Xəbər verdiyimiz kimi, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanuna dəyişiklik təklif olunur. Təklif olunan dəyişikliklərə Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədrinin seçilməsi sahəsində məhdudiyyətin ləğv olunması, vəkillik üçün tələb edilən iş stajının müddətinin üç ildən bir ilə endirilməsi, vəkil haqqında intizam tədbirlərinin tətbiqi qaydalarına dəyişiklik edilməsi, Vəkillər Kollegiyasının orqan və qurumlarının sayının artırılması, vəkillərə xidməti vəsiqə verilməsi, vəkillərin vəzifələrinin artırılması, vəkil sorğularının cavablandırılması ilə bağlı müddətin müəyyən edilməsi, vəkil orderinə hüquqi anlayış verilməsi və s. daxildir.
Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü Dilarə Əfrasiyabova e-huquq.az-a açıqlamasında qanuna təklif edilən dəyişiklikliyi şərh edib və bunun vəkilliyin inkişafına töhfə verəcəyini bildirib.
""Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanuna edilən son dəyişiklikləri mən çox müsbət qarşılayıram. Bu dəyişikliklər, şübhəsiz ki, vəkilliyin inkişafına, onun daha effektiv və çevik fəaliyyət göstərməsinə xidmət edir. Vəkillik həm maraqlı, həm də son dərəcə məsuliyyətli bir peşədir. Qanunvericilikdə edilən bu yeniliklər bu sahədə daha ciddi irəliləyişlərə zəmin yaradacaq", - o deyib.
D.Əfrasiyabova Kollegiyaya sədr seçimi ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması barədə təklifin vəkillər tərəfindən alqışlandığını söyləyib: "Qanunda vəkillərin müstəqil olduqları açıq şəkildə göstərilib. Bu məhdudiyyətlər isə bu müstəqilliyə zidd idi. Seçkilər demokratik əsaslarla keçirilir və sədrin fəaliyyəti kifayət qədər effektiv deyilsə, o heç bir dəfə də seçilməz. Buna görə də bu dəyişiklik çox yerində və vacibdir".
"Vəkil sorğularının 7 iş günündən gec olmayaraq cavablandırılması ilə bağlı dəyişikliyi xüsusi vurğulamaq istərdim. Təəssüf ki, bəzən vəkil sorğularına cavablar ya gecikdirilir, ya da ümumiyyətlə dolğun cavab verilmir. Elə hallar olur ki, sorğunun cavabından asılı olaraq işin hüquqi istiqamətini müəyyənləşdiririk. Cavabın vaxtında verilməməsi və ya "bu suala cavab verilə bilməz" kimi qeyri-müəyyən yanaşmalar bizim peşə fəaliyyətimizə ciddi maneələr yaradır. Biz bu məlumatları yalnız vəkil olaraq alırıq və onların konfidensiallığına zəmanət veririk. Amma buna baxmayaraq, bəzən bizə cavab verilmir, üstəlik "məlumat almaq üçün şəxs özü müraciət etsin" deyilir. Bu isə həm işin gedişatını ləngidir, həm də hüquqi prosesləri çətinləşdirir. Bəzən isə cavab ümumiyyətlə gecikdiyinə görə artıq iş başa çatmış olur və sorğunun aktuallığı itir. Bu səbəbdən bu dəyişiklik təkcə müsbət deyil, zəruridir. Hesab edirəm ki, gələcəkdə vəkil sorğularına cavab verməyənlər üçün inzibati məsuliyyətin tətbiqi də vacibdir", - deyə o qeyd edib.
Rəyasət Heyətinin üzvü, həmçinin vəkil adı ilə qeyri-qanuni fəaliyyət göstərənlərlə bağlı sərt tədbirlər görülməsini də istəyib: "Vəkil olmayan şəxslərin vəkil adı ilə fəaliyyət göstərməsi yolverilməzdir və bu məsələyə qarşı ciddi tədbirlər görülməlidir. Belə şəxslər hüquq sahəsini bilmədən cəmiyyətə mənfi təsir göstərir, insanlarda vəkillik institutuna qarşı inamsızlıq yaradır. Orderi olmayan vəkil məhkəmə prosesinə belə buraxılmır, amma hüquq təhsili olmayan şəxslər özlərini vəkil kimi təqdim edirlər. Bu hal qətiyyən qəbuledilməzdir və mütləq qanunla qadağan edilməlidir".
D.Əfrasiyabovanın fikrincə, vəkilliyə qəbul üçün tələb olunan staj müddətinin 3 ildən 1 ilə endirilməsi təklifi də çox təqdirəlayiqdir: "Gənc mütəxəssislər hüquqi təhsil aldıqları dövrdə nəzəri biliklərə yiyələnir, təcrübə dövründə isə qısa müddət ərzində praktik bacarıqlar əldə edə bilirlər. Bizə təcrübəyə gələn tələbələr az vaxtda belə böyük nəticələr göstərir. 3 il gözləmək bu motivasiyalı gənclər üçün sadəcə vaxt itkisi deməkdir. Ona görə də bu dəyişiklik həm ədalətli, həm də peşəyə yeni nəfəs gətirəcək bir qərardır".
"Qanun layihəsində nəzərdə tutulan daha bir vacib məsələ isə odur ki, hakimlik fəaliyyətinə xitam verilmiş şəxslər vəkilliyə qəbul üçün test imtahanında iştirak etməlidirlər. Bu da çox düzgün yanaşmadır. Çünki vəkillik hüququnun əldə edilməsi yalnız keçmiş təcrübəyə deyil, həm də aktual biliklərə əsaslanmalıdır. Həmin şəxslər vəkilliyə dair biliklərini göstərməli, bu sahədəki qanunvericiliklə tanış olmalıdırlar. Bu, həm şəffaflığı, həm də peşəkar keyfiyyəti təmin edəcək", - o əlavə edib.
D.Əfrasiyabovanın sözlərinə görə, Vəkillər Kollegiyasının strukturunun genişləndirilməsi də əhəmiyyətli dəyişiklikdir: "Qanuna əsasən, artıq Kollegiyanın orqanlarına ümumi yığıncaq (konfrans), Rəyasət Heyəti, İntizam Komissiyası və İxtisas Komissiyası daxildir. Eyni zamanda, regional qurumlar, hüquqi yardım mərkəzləri və tədris mərkəzləri təsis edilə bilər. Bu da onu göstərir ki, vəkillik institutu daha güclü və sistemli şəkildə inkişaf edir".
"Biz bu dəyişiklikləri illərlə gözləmişik və bu gün arzu etdiyimiz dəyişikliklərlə bağlı təklifin qanuniləşdiyini görmək qürurvericidir. Bu gün biz istək və arzularımızın gerçəkləşdiyinə şahidlik edirik. Qanuna edilən dəyişikliklər yalnız vəkilin deyil, bütövlükdə hüquqi sistemin daha effektiv işləməsinə xidmət edir. Bu islahatları alqışlayırıq və bu istiqamətdə atılan hər bir addımı dəstəkləyirik. Bu dəyişikliklər biz vəkillərin həm motivasiyasını artırır, həm də üzərimizə düşən məsuliyyəti daha da böyüdür. Vəkillik sahəsində həyata keçirilən islahatlara və vəkillərə göstərilən davamlı dəstəyə görə Vəkillər Kollegiyasının sədri cənab Anar Bağırova təşəkkürümü bildirmək istəyirəm. O, gecə-gündüz bu peşənin inkişafı və vəkillərin daha səmərəli fəaliyyət göstərməsi üçün çalışır. Anar Bağırov vəkillərin problemlərinə həssas yanaşır, onların hüquq və maraqlarını qoruyur. Vəkillik bir ailədir və cənab sədr bu ailənin başçısı olaraq vəkillərin rifahı və hüquqları naminə böyük səylə çalışır", - o sonda qeyd edib.
Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü Muxtar Mustafayev də qanun layihəsini müsbət qiymətləndirib və təklif edilən dəyişikliklərin əhəmiyyətindən bəhs edib.
"Bu dəyişikliklərdən biri Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədrinin seçilməsi ilə bağlı mövcud məhdudiyyətin aradan qaldırılmasıdır. Hesab edirəm ki, bu, olduqca yerində və düzgün bir addımdır. Misal üçün, qardaş Türkiyə Respublikasında belə bir məhdudiyyət heç vaxt olmayıb. Orada sədrin seçilməsi ilə bağlı hər hansı hüquqi məhdudiyyət nəzərdə tutulmur. Eyni prinsip ölkəmizdə də tətbiq olunmalıdır. Əgər biz idarəetmədə bərabərlik prinsipini əsas götürürüksə, bu prinsip prokurorluq, Ombudsman təsisatı və digər strukturlarda tətbiq olunursa, vəkillik institutunda da eyni yanaşma olmalıdır. Vəkillər Kollegiyasında keçirilən seçkilər yüksək səviyyədə, şəffaf və demokratik şəkildə təşkil olunur. Hər bir vəkil öz namizədliyini irəli sürmək hüququna malikdir və heç bir qadağa mövcud deyil. Bu baxımdan təklif edilən dəyişiklik həm demokratik dəyərlərə uyğundur, həm də vəkillik institutunun inkişafına xidmət edir", - deyə vəkil bildirib.
M.Mustafayev deyib ki, digər mühüm dəyişiklik vəkillik fəaliyyətinə qəbul üçün tələb olunan iş stajının üç ildən bir ilə endirilməsidir: "Bu da tamamilə məntiqli və düzgün qərardır. Universiteti bitirən bir şəxs prokurorluqda bir il staj keçdikdən sonra müstəntiq kimi fəaliyyətə başlaya bilir. Eyni yanaşma vəkillik sahəsində də tətbiq olunmalıdır. Gənc hüquqşünaslar universiteti bitirdikdən sonra vəkil köməkçisi kimi fəaliyyətə başlayır və 3 il staj tələbi onların peşəyə daxil olmasını süni şəkildə ləngidir. Bu dəyişiklik heç bir təhlükə yaratmır, çünki vəkil olmaq üçün çoxmərhələli imtahanlar, o cümlədən Ədliyyə Akademiyasında tədris mərhələsi mövcuddur. Bütün bu mərhələləri uğurla keçən şəxs yalnız bundan sonra fəaliyyətə başlayır".