RU

Anasının qətlinə şahid olan uşaqların aqibəti necə olur? — AÇIQLAMA

"Ətrafa münasibətimiz ilkin olaraq bizim sosial çevrəmiz olan ailəmizdən başlayır. Təəssüflər olsun ki, bəzən valideynlər bizə necə valideyn olmağı deyil, necə valideyn olmamağı öyrədirlər. Həmin situasiyanı biz bu hadisədə görürük".

Bu sözləri Demokrat.az-a açıqlamasında psixoloq Fidan Canbabazadə deyib. 

O bildirib ki, ilkin olaraq burada insanların ailə qurmasına nəzər yetirmək lazımdır:

"Təəssüflər olsun ki, müasir dövrdə insanlar bir-birini çox tanımadan, bir-birini çox bilmədən ailə qura bilirlər. Və yaxud da ailə quranda, məsələn, qarşı tərəfdə problemli şəxsin olma ehtimalı ola bilər – psixoloji çətinlikləri olan birinin, hətta cinayətkarın və s. 

Əsas məsələ cəmiyyətdə olan və təbliğ edilən bəzi yanlış düşüncələrdir: "Ailə qurarsan, düzələr", "Zamanla hər şey yaxşı olacaq" və s. Amma əslində ailə qurmazdan əvvəl həm xanımların, həm bəylərin özlərinə sual verməsi vacibdir: "Bu insan dəyişməsə, mən onunla yaşaya bilərəmmi?" Əgər cavab "xeyr"dirsə və siz sadəcə dəyişəcəyini ümid edirsinizsə, o ailəni qurmağa dəyməz".

Psixoloq deyib ki, belə uşaqlar mütləq dövlətin nəzarətində olmalıdır:

"Kim qəyyumluğa götürəcəksə, o insan da ciddi şəkildə yoxlanmalıdır. Uşaq ikinci dəfə travma yaşamamalıdır. Uşağa həmçinin peşəkar psixoterapiya dəstəyi göstərilməlidir. Çünki belə uşaqlar çox vaxt baş verən hadisələri özləri ilə bağlayırlar, özlərini günahlandırırlar. Əgər uşaq bu travmanı uzun müddət yaşayıbsa, bu travma yalnız bir hadisə ilə deyil, ümumi bir dövrlə, keçmişlə bağlı ola bilər.

Yekunda, belə uşaqlar mütləq psixoloq və ya psixoterapevt nəzarətində olmalıdır, uzun müddət davamlı dəstək almalıdırlar ki, gələcəkdə həyatlarındakı bu hadisə onlara problem yaratmasın. İnsanların anonimliyi isə hər zaman qorunmalıdır".

Qeyd edək ki, Sumqayıtda ata 10 yaşlı övladının gözü qarşısında anasını qətlə yetirib.


Əfsanə Kamal
Demokrat.az
Избранный
15
1
demokrat.az

2Источники