RU

“Sədərək” və “Binə”də valyuta köçürmə sistemi- 1,5 milyonluq dələduzluq, özünə qəsd və müəmmalı Həmzə…

“Sədərək” və “Binə” Ticarət Mərkəzində çalışan şəxslər dələduzluqla üzləşib. Onlara qarşı dələduzluq edən şəxs də ticarətlə məşğul olurmuş. Valyuta alqı-satqısına görə verilən pullar “yoxa” çıxıb. İşin diqqət çəkən tərəfi budur ki, ayrı-ayrı tanışlarından pul alan şəxs özünü bıçaqlayıbmış.

“Binə” ticarət mərkəzində mağazası olan 45 yaşlı İlqar Abbasov xüsusi ilə külli miqdarda dələduzluqda ittiham olunaraq həbs edilib.

İlqar Abbasov geyim əşyaları satırmış. O, karqo və valyuta alqı-satqısı işi görməyə başladığını deyərək tanışlarından pul almağa başlayıb. Onun pul aldığı şəxslər “Binə” və “Sədərək”də ticarətlə məşğul olanlarmış.

Həmin şəxslər İlqar Abbasova valyuta alqı-satqısı edərək 1-2 faiz qazanc əldə etmək, xaricə göndəriləcək pulların dollar olaraq ünvana çatdırılması üçün müxtəlif məbləğlər verib.

İttihama görə , İlqar Abbasov 6 nəfərdən 280 min, 527 min, 238 min, 221 min, 38 min, 255 min manat olmaqla ümumilikdə 1 milyon 559 min manat pul alıb.

Cinayət məsuliyətinə cəlb edilən İlqar Abbasov ittihamları qəbul etməyib və adı çəkilən şəxslərdən pulları sələmə aldığını, bəzilərindən borc götürdüyünü deyib. Abbasov aldığı pulları qaytardığını iddia edib. Zərərçəkmiş şəxslər ondan şikayətçi olub.

İşdə diqqət çəkən məqamlardan biri İlqar Abbasovun özünə xəsarət yetirməsidir. Maraqlıdır ki, İlqar Abbasov özünə kürək nahiyəsindən xəsarət yetirib.

Məlumata görə, İlqar Abbasov özünə kürək nahiyəsindən zərbə vurararaq hücuma məruz qalması ilə bağlı görüntü yaratmaq istəyib. Lakin polis əməkdaşları istintaqla müəyyən ediblər ki, İlqar Abbasov özü-özünə xəsarət yetirib.

İlqar Abbasov bununla borcunu tələb edən şəxslərdən canını qurtarmaq istəyib. Onun özünə xəsarət yetirməsi zərərçəkmişlər tərəfindən iki cür şərh edilib. Bildirilib ki, İlqar Abbasov bununla basqına məruz qaldığını, pulların ələ keçirildiyini göstərmək istəyib. İkinci variantda isə bununla zərərçəkmiş şəxslər tərəfindən təhdidlərə məruz qaldığını, təhdid edildiyini göstərməyə çalışıb.

Zərərçəkmiş şəxslərin ifadələrində diqqət çəkən başqa məqam da olub. Məlum olub ki, “Binə” və “Sədərək” ticarət mərkəzlərində pul köçürmə, “abmen” işlərinə rəhbərlik edən Həmzə adlı şəxs var. İlqar Abbasov da özünü Həmzənin adamı kimi təqdim edərək pul aldığı şəxslərin etibarını qazanıb.

İstintaq zamanı İlqar Abbasovun bəzi şəxslərlə danışıqları, yazışmaları üzə çıxıb. Abbasovun bəzi şəxslərdən müxtəlif məbləğlərdə pul aldığı, valyuta alqı-satqısı ilə məşğul oldu müəyyən edilib.

Lakin başqa bir məqam var ki, qeyd edilən 1,5 milyon manatlıq pulun dəqiq olaraq İlqar Abbasova çatmasını sübut edən faktlar yoxdur. Çünki tərəflər arasındakı alış-veriş şifahi qaydada olub. Zərərçəkmiş şəxslər bunu etiraf edib.

İlqar Abbasov ittihamda göstərilən məbləğləri inkar edib. Abbasov son zamanlar maliyyə problemləri yaşadıqlarını etiraf edib və problemlərinin olduğunu bildirib.

Zərərçəkmişlər İlqar Abbasovla yanaşı bu işdə onun qardaşı və qayınatasının da adını çəkiblər.

İlqar Abbasov xüsusi ilə külli miqdarda dələduzluqda ittiham olunaraq 11 il müddətinə azadlıqdan məhrum edilib.

Musavat.com

Избранный
14
2
editor.az

3Источники