RU

Vardanyan Paşinyanın dindirilməsini xahiş etdi

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi sentyabrın 16-da davam etdirilib.

Publika.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Ardınca təqsirləndirilən Ruben Vardanyan məhkəməyə müraciət edərək bir neçə vəsatətinin olduğunu bildirib.

Əvvəlcə təqsirləndirilən şəxs məhkəməyə müraciət edərək "ittiham edildiyi cinayət işi üzrə bəzi şəxslərin – Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın, ATƏT-in Minsk qrupunun üzvlərinin, BQXK-nın Azərbaycandakı nümayəndələrinin dindirilməsini" xahiş edib.

Müdafiəçi Avraam Berman vəsatəti müdafiə etdiyini bildirib.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev və Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramov vəsatətlərə münasibət bildirərək qeyd ediblər ki, təqsirləndirilən şəxs tərəfindən dindirilməsi təklif olunan şəxslərin məhkəmədə baxılan ittihama aidiyyəti yoxdur. Bundan başqa, müdafiə tərəfinin iştirakı ilə məhkəmə baxışında tədqiq edilməli olan sübutların siyahısı, eləcə də sübutların tədqiq olunma ardıcıllığı artıq müəyyən edilib. Qəbul edilmiş qərara əsasən prosesin hazırkı mərhələsində ittiham tərəfinin təqdim etdiyi sübutlar tədqiq olunur. O səbəbdən dövlət ittihamını müdafiə edən prokurorlar vəsatətin baxılmamış saxlanmasını xahiş ediblər.

Prosesdə iştirak edən zərərçəkmiş şəxslər vəsatətin rədd olunmasını məhkəmədən xahiş ediblər.

İşə baxan hakimlər kollegiyası yerində müşavirə edərək məhkəmə baxışında sübutların tədqiq olunma ardıcıllığı ilə bağlı qərarın qəbul olunduğunu, həmin qərar qəbul olunmazdan əvvəl müdafiə tərəfinin də mövqeyinin nəzərə alındığını vurğulayaraq, vəsatətin baxılmamış saxlandığını qeyd edib və bu vəsatətin gələcəkdə yenidən verilməsinin mümkün olduğunu təqsirləndirilən şəxsə və onun müdafiəçisinə bildirib.

Daha sonra Ruben Vardanyan digər vəsatətini məhkəməyə təqdim edərək hərbi qulluqçu olmadığını, buna görə də təqsirləndirildiyi cinayət işinə hərbi məhkəmədə baxılmasından narazı olduğunu deyib.

Təqsirləndirilən şəxsin vəkili vəsatəti müdafiə etdiyini bildirib.

Vəsatətə münasibət bildirən Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli bildirib ki, təqsirləndirilən şəxsin ittiham edildiyi cinayətlərin bəziləri hərbi cinayətlər olduğu üçün onun işinə hərbi məhkəmədə baxılır. Odur ki, dövlət ittihamını müdafiə edən prokuror vəsatətin rədd edilməsini məhkəmədən xahiş edib.

Prosesdə iştirak edən zərərçəkmiş şəxslər vəsatətin rədd olunmasını məhkəmədən xahiş ediblər.

Sədrlik edən Zeynal Ağayev bildirib ki, məhkəmənin hazırlıq iclasında bu məsələyə artıq baxılıb və həmin zaman məhkəmə aidiyyəti barədə proses tərəflərinə, o cümlədən təqsirləndirilən şəxsə və onun müdafiəçisinə ətraflı məlumat verilib. Bundan başqa, təqsirləndirilən şəxsin ittiham olunduğu bəzi cinayət əməlləri hərbi cinayət hesab edildiyi üçün Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə əsasən işə hərbi məhkəmədə baxılır. Qeyd olunanlara əsasən vəsatət rədd edilib.

Növbəti vəsatətində təqsirləndirilən Ruben Vardanyan cinayət işi üzrə özü və müdafiəçisi tərəfindən əvvəlki məhkəmə proseslərində verilmiş vəsatətlərə dair qərarlarla tanış olmaq istədiklərini və həmin qərarlardan çıxarışların onlara təqdim olunmasını xahiş edib.

Müdafiəçi vəsatətin təmin olunmasını məhkəmədən xahiş edib.

Məhkəmə iclasına sədrlik edən əvvəllər təqsirləndirilən şəxsin məhkəmə iclas protokolları, həmçinin vəsatətlərinə dair qəbul edilmiş qərarlarla tanış olması üçün şərait yaradıldığını, bundan sonra da eyni qaydada tanış olması üçün şərait yaradılacağını bildirib.

Digər vəsatətində təqsirləndirilən şəxs Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçməklə bağlı ona qarşı irəli sürülmüş ittihamla razı olmadığını bildirib. Habelə, "vaxtilə Qarabağda olmuş Rusiyanın sülhməramlı kontingentinin komandanı olmuş şəxslərin məhkəmədə dindirilməsini" xahiş edib.

Vəkil Avraam Berman təqsirləndirilən R.Vardanyanın vəsatətini müdafiə etdiyini bildirib.

Sədrlik edən Zeynal Ağayev hazırda məhkəmə baxışının davam etdiyini, təqsirləndirilən şəxsə elan olunmuş ittihamlara məhkəmə baxışının sonunda hüquqi qiymət veriləcəyini söyləyib. Bundan başqa, vaxtilə Qarabağda olmuş Rusiyanın sülhməramlı kontingentinin komandanlarının təqsirləndirilən şəxsin ittiham edildiyi cinayət işinə aidiyyətinin olmadığını bildirib. Odur ki, vəsatət baxılmamış saxlanılıb və təqsirləndirilən şəxsə, onun müdafiəçisinə bu vəsatətin gələcəkdə yenidən verilməsinin mümkünlüyü izah olunub.

Sonra Ermənistanın təcavüzkar müharibəsi və işğalçılıq siyasəti nəticəsində törədilmiş cinayət hadisələri zamanı zərər çəkənlər, habelə zərərçəkmişlərin hüquqi varisləri ifadə veriblər.

Zərərçəkmiş Azad Kərimovun hüquqi varisi – atası Zakir Kərimov ifadəsində bildirib ki, övladı Kəlbəcərdə Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribat zamanı həlak olub.

Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran zərərçəkmiş Akşin Nəsibovun hüquqi varisi Vasif Nəsibov övladının Ağdərə istiqamətində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin təxribatı nəticəsində həlak olduğunu deyib.

Zərərçəkmiş Yunis Kazımovun hüquqi varisi Qasım Kazımov ifadəsində bildirib ki, övladı Kəlbəcər istiqamətində düşmənin snayper atəşi nəticəsində həlak olub.

Zərərçəkmiş Kamran Hüseynovun hüquqi varisi - atası Namiz Hüseynov ifadəsində oğlunun Xankəndi-Şuşa yolunda düşmənin basdırdığı minanın partlaması nəticəsində həlak olduğunu deyib.

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran zərərçəkmiş Elşən Xankişiyevin hüquqi varisi Aidə Xankişiyeva övladının Xocalı istiqamətində düşmənin təxribatı zamanı həlak olduğunu söyləyib.

Zərərçəkmiş Cəmil Qurbanzadənin hüquqi varisi – atası Anar Qurbanov ifadəsində qeyd edib ki, övladı Laçın istiqamətində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin təxribatı zamanı həlak olub.

Zərərçəkmiş Əli Babazadənin hüquqi varisi – Rüstəm Babayev övladının Xankəndi istiqamətində düşmənin təxribatı nəticəsində həlak olduğunu bildirib.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını cavablandıran zərərçəkmiş şəxs Toğrul Əliyevin hüquqi varisi Qızılgül Əliyeva ifadəsində övladının düşmənin törətdiyi təxribat nəticəsində Xocavənd rayonunda həlak olduğunu söyləyib.

Zərərçəkmiş şəxs İslam Dünyamalıyevin hüquqi varisi Gülşən Dünyamalıyeva ifadəsində bildirib ki, oğlu Ağdərə rayonunun Sırxavənd kəndində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin təxribatı nəticəsində həlak olub.

Zərərçəkmiş şəxs Nəzər Əzizovun hüquqi varisi – anası Cəmafət Əzizova oğlunun Kəlbəcərdə qarşı tərəfdən açılan snayper atəşi nəticəsində həlak olduğunu deyib.

Избранный
2
48
publika.az

10Источники