RU

Merz: “Putin sərhədləri sınayır, Almaniya konkret təhlükədədir”

Almaniya kansleri Fridrix Merz bildirib ki, Rusiya prezidenti Vladimir Putin uzun müddətdir ki, sərhədləri və beynəlxalq qaydaları sınağa çəkir.

Turkustan.az xəbər verir ki, Merz bu fikirləri Almaniya parlamenti Bundestaqda büdcə müzakirələri zamanı etdiyi çıxışda səsləndirib. O, Almaniyada cəmiyyətin artan narahatlıq və etibarsızlıq hissi yaşadığını vurğulayıb:

“Azadlığımız yalnız abstrakt bir anlayış deyil, həm də çox konkret şəkildə təhlükə altındadır.”

Merz Almaniyanın iqtisadi modelinin azad ticarət və açıq bazarlara əsaslandığını, lakin artan proteksionist yanaşmaların bu modelə təzyiq etdiyini bildirib. O vurğulayıb ki, Almaniya hökuməti azadlığı qorumaq, rifahı təmin etmək və cəmiyyətdə yeni birliyi formalaşdırmaq üçün qətiyyətlə hərəkət edəcək.

Kansler çıxışında Ukraynada davam edən müharibəyə də toxunub və bu münaqişənin Avropa İttifaqı və NATO ölkələri üçün ciddi nəticələr doğurduğunu qeyd edib:

“Bu müharibə həyatımıza çox konkret şəkildə təsir edir. Biz müharibənin bitməsini istəyirik. Amma bunun uzun sürəcəyindən narahatıq.”

Merz əlavə edib ki, Ukraynanın siyasi suverenliyi və ərazi bütövlüyü ilə bağlı heç bir güzəştə gedilməməlidir:

“Təslim olmaq, Putini növbəti hədəfini axtarmağa təşviq edər. Bu günlərdə Polşa və Rumıniya hava məkanının pozulması bunun nə qədər real olduğunu göstərdi.”

Kansler həmçinin Rusiyanın Almaniya daxilində sabitliyi pozmaq üçün müxtəlif yollara əl atdığını bildirib:

“Putin uzun müddətdir ki, sərhədləri sınayır. O, sabotajla, casusluqla, qətllərlə və iğtişaşları qızışdırmaqla alman cəmiyyətini zəiflətməyə çalışır.”

Merz çıxışının sonunda hökumətin bu cəhdlərə qarşı səssiz qalmayacağını və Almaniyanın müdafiə qabiliyyətini, həmçinin milli birliyini gücləndirəcəyini bildirib.

Aytən Yaşar/ Turkustan.az

Избранный
24
turkustan.az

1Источники