RU

Yaşlandıqca bel və oynaq xəstəlikləri artır – Beynəlxalq araşdırma

Dünya ölkələrinin və bölgələrinin üçdə birində əhalinin qocalmasının son 30 ildə dayaq-hərəkət sistemi xəstəliklərinin artmasının əsas amili olduğu müəyyən edilib. Bu nəticəyə beynəlxalq tədqiqatçılar gəlib.

E-saglam.az xəbər verir ki, araşdırma Annals of the Rheumatic Diseases (ARD) jurnalında dərc olunub.

Əzələ-skelet sistemi xəstəliklərinə artrit, osteoporoz və bel ağrısı kimi problemlər daxildir. Qlobal Xəstəlik Yükü 2021 layihəsinin məlumatlarını təhlil edən müəlliflər, yaşlanmanın təsirini digər amillərdən – əhali artımı və xəstəliklərin yayılma tendensiyalarındakı dəyişikliklərdən ayırmağa nail olublar.

“Əhalinin qocalması qaçınılmaz qlobal tendensiyadır, lakin onun sümük və oynaq xəstəliklərinə təsiri ölkələr arasında fərqlidir. Demoqrafik dəyişikliklərin sürətlə baş verdiyi, lakin səhiyyə sistemlərinin hazır olmadığı orta gəlirli ölkələr daha çox zərər çəkir”, – Anhui Tibb Universitetinin tədqiqat rəhbəri Hai-Feng Pan bildirib.

Alimlərin hesablamalarına görə, yalnız 2021-ci ildə əhalinin yaşlanması ilə bağlı xəstəliklərin müalicəsinə 96 milyard dollar xərclənib. Bu, qlobal ÜDM-in 0,1%-nə bərabərdir və bir çox qarşısı alına bilən risk faktorlarının xərclərindən çoxdur.

Araşdırmaya görə, yaşlı əhali arasında ən çox osteoartrit yayılıb, onu gut artriti və romatoid artrit izləyir. Zəngin ölkələrdə kişilər, aşağı və orta gəlirli ölkələrdə isə qadınlar daha çox təsirlənirlər.

“Qlobal səhiyyə ictimaiyyəti kömək üçün çağırış edir: sümük və oynaq xəstəlikləri cəmiyyətə fiziki, emosional və maliyyə baxımından böyük yükdür. Əgər indi tədbir görülməsə, ağrı və hərəkət məhdudiyyətləri ilə mübarizə üçün qlobal strategiya nə vaxt hazırlanacaq?” – Sidney Universitetindən professor Lyn March qeyd edib.

Müəlliflər bildirirlər ki, araşdırmanın nəticələri siyasətçilərə demoqrafik dəyişikliklər nəzərə alınmaqla profilaktik və uzunmüddətli müalicə strategiyaları hazırlamağa imkan verəcək. Bu isə yaşlı insanların həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Избранный
39
e-saglam.az

1Источники