RU

Xaricdə təhsil niyə çətinləşdiriləcək? -

Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, xaricdə təhsil üzrə dövlət proqramlarının şərtləri çətinləşdiriləcək. Maraqlı sual yaranır - bu addımın məqsədi büdcə xərclərini azaltmaqdır, yoxsa daha keyfiyyətli kadrların seçimini təmin etmək? Digər tərəfdən, bu dəyişiklik xaricdə təhsil almaq istəyən gənclərin sayına təsir göstərə bilərmi? Təhsil eksperti Rizvan Fikrətoğlu Metbuat.az-a açıqlamasında bildirib ki, xaricdə təhsil dövlət üçün kifayət qədər böyük maliyyə yükü yaradır və bu, az xərclə başa gəlmir. Şərtlərin çətinləşdirilməsi daha az sayda, amma daha güclü namizədlərin seçilməsi deməkdir. Onun sözlərinə görə, burada əsas məqsəd keyfiyyətli kadr seçimidir: “Dövlətin marağı ondadır ki, xaricdə oxuyan gənclər ölkəyə qayıdaraq ixtisaslı mütəxəssis kimi xidmət etsinlər. Bu səbəbdən də seçim meyarları sərtləşdirilir ki, yalnız ən perspektivli tələbələr gedə bilsin. Eyni zamanda, “beyin axını” məsələsi də var. Çox vaxt xaricdə təhsil alanların bir hissəsi geri dönmür. Daha ciddi şərtlərin qoyulması qayıtmaq öhdəliyini gücləndirərək ölkənin kadr itkisi riskini azalda bilər. Bundan başqa, daxili təhsil sisteminə stimul vermək məqsədi də güdülə bilər. Xaricdə oxumaq üçün baryerlərin artması yerli universitetlərin inkişafına təkan verə, tələbələrin ölkədaxili təhsilə daha çox üz tutmasına səbəb ola bilər”. R.Fikrətoğlu qeyd edib ki, bu halda dövlət proqramı ilə xaricdə təhsil almaq istəyənlərin sayı mütləq azalacaq: “Çünki əlavə sənəd tələbləri, yüksək bal göstəriciləri və öhdəliklər bir çoxlarını kənarda qoyacaq. Amma bu, ümumilikdə xaricdə oxumaq istəyənlərin sayını tam azaltmır. Sadəcə, dövlət hesabına deyil, şəxsi vəsait və ya müxtəlif təqaüd proqramları hesabına oxumaq tendensiyası güclənə bilər. Digər tərəfdən, bu addım xaricdə təhsili daha çox seçilmiş tələbələr üçün əlçatan edə bilər ki, bu da sosial ədalət baxımından müzakirələr doğurur”. Ekspertin fikrincə, əgər qərar düzgün tətbiq olunarsa, ölkəyə daha keyfiyyətli və ixtisaslı kadrların qayıtması təmin edilə bilər. Amma çox sərt meyarların qoyulması gənclərin başqa maliyyə mənbələri taparaq xaricdə qalması və ölkəyə dönməməsi riskini də artıra bilər.

Sevinc İbrahimzadə / Metbuat.az

Избранный
65
metbuat.az

1Источники