Xocalı rayonunun Seyidbəyli kəndində 10 ev bərpa edilib.
Bu ilin sonunadək 44, 2026-cı ildə isə daha 64 ev istismara hazır olacaq. İndiyədək kəndə 9 ailə (31 nəfər) köçüb.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə jurnalistlərə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı məlumat verib.
O bildirib ki, Seyidbəyli kəndi 2023-cü ilin sentyabrında Silahlı Qüvvələrimizin həyata keçirdiyi antiterror əməliyyatı zamanı Azərbaycanın nəzarətinə keçib.
Bundan sonra kəndin sosial infrastrukturunun qurulmasına başlanılıb. Belə ki, 30 kilometr uzunluğunda mövcud elektrik xətti bərpa olunub, 2 transformator quraşdırılaraq sayğaclaşdırma işlərinə start verilib.
Magistral qaz xətləri çəkilib, 5,7 kilometr uzunluğunda mövcud qaz xətti, həmçinin su anbarı, subartezian quyusu bərpa edilib, içməli su şəbəkəsi yenidən qurulub. Kənddə bayraq meydanı salınıb, kənddaxili yollar asfaltlanıb.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Xocalı rayonunun Seyidbəyli kəndində olub, sakinlərlə görüşüb.