RU

Dövlət suverenliyinin bərpası: Zəfər yürüşü davam edir

Hər bir xalqın öz müqəddəratını təyin etmək hüququ, dövlət müstəqilliyini qorumaq və inkişaf etdirmək əzmi onun milli varlığının əsasını təşkil edir. Azərbaycan xalqı əsrlər boyu böyük sınaqlarla, təzyiq və məhrumiyyətlərlə üzləşsə də, müstəqil yaşamaq idealından heç vaxt vaz keçməmişdir. Əzm, iradə və milli ruh sayəsində müasir, müstəqil və suveren dövlətimizin mövqeyi qətiyyətlə müdafiə olunur. Suverenlik yalnız hüquqi və siyasi anlayış deyil, həm də dövlət müstəqilliyini, ərazi bütövlüyünü və xalqın gələcək inkişaf perspektivlərini özündə ehtiva edən ali dəyərdir. Bu kimi amillər həm tarixi yaddaşımızın, həm də hazırkı dövrün reallıqlarının əsası olmaqla, milli birlik və həmrəyliyin dayağına çevrilmişdir.

Beynəlxalq hüquqa görə, suveren dövlət ali hakimiyyətə sahib, daxili və xarici siyasətində tam müstəqil və başqa ölkələrin təsirindən asılı olmayan subyektdir. Belə dövlətin sabit ərazisi, daimi əhalisi, legitim hökuməti və beynəlxalq münasibətlərdə tamhüquqlu iştirak imkanı olmalıdır. Azərbaycan Respublikası da bu xüsusiyyətləri ilə dünya birliyinin bərabərhüquqlu üzvüdür. Suverenliyin təmin edilməsi və qorunması dövlətin mövcudluğunu möhkəmləndirən, onun beynəlxalq nüfuzunu artıran ən mühüm amildir.

Azərbaycanın dövlət suverenliyi uzun illər boyunca Ermənistanın hərbi təcavüzünə məruz qalmışdır. 1990-cı illərin əvvəlindən başlayaraq bu qonşu dövlətin işğalçı siyasəti nəticəsində ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi – Qarabağ və ətraf rayonlar işğal altında saxlanılmış, yüz minlərlə soydaşımız məcburi köçkün vəziyyətinə düşmüş, kənd və şəhərlərimiz viran qoyulmuşdur. Bu faktorlar, həmçinin milli kimliyimizə qarşı yönəlmiş təhdid idi. Lakin xalqımız bütün çətinliklərə baxmayaraq, ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi uğrunda mübarizədən heç vaxt geri çəkilməmişdir.

Ermənistanın uzun illər davam edən qeyri-konstruktiv mövqeyi və sülh danışıqlarını uzatmaq siyasəti dövlətimizi qətiyyətli addımlar atmağa vadar etdi. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq şanlı ordumuz əks-hücum əməliyyatına başladı. Xalqımız Vətənin müdafiəsi və torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda birliyin gücünü bütün dünyaya nümayiş etdirdi. Nəticədə Azərbaycan tarixi Zəfər qazanmaqla beynəlxalq hüququn aliliyini təmin etdi.

44 günlük müharibədən sonra Ermənistan tərəfi təxribatlarını davam etdirməyə çalışırdı. Xüsusilə Laçın dəhlizi vasitəsilə qanunsuz silah daşınması, qondarma rejimin fəaliyyətinin davam etdirilməsi ölkəmizin təhlükəsizliyini təhdid edirdi. Azərbaycan dövləti 2023-cü il aprelin 23-də Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsi yaradaraq bu təhdidlərin qarşısını qətiyyətlə aldı. Bu addım ölkəmizin öz sərhədlərinə nəzarətini təmin etməklə, dövlət suverenliyinin daha da gücləndirilməsi istiqamətində tarixi nailiyyət oldu.

2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusu Qarabağ iqtisadi rayonunda separatçıların törətdiyi təxribatlara cavab olaraq lokal xarakterli antiterror tədbirləri həyata keçirdi. Bir gün davam edən bu əməliyyat nəticəsində qondarma rejim özünü buraxmaq məcburiyyətində qaldı və Azərbaycan ərazilərində dövlət suverenliyi tam bərpa olundu. Bu, xalqımızın onilliklər boyu gözlədiyi tarixi ədalətin bərpası, müstəqil dövlətimizin gücünün və qüdrətinin təntənəsi idi.

Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə hər il sentyabrın 20-si ölkəmizdə Dövlət Suverenliyi Günü elan edilmişdir. Bu qərar dövlətçilik tariximizdə mühüm mərhələ olmaqla yanaşı, xalqımızın müstəqillik, suverenlik və ərazi bütövlüyü uğrunda iradəsini, milli birliyimizi və gələcək nəsillərə tarixi Zəfərin əhəmiyyətini çatdırır. Eyni zamanda, həmin gün dövlətçilik ənənələrinin qorunması, suveren hüquqların müdafiəsi və milli maraqların qorunması istiqamətində atılan addımları təcəssüm etdirir. Ötən il sentyabrın 20-də Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə çıxış edən dövlətmizin başçısı bildirib ki, düz bir il bundan əvvəl qəhrəman Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa etmişdir: “Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi”.

Cənab İlham Əliyevin dövlətçiliyimizin möhkəmləndirilməsi və hüquqi əsaslarının gücləndirilməsi istiqamətində atdığı mühüm addımlardan biri də 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsidir. Bu qərar Azərbaycanın beynəlxalq nüfuzunu yüksəldir, xalqımızın milli kimliyini və müstəqil inkişaf yolunu dünyaya bir daha aydın şəkildə nümayiş etdirir. Bu istiqamətdə həyata keçirilən tədbirlər dövlətin institusional dayanıqlığını gücləndirir, həmçinin milli maraqların qorunması və beynəlxalq arenada ölkəmizin tanınmış prinsiplərinin müdafiəsi üçün əhəmiyyətli baza rolunu oynayır.

Artıq Azərbaycan bütün sahələrdə yeni inkişaf dövrünə qədəm qoyub, bu şəraitdə ölkəmizin qarşısında duran əsas vəzifə iqtisadi yüksəlişi daha da sürətləndirmək, daxili sabitliyi möhkəmləndirmək və əldə olunmuş nailiyyətləri qoruyub saxlamaqdır. Dövlət suverenliyinin təmin edilməsi təkcə tarixi qələbə deyil, həm də xalqımızın gələcək rifahı naminə yeni imkanlar deməkdir.

Heydər Əsədov,
​Milli Məclisin deputatı

Избранный
52
3
ikisahil.az

4Источники