RU

Belçika ABŞ-dan 280 milyon avro məbləğində raketlər alır

Ukraynada münaqişənin gərginləşməsi, Rusiyaya məxsus dronların Polşa və Rumıniya üzərində uçması fonunda ABŞ Belçikaya ümumilikdə 280 milyon avro dəyərində yüzlərlə raketin satışını təsdiqləyib. “İki sahil” bu barədə “BELGA” agentliyinə istinadla xəbər verir.

Bu rəqəm əvvəllər səsləndirilən təxminən 480 milyon avroluq proqnozlardan xeyli aşağı olub. Qərar haqqında Pentaqon bazar ertəsi məlumat verərək bildirib ki, ABŞ Dövlət Departamenti sövdələşməyə icazə verib. İlkin qiymətləndirmələr Belçikanın “AIM-9X Sidewinder” “hava-hava” tipli raketləri üçün 567,8 milyon dollar (təxminən 480 milyon avro) ödəyəcəyini ehtimal edib. Lakin müdafiə naziri Teo Frankenin mətbuat katibi Yan Van Kampın dediyi kimi, real xərc 280 milyon avro təşkil edəcək. Fərq ABŞ-da daxili ixrac lisenziyalaşdırma prosedurunun xüsusiyyətləri ilə izah olunur.

Müqavilənin bağlanmasından əvvəl Amerika hökuməti silah və müvafiq avadanlıqları mümkün olan maksimal qiymətə satmaq üçün Konqresin razılığını almalıdır. Alıcı tərəfindən tələblərin, mümkün dəyişikliklərin də nəzərə alınması üçün bu məbləğ süni şəkildə 30-50 faiz artırılır. Nəticədə təsdiq edilmiş maksimum hədd demək olar ki, həmişə sövdələşmənin son dəyərini üstələyir.

Beləliklə, təsdiq edilmiş və faktiki məbləğ arasında 200 milyon avroluq fərq məhz bu mexanizmlə izah olunur.

Raketlərin alınması Belçika hökumətinin iyul ayında qəbul etdiyi “Sursat Planı 2025” proqramına daxildir. O, xroniki silah çatışmazlığının doldurulması və milli ehtiyatların bərpa edilməsi məqsədi daşıyır.

Çatdırılma müddətləri hələ dəqiqləşdirilmir. Rəsmilərin sözlərinə görə, qlobal münaqişələr və hərbi texnikaya yüksək tələbat əhəmiyyətli gecikmələrə gətirib çıxarır.

Избранный
6
3
ikisahil.az

4Источники