüzdən danışın
Məktəblərdə çalışan mütəxəssislər bildirirlər ki, uşağı danışdırmağın effektiv yollarından biri də öncə öz gününüzü paylaşmaqdır. Məsələn, “Bu gün kofe termosumu evdə unutmuşam” və ya “Sevdiyim qələmim itib” kimi sadə detalları bölüşmək, uşağın da öz təcrübələrini paylaşması üçün zəmin yaradır.
Bəzən heç nə soruşmamaq daha faydalıdır
Bəzi mütəxəssislər isə valideynlərə məktəbdən gələn uşaqdan dərhal sual yağdırmamağı, əvvəlcə onunla emosional bağ qurmağı tövsiyə edirlər. Uşaq evdə rahatlıq və güvən hiss etdikdə, danışmağa daha açıq olur.
Qeyd: Uşaqlara günlərini necə danışacaqlarını öyrətmək də bir bacarıqdır. Özünüz nə qədər çox paylaşırsınızsa, onlar da necə danışacaqlarını o qədər yaxşı anlayırlar. Uşağınızın duyğularını tanıması və ifadə etməsi də çox vacibdir. Bunun üçün birgə duyğu tanıma oyunları oynaya bilərsiniz.
Əminə Bayramova