“Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsində Portuqaliyada “Benfika” üzərində qazandığı tarixi qələbə (3:2) xarici mətbuatda geniş işıqlandırılıb. SİA xəbər verir ki, Avropanın bir sıra nüfuzlu aparıcı idman nəşrlərində Azərbaycan çempionunun Lissabonda əldə etdiyi zəfər barədə materiallar dərc olunub.
İspaniyanın “Marca” nəşrində “Qarabağ”ın son dəqiqələrə kimi təslim olmadığı və bunun nəticəsində möhtəşəm geridönüş edərək tarix yazdığı qeyd edilib: “Bəhlul Mustafazadənin başla vurduğu qol ofsayd səbəbi ilə qeydə alınmasa da, “Da Luş” stadionunda ab-hava artıq dəyişmişdi. Oyuna nəzarət “Qarabağ”ın əlində idi. Bu, sadəcə, qələbə deyil, Azərbaycan futbolunun Çempionlar Liqasındakı yeni tarixi səhifəsidir”.
“Mundo Deportivo” nəşri yazıb ki, “Qarabağ”ın göstərdiyi əzmkarlıq son dəqiqələrdə bəhrəsini verdi: “Kamilo Duranın ev sahiblərinin qapısına soyuqqanlıqla vurduğu qoldan sonra “Benfika” tamamilə çarəsiz vəziyyətə düşdü. Ağdamlıların ardıcıl qolları lissabonluları tamamilə ruhdan saldı”.
Fransanın nüfuzlu L’Équipe nəşri “Benfika”nın zəif çıxışını təəccüblə vurğulayıb. Yazıda bildirilib ki, Çempionlar Liqasında böyük təcrübəyə malik Lissabon klubu gözlənilmədən “Qarabağ” qarşısında büdrədi: “Ağdam təmsilçisi isə 7 ildən sonra Çempionlar Liqasına qayıdışını möhtəşəm qələbə ilə qeyd etdi”.
İngiltərənin “The Athletic” nəşri bu görüşün hər iki komanda üçün unudulmaz qalacağını qeyd edib. BBC isə oyundansonrakı mənzərəni belə təsvir edib: “Final fitindən sonra “Qarabağ”ın oyunçuları və məşqçilər diz çökərək tarixi qələbəni bayram etdilər. Bu uğur Çempionlar Liqasının salnaməsinə yazıldı”.
Portuqaliyanın “Record” portalında vurğulanıb ki, ötən gecə “Benfika”nın 121 illik tarixində doğma meydanda ən azı 2 top fərqi ilə öndə olub, amma uduzduğu nadir anlardan biri yaşandı.
Türkiyə mətbuatında isə “Qarabağ”ın tarixi zəfərinin Avropada geniş rezonans doğurduğu bildirilib. Azərbaycan çempionunun səfərdə möhtəşəm geridönüş edərək, yeni tarix yazdığı “Yeni Şafak” isə matçın nəticəsini gecənin sürprizi adlandırıb.