RU

"Ukrayna, ya da Rusiya tam tükənməyənə qədər bu savaş bitməyəcək"

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinlə görüşməyə hazır olduğunu bildirib. Bu barədə o, "Sky News" telekanalına müsahibəsində danışıb. Zelenskinin sözlərinə görə, o, üç prezidentin, həmçinin ABŞ prezidenti Donald Trampın da iştirak edəcəyi üçtərəfli görüşə razıdır.

Ukrayna lideri danışıqların Moskvada keçirilməməsi şərtini irəli sürüb.

Xatırladaq ki, bir gün əvvəl Zelenski Rusiya lideri ilə danışmağa hazır olduğunu açıqlayıb, lakin bunu amerikalılar və ya avropalılar vasitəsilə etməyəcəyini vurğulayıb. O, danışıqların onların dəstəyi ilə, lakin vasitəçiliyi olmadan baş tutacağını aydınlaşdırıb.

Zelenskinin bu açıqlamasına Putindən reaksiya olacaqmı? Ümumiyyətlə, son bir neçə gündə Rusiya-Ukrayna müharibəsində vəziyyət necədir?

Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında bildirib ki, fəsillərin dəyişməsi Ukraynada müharibənin intensivliyinə təsir göstərəcək:

“Artıq yağmurlu aylara giririk. Bu o deməkdir ki, Ukrayna savaşında “əmr vermək” haqqı “General Palçığ”ın ixtiyarına keçir. Hərbi texnikaların irəlilədiyi yollar palçıq olacaq və bu da onların hərəkətinə maneələr yaradacaq. Nəticədə hərbi əməliyyatlar da yerlər donana qədər zəifləyəcək və bir də fevral ayının sonlarında mövqelərin ələ keçirilməsi uğrunda əsl savaş başlayacaq. O zamana qədər isə qarşılıqlı atışmalar yaşanacaq. Qısası, müharibənin bu il bitməsi ümidləri də yarımçıq qalacaq. Qarşıdurma ən azı gələn ilə qədər uzanacaq”.

Heydər Oğuzun fikrincə, Ukraynada uzağı bir aydan sonra yaşanacağı gözlənən bu təbiət hadisəsi sülh danışıqlarına da öz təsirini göstərəcək:

“Həm Rusiya, həm də Ukrayna generaliteti öz istəklərindən asılı olmayaraq, təbiətin şıltaqlığı ilə razılaşmaq məcburiyyətində qalacaq. Eskalasiyanın səngiməsi hər iki tərəfi rahatladacağından onlar bir neçə ay davam edəcək bu fürsətdən maksimum yararlanmağa çalışacaqlar. Ümid edirəm ki, payız yağışları daha çox Ukraynanın müttəfiqlərinin işinə yaracaq. Onlar bu aylar ərzində toparlanıb Ukraynanın təchizat problemini həll etməklə qalmayıb, həm də bu savaşda yer almağın yollarını gözdən keçirəcək və gələn ildən etibarən başlanması gözlənilən Rusiyanı tükəndirmə savaşına yenidən hazırlıq prosesini uğurla tamamlayacaqlar.

O ki qaldı, Zelenskinin Putin və ya Trampla görüşünə, nə yazıq ki, bu sülh təşəbbüsünün hansısa nəticə verəcəyinə inanmıram. Çünki tərəflərdən heç biri müharibənin bitməsində maraqlı deyil. Zelenski ona görə maraqlı deyil ki, onun rəhbərlik etdiyi ölkənin əraziləri işğal edilib. O işğal altındakı əraziləri 2022-ci ildəki sərhədlərinə qədər azaltmasa, bu müharibədən məğlub ayrılan tərəf olacaq. Heç bir prezident müqavimət imkanları tükənmədən, kaputilyasiya aktına imza atmaz. Üstəlik, son zamanlar Polşa və digər NATO dövlətlərinin bu və ya digər səviyyədə müharibəyə qoşulmaq perspektivləri yaranır. Bu da Ukraynaya böyük ümidlər verir.

Rusiya da 4 ilə yaxındır ki, gedən müharibədə qarşıya qoyduğu heç bir hədəfə çata bilməyib. Əksinə, NATO qoşunları onun sərhədlərinə daha da yaxınlaşıb. Avropa dövlətlərinə əvvəlki kimi qaz və neft sata bilmir. Rusca Ukraynanın dövlət dillərindən biri statusunu almayıb. Ukrayna hakimiyyəti millətçi qüvvələrin əlindən çıxmayıb, əksinə, onların mövqeyi daha da möhkəmlənib və s. Bütün bunlar Putinin savaş hədəflərinə tamamilə əks situasiyalardır və Rusiya liderinin müharibəni dayandırmaq üçün söykənəcəyi heç bir arqument yoxdur.

ABŞ prezidenti Donald Tramp da bu müharibədə heç nə itirmir. Əksinə, Ukraynaya və müttəfiqlərinə hər il 100 milyardlarla silah satmaq imkanı yaranır və makler təbiətli Trampın bu fürsəti əlindən qaçırmasına inanmaq sadəlövhlük olardı.

Qısası, ya Ukrayna, ya da Rusiya tam tükənməyənə qədər bu savaş bitməyəcək".

 

Xalidə Gəray
Musavat.com

Избранный
14
50
musavat.com

10Источники