RU

Müsəlman və ərəb ölkələri bir ittifaq altında...

Birləşmə reallaşacaqmı?

Sentyabrın 15-də Qətərin paytaxtı Dohada İslam Əməkdaşlıq Təşkilatı, Ərəb Liqası və Körfəz Əməkdaşlıq Şurası - ərəb-müsəlman ölkələrinin birgə fövqəladə sammiti keçirilib. Sammitdə əsas müzakirə mövzusu İsrailin Qətərə hücumu və Qəzzada mövcud vəziyyətlə bağlı olub - Yaxın Şərqdəki hazırkı vəziyyət barədə məsələlər ətrafında geniş müzakirələr aparılıb.

Bəyannamə qəbul olunub

Körfəz Əməkdaşlıq Şurasına üzv dövlətlərin Ali Şurasının fövqəladə iclasında İsrailin Qətərə hücumunu pisləyən yekun bəyanat qəbul edilib. Sənəddə qeyd olunur ki, İsrailin təcavüzü regional təhlükəsizlik və sabitliyə birbaşa təhdiddir. Şura ümumi hərbi komandanlığa birgə müdafiə mexanizmlərinin işə salınması və təhdidlərin qiymətləndirilməsi, eləcə də kollektiv müdafiə qabiliyyətinin gücləndirilməsi üçün təcili iclas keçirməyi tapşırıb. Bundan əlavə, Körfəz ölkələri beynəlxalq ictimaiyyəti təcavüzün qarşısını almaq və mülki insanları qorumaq üçün tədbirlər görməyə çağırıb. Ölkələr həmçinin Qətərin gələcək cavab addımlarını tam dəstəklədiklərini bildiriblər. “Bütün ərəb və İslam ölkələrinə qarşı edilən bu hücum qarşısında Qətər dövləti ilə tam həmrəylik bir daha təsdiqlənir. İsrailin hücumuna cavab vermək, suverenliyini qorumaq və təhlükəsizliyini təmin etmək üçün Qətərə atdığı bütün addımlarda və gördüyü bütün tədbirlərdə dəstəyimizi ifadə edirik”, - deyə bəyanatın mətnində qeyd edilir. Körfəz Əməkdaşlıq Şurası ilə yanaşı İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının bəyanatında da Qətərə dəstək ifadə olunub - Sammit iştirakçıları İsrail HHQ-nin Dohaya endirdiyi zərbəyə cavab olaraq Qətərin atacağı bütün addımları dəstəkləmək barədə razılığa gəliblər.

Azərbaycan “iki dövlət” prinsipini rəhbər tutur

Ərəb-müsəlman ölkələrinin fövqəladə sammitində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov da iştirak və çıxış edib. Azərbaycan XİN rəhbərinin çıxışında Qətərə edilən son hava hücumunun dərin narahatlıq doğurduğu bildirilib, Qətərin suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə olunub - Beynəlxalq hüququn və BMT Nizamnaməsinin prinsiplərinə sadiq qalaraq gərginliyin daha da dərinləşməməsinə çağırış edilib. Qəzza bölgəsindəki mövcud vəziyyətin aradan qaldırılması xüsusunda Qətərin vasitəçilik səyləri yüksək qiymətləndirilib, tərəflər arasında danışıqların bərpasının və daimi atəşkəsə nail olunmanın zəruriliyi vurğulanıb. Ümumilikdə, Fələstin məsələsi kontekstində ölkəmiz tərəfindən “iki dövlət” prinsipinin rəhbər tutularaq, beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun həll variantının dəstəkləndiyi bir daha diqqətə çatdırılıb. Regiondakı böhranın həlli istiqamətində sülh təşəbbüslərindən əlavə, humanitar yardım səylərinin əhəmiyyəti qeyd olunub. Bu çərçivədə, Azərbaycanın qardaş Fələstin xalqına öncəki illər ərzində dəstəyinin davamı olaraq, eskalasiyanın başladığı 2023-cü ildən etibarən 2 milyon ABŞ dolları həcmində humanitar yardımın ayrıldığı bildirilib. Bundan əlavə, ölkəmiz tərəfindən Fələstinə təhsil və səhiyyə sahələri üzrə dəstək layihələrinin həyata keçirildiyi çıxışda qeyd olunub.

Birgə hərbi ittifaqın əsasının qoyulması planlaşdırılır

Qlobal media agentliklərinin məlumatına görə, Misir, Türkiyə, İran, Oman, Livan, İordaniya, Qətər, Suriya, İraq, Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt və Bəhreyn İsrailin hər hansı bir hərəkətinə qarşı kollektiv cavab vermək məqsədilə birgə hərbi ittifaq yaratmağı planlaşdırır. Bu təşəbbüs, İsrailin Qətərdəki HƏMAS üzvlərinə etdiyi hücumlardan sonra ortaya çıxıb və regionda təhlükəsizliyi gücləndirmək, hərbi təcavüzə qarşı vahid mövqe nümayiş etdirmək məqsədi daşıyır. Belə bir planın həyata keçirilməsi üçün ölkələr arasında ciddi koordinasiya tələb olunur.

Məsələ ilə bağlı politoloq Əlimusa İbrahimov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, ərəb ölkələri arasında hərbi ittifaqın  əsasının qoyulmasının zamanı yetişib.

“Ərəb və müsəlman ölkələrinin xarici təcavüzə qarşı birgə çıxış etmək haqqında razılığa gəlmələri ilk hal deyil.  1958-ci ildən 1971-ci ilə qədər bəzi ərəb ölkələri vahid bir ittifaqda birləşmişdilər və elə İsrailə qarşı birgə mübarizə aparırdılar. Sonradan həm xarici təsir, həm də digər ərəb ölkələrinin qoşulmaq istəməməsi üzündən bu ittifaq dağıldı. İndi Ərəb ölkələri birləşə bilməmələrinin hesabını ödəyirlər” - deyə Ə.İbrahimov vurğulayıb ki, Misir belə bir təşəbbüsün reallaşmasında fəal rol oynamaq iddiasındadır; “Misir, Türkiyə, İran, Oman, Livan, İordaniya, Qətər, Suriya, İraq, Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt və Bəhreynin birlikdə hərbi ittifaq yaratmaq istiqamətində qərar qəbul etmələri yaxın zamanlarda bu ittifaqın ortaya çıxmasının mümkün olacağını da deməyə əsas vermir. Çünki bu ölkələr arasında olan və ərəb dünyasında mühüm yer tutan Misirin məqsədi tamamilə fərqlidir. Qahirə Ərəb NATO-su yaratmaq və ona özünün başçılıq etməsinə çalışır. Bu da ABŞ-nin diqtəsi ilə olan bir hərəkətdir və məhz ərəblərin birliyinə qarşı yönəlib”. Ekspert əlavə edib ki, hərbi ittifaq ilə bağlı plan baş tutmaya da bilər: “Bir məsələni də unutmaq olmaz ki, ərəb və müsəlman ölkələrinin ittifaq yaratmasına qarşı olan qlobal güclər hələ fəaliyyətə başlamayıb. Sabah bu ölkələr ABŞ-ın təzyiqi qarşısında davam gətirə biləcəklərmi?”.

Yunis ABDULLAYEV

Избранный
20
1
yeniazerbaycan.com

2Источники