RU

Biz ən çətin sınaqlardan keçərək öz həmrəylik mədəniyyətimizi nümayiş etdirmişik



"Günəşi örtsə də qara buludlar,
yenə günəş adlı bir qüdrəti var"
Biz həmişə günəşi sevmişik, insan günəşi sevməlidir, çünki Allahın yaratdığı bütün gözəlliklər insan tərəfindən sevilir və rəğbətlə qarşılanır. Amma biz burada qara buludları siyasi metafora kimi işlədəcəyik. Dahi Nizaminin bu sətirləri həqiqətən də çox gözəl məna daşıyır və onun fəlsəfi mənası da dərindir.Günəş həqiqəti, ədaləti, güclü dövləti və xalqın iradəsini təmsil edir. Bu günkü reallıqda qara buludlar müvəqqəti maneələr, siyasi böhranlar, təzyiqlər, düşmənlər, nadan qüvvələr və qeyri-ədalətli siyasətşünaslardır. Siz nə qədər istəsəniz də, çalışsanız da günəşi əbədi olaraq gizlədə bilməzsiniz. Nə qədər güclü olsanız da, bu istədiyiniz mümkün deyil.Çünki doğru siyasət, güclü dövlətçilik və xalqın iradəsi hər şeyə üstün gəlir. Siyasi anlamda müvəqqəti çətinliklər, siyasi təcrübədən yox, siyasi emosiyadan və zəif xarakterik xislətdən yaranan təsirlər, əsl gücə və həqiqətə qarşı çıxmaq imkanına mane olur.
Həqiqətlər göz qabağındadır. Biz bilirik və əminik ki, həqiqət, güc və ədalət müvəqqəti maneələri məhv edir. İllərdir biz bunun şahidi olmuşuq. Xalqın iradəsi, etimadı və inamı ilə qazanılan bütün uğurlarımız yalnız milli kimliyimizin aktivinə yazılıb. Çünki bu qələbələr, hərbi, diplomatik və iqtisadi uğurlar strateji addımların, düşünülmüş qərarların və qətiyyətli iradənin ortaya qoyulması ilə ərsəyə gəlib.
Biz bu gün bu reallıqlarla yaşayırıq, deyə bizə bəxş edilən nemətlərin fərqinə varmırıq.
Lakin ardıcıllıqla hadisələri nəzərdən keçirəndə, hansı şərəfli bir yola sahib olduğumuzu və qürurlu tarix yazdığımızı bu dövrlər ərzində asanlıqla görə bilirik. Bunlar ərazi bütövlüyümüzün bərpası, siyasi sabitlik və idarəçilik, diplomatik uğurlar, beynəlxalq nüfuzun yüksəlişi, iqtisadi inkişaf və rifahın artmasıdır.
Vaxt var idi ki, xarici yardıma ehtiyacımız vardı.
Amma indi biz, donor ölkələrə humanitar yardımlar göstərən bir aktora çevrilmişik!
Bu isə regionda dövlətimizin xüsusi siyasi çəkisini daha da artırır. Bununla milli ideologiyamız yarandı, tariximiz və mədəniyyətimiz dirçəldi, yüksəldi. Hərbi potensialımız gücləndirildi. Bu sərvətlər dərin siyasətin, mütərəqqi düşüncənin və müdrikliyin bizə bəxş etdiyi milli sərvətlərdir.
Biz də qlobal iqtisadi böhranların fəsadlarından yan qaça bilməzdik. Dövləti idarə edən siyasi rəhbərlik, bu fəsadların bizə ciddi təsirinin qarşısını almaq üçün vətəndaşlarımıza və dövlətimizə minimum təsirlərlə istiqamət planlarını ortaya qoydu.
İndiki reallıqları nəzərə alsaq, istər meydanlarda, istər masalarda, böyük hünərlə və qətiyyətlə maraqlarımızı qorumaq heç də asan deyil. Bu məsələlərə toxunmaq və bunları müzakirə etmək siyasi camiyənin ilk fəaliyyət proqramı olmalıdır.
Biz ən çətin sınaqlardan keçərək öz həmrəylik mədəniyyətimizi nümayiş etdirmişik.
Yeni dünya düzənində, alnı açıq şəkildə bu mədəniyyəti inkişaf etdirmək, sivil cəmiyyət toplumunda öz layiq olduğumuz yeri tutmaq və sivil mübarizəmizi aparmaq üçün hələ çox liderimizin ətrafında birləşərək hərəkət etməliyik.
Qara buludların yaratdığı qaranlıqlardan biz qorxan deyilik, geri çəkilən deyilik.
Bu ölkə odlar diyarı, günəş ölkəsidir.
Избранный
26
1
newscenter.az

2Источники