"Komandamızın əldə etdiyi qələbələr Qarabağ adını Azərbaycanda həm coğrafi, həm də idman baxımından qələbə sözü ilə assosiasiya edir".
İdman.biz xəbər verir ki, bunu Sportnet.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda "Qarabağ"ın Portuqaliyada "Benfika" üzərində qazandığı 3:2 hesablı qalibiyyəti şərh edərkən deyib.
Onun sözlərinə görə, "Qarabağ" bu zəfərlə bir futbol klubu olaraq, Azərbaycan komanda idman növlərində də qələbə qazana bildiyini, bu komanda üçün heç bir rəqibin əlçatmaz və ya məğlubedilməz olmadığını sübut edib: "Bu, Azərbaycan gəncliyində futbola marağı artırmaqla bərabər, həm də xüsusən kütləvi oyunlarda kollektiv özünəinamı tərbiyə edir. Məncə, bu, idman tariximizin yeni səhifələrindən biridir".
Babaoğlu Azərbaycan Prezidenti İlham Əliyevin qələbə münasibətilə "Qarabağ"a təbrik ünvanlamasından da danışıb: "Cənab Prezidentin təbriki idmanın ölkədə necə sevildiyinin, ictimai diqqət mərkəzində olduğunun və dövlət qayğısı ilə əhatə edildiyinin göstəricisidir. Ona görə də önümüzdəki çətin mərhələdə və çətin keçəcək oyunlarda da "Qarabağ"ımıza uğurlar arzulayır və əldə etdiyi qələbələrlə hər birimiz fəxr edirik. Sükanı belə saxlasınlar".
İdman.biz