16 sentyabr DOST Agentliyində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Yeni Dövrün Çağırışı: Sosial Məsuliyyətli İctimai Tərəfdaşlıq” mövzusunda dəyirmi masa təşkil olunub.
QHT.az xəbər verir ki, tədbirdə dövlət qurumları, qeyri-hökumət təşkilatları və özəl sektor nümayəndələri sosial məsuliyyətli əməkdaşlığın imkanlarını müzakirə ediblər. Açıq fikir mübadiləsi şəraitində keçirilən görüşdə maraqlı təkliflər səsləndirilib. Çıxışlarda qeyd olunub ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən DOST konsepsiyası bu gün Azərbaycanın güclü sosial brendinə çevrilib və sosial xidmətlərin müasir çağırışlara cavab verən uğurlu modeli kimi qəbul olunur.
DOST TV tədbir haqqında xüsusi reportaj hazırlayıb. “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə açıqlamasında bildirib ki, DOST Agentliyi QHT-lərin praktik layihələr üzərində işləməsinə xüsusi diqqət yetirəcək:
“Bu, sevindirici məqamdır. Mən özüm də təklif etdim ki, QHT-lər regionlarda müxtəlif layihələr icra edirlər və DOST Agentliyinin də bölgələrdə mərkəzləri mövcuddur. Biz vətəndaşların maarifləndirilməsi istiqamətində birgə sosial layihələr həyata keçirə bilərik. QHT-lərin əsas marağı dövlət qurumları ilə birgə işləməkdir. Xüsusən sosial sahədə inkişaf və islahatlar davam edir. Burada QHT-lərin rolu danılmazdır, çünki onlar vətəndaşlarla dövlət arasında körpü funksiyasını daşıyırlar. DOST-la QHT-lərin əməkdaşlığı yeni mərhələyə qədəm qoya bilər”.
Pərvanə Fərhadqızı