Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
"Repititorlar məsələsini çox ciddi problem hesab edirəm və bunu nə təhsilə, nə də marketinqə aid etik hal kimi qəbul etmirəm. Söhbət repetitorların fərdi hazırlıqlar üçün müəyyən etdikləri qiymətlərdən gedir".Bunu Demokrat.az-a açıqlamasında təhsil məsələləri üzrə ekspert Elmin Nuri deyib.O, bildirib ki, xüsusilə şəhər məktəblərində bəzi müəllimlər özlərinə olan tələbatı apardıqları yüksək reklam kampaniyaları vasitəsilə artırır və qiymətləri bazar dəyərindən xeyli yuxarı müəyyənləşdirirlər:"Əvvəlcə onu qeyd edim ki, mən bunu təhsil sektorunda qiymət artımı kimi qiymətləndirmirəm. Çünki repetitorluq fəaliyyəti təhsil sistemi ilə birbaşa hüquqi əlaqəsi olan sahə deyil. Təhsil qiymətlərinin artması dedikdə universitetlərdə təhsil haqlarının yüksəlməsi və ya məktəblərdə illik ödənişlərin artması nəzərdə tutulur. Amma bir repetitor ötən il 150 manat aldığı halda bu il 250 manata qaldırıbsa, bunu təhsildə qiymət artımı adlandırmaq olmaz. Bu, sırf bazar münasibətləri və konkret xidmət sahəsidir. Müəllim xidmətini göstərir, öz beyin məhsulunu satır və qiyməti də özü müəyyən edir".Ekspert bildirib ki, hüquqi baxımdan bu normal sayıla bilər, lakin marketinq etikasında “bazar dəyərinə uyğunluq” anlayışı var:"Yəni bir xidmətin haqqı əhalinin ümumi gəlir səviyyəsinə uyğun olmalıdır. Əhalinin böyük hissəsinin maaşı yüksək olmadığı halda, repetitorların bir fənn üçün ayda 300–350 manat tələb etməsi absurddur".Onun sözlərinə görə, dövlət bu məsələni diqqətdə saxlayır:"Artıq Elm və Təhsil Nazirliyi müəyyən məktəblərdə pilot layihələr çərçivəsində yuxarı siniflər üçün əlavə hazırlıq dərsləri təşkil etməyi planlaşdırır. Dünyanın bir çox ölkələrində belə təcrübə var və bu, repetitorluğa alternativ ola bilər. Məsələnin kökü isə məktəb təhsilinin keyfiyyətindədir. Əgər məktəblərdə tədris prosesi yüksək səviyyədə qurulsaydı, repetitorlara bu qədər ehtiyac qalmazdı. Hazırda isə şagirdlər gündəlik məktəb dərslərindən sonra əlavə vaxt və enerji sərf edərək repetitor yanına gedirlər. Bu, həm sosial-psixoloji, həm də maddi baxımdan böyük yükdür".Ekspertin sözlərinə görə, repetitorluğun həm müsbət, həm də mənfi tərəfləri var:"Onlar kiminsə haqqına girmir, gördükləri iş çətindir, amma qazanclıdır. Lakin bütün repetitorların da yüksək keyfiyyətli təhsil verdiyini söyləmək olmaz. Onların çox az qismi, bəlkə 2–3%-i şagirdə yalnız imtahanlara hazırlaşmaq yox, həm də geniş dünya görüşü və müasir biliklər qazandıra bilir. Əksər hallarda isə repetitorlar sadəcə Dövlət İmtahan Mərkəzinin proqramına əsaslanaraq test hazırlığı aparırlar.
Belə olan halda sual yaranır: repetitorlar həqiqətən qeyri-adi nə edirlər ki, aylıq 300–350 manat tələb edirlər? Mən özüm müəllim olsam da, heç vaxt bir şagirddən 8–10 dərsə görə bu qədər pul tələb etməmişəm".Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.