RU

Musiqi Festivalı bu il ölkənin 10 dan çox şəhərində keçiriləcək

Azvision portalından verilən məlumata görə, ain.az xəbər yayır.

1995-ci ildə Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə dahi bəstəkarın 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb. 2009-cu ildə isə Üzeyir bəyin adı ilə şərəflənən Beynəlxalq Musiqi Festivalının əsası qoyulub. Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18-28 sentyabr tarixlərində Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Ənənəvi musiqi bayramı bu il dahi bəstəkarın 140 illik yubileyi ilə əlamətdardır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 fevral 2025-ci il tarixli Sərəncamı ilə böyük musiqi xadiminin yubileyi ölkəmizdə və xaricdə müxtəlif tədbirlərlə qeyd edilir. Builki festival unudulmaz bəstəkarın yubileyinə qiymətli töhfə olacaq. Türk Mədəniyyəti və İrsi Fondu ilə ICESCO-nun dəstək verəcəyi festival bu il də bir sıra ölkələrdən (Türkiyə, ABŞ, Almaniya, Fransa, İsveçrə, Koreya Respublikası və s.) tanınmış ifaçı və kollektivləri, musiqişünasları bir araya gətirəcək. Sentyabrın 18-də saat 10:00-da Fəxri xiyabanda Üzeyir Hacıbəylinin və musiqi mədəniyyətimizin inkişafına töhfələr vermiş görkəmli incəsənət xadimlərinin məzarları ziyarət olunacaq. Saat 11:00-da Azərbaycan Milli Konservatoriyasında Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunmuş tədbir keçiriləcək. Saat 12:00-da Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qarşısında, açıq havada Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, Müdafiə Nazirliyinin Estrada Orkestri və Azərbaycan Dövlət Xor Kapellasının ifasında konsert keçiriləcək.

Həmin gün saat 14:00-da Üzeyir Hacıbəylinin Ev-Muzeyində dahi bəstəkarın 140 illiyinə həsr olunmuş ədəbi-bədii proqram təqdim ediləcək. Axşam saat 19:00-da Heydər Əliyev Sarayında Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olacaq. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında Ü.Hacıbəylinin “Leyli və Məcnun” operası nümayiş olunacaq. Festivalın tarixində ilk dəfə olaraq musiqi bayramının tədbirləri paytaxtımızdan əlavə ölkəmizin 10-dan çox şəhər və rayonunu da əhatə edəcək. Sentyabrın 18-də Sumqayıt, Mingəçevir, Sabirabad, Şamaxı, Şəki, Biləsuvar, Füzuli, Şəmkir, Gəncə, Lənkəran, Xaçmaz, Göygöldə Üzeyir Hacıbəylinin musiqi əsərləri əsasında konsert və müvafiq tədbirlərin təşkili nəzərdə tutulur. Sentyabrın 18-də saat 16:00-da Ağcabədi Muğam Mərkəzində F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı xor qrupunun (xormeyster: Naala Barateliya) konserti keçiriləcək. Saat 19:00-da isə C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında bu mədəniyyət ocağı ilə Naxçıvan Dövlət Filarmoniyasının birgə layihəsi əsasında Ü.Hacıbəylinin "O olmasın, bu olsun" musiqili komediyasının tamaşası nümayiş olunacaq. Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində və Milli Musiqi Günü münasibətilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində, Avstriyanın Vyana, Almaniyanın Berlin və Türkiyənin Ankara şəhərlərində konsert və təqdimatlar təşkil ediləcək. AzVision.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
10
5
azvision.az

6Источники