RU

“Arşın mal alan” filmlərinin iki yubileyi

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 17 sentyabr, Tatyana İvanayeva, AZƏRTAC

Bu il “Arşın mal alan” musiqili komediyası əsasında lentə alınmış iki filmə ekran həyatı verilməsinin 60 və 80 illik yubileyi qeyd edilir. Bununla belə, Üzeyir Hacıbəylinin operettasının ekranlara çıxmasından danışarkən, həmişə 1916-cı ildə çəkilmiş, öz növbəsində, gələn il 100 illiyini qeyd edəcək ilk filmi xatırlamaq da yerinə düşər. Rejissoru Boris Svetlov olan həmin film səssiz olsa da, musiqi ilə müşayiət olunurdu: müğənnilər və musiqi ansamblı səhnə arxasında yerləşərək aksiya boyu vokal və instrumental nömrələr ifa edirdilər. Film 1917-ci ildə ictimaiyyətə təqdim edilib və yerli prokatda idxal olunan filmləri üstələyib.

AZƏRTAC xəbər verir ki, operettanın həm teatrlarda, həm də kinoda uğuru “Arşın mal alan” komediyasının sonradan bir neçə dəfə lentə alınması cəhdlərinə səbəb olub. Bu cəhdlərdən biri müəllifin icazəsi olmadan edilib və dahi bəstəkar həmin filmin sonrakı prokatını qadağan etməyə müvəffəq olub. İkinci ekranlaşdırma zamanı çəkiliş prosesində edilən dəyişikliklər Üzeyir bəyi qane etməyib və iş dayandırılıb. Fransız film şirkəti “Pathé”nin cəhdləri də uğursuz olub.

“Arşın mal alan” komediyasının ən məşhur ekran variantı 1945-ci ildə edilən saxtakarlıq sayəsində yaradılıb. 1943-cü ildə müttəfiq dövlətlərin Tehran konfransında çıxış edən azərbaycanlı artistlər təsadüfən 1937-ci ildə ABŞ-da erməni kinorejissorları tərəfindən Üzeyir Hacıbəylinin müəllifliyi göstərilmədən istehsal olunmuş “Hollivud” filminin nümayişində iştirak ediblər. Bəstəkar plagiatla bağlı məlumatlandırılıb. Bundan xəbər tutan Üzeyir bəy etirazını birbaşa Stalinə ünvanlayıb. Lakin SSRİ həmin dövrdə Beynəlxalq Müəllif Hüquqları Konvensiyasının iştirakçısı deyildi və bu səbəbdən də müvafiq iddia qaldırmaq mümkün olmadı. Məhz o dövrdə əsərin sovet filmi versiyasını hazırlamaq qərarı verildi. Layihəyə milli nüfuz qazandırıldı - Sovet İttifaqının Amerikanı “ötüb keçmək” şansı var idi. “İzvestiya” qəzetinin 1946-cı ildə (No153) qeyd etdiyi kimi: “1945-ci il üçün Stalin mükafatına layiq görülmüş filmlər hələ müharibə illərində çəkilib”.

Yazıçı-dramaturq Sabit Rəhmanın ssenarisi əsasında ekranlaşdırılan filmin çəkilişləri Bakı Kinostudiyasında aparılıb. Yeni musiqi variantı üzərində dirijor və bəstəkar Niyazi çalışıb. Rejissorlar - tanınmış azərbaycanlı teatr rejissoru və aktyoru Rza Təhmasib və sovet rejissoru və ssenaristi Nikolay Leşşenko isə çoxsaylı iddiaçılar arasından baş rollar üçün aktyorları diqqətlə seçiblər.

Belə ki, Rəşid Behbudov dərhal baş rola seçilib, çünki rejissorlar və Üzeyir Hacıbəylinin özü bir dəfə onu səhnədə görüb və konsert zamanı “Arşın mal alan”dan parçalar ifa etdiyini eşidiblər. Rəşid Behbudovun sonralar xatırladığı kimi: “Bir neçə nömrə ifa etdikdən sonra atamın, həm də müğənni Məcid Behbudovun qara papağını geyindim və Əsgərin kupletlərini oxudum. Konsert başa çatdı və yaradıcı kollektivin üzvləri sevinclərini gizlətmədən mənə yaxınlaşıb dedilər: “Nəhayət, bizim qarşımızda əsl tacir Əsgər dayanır!...”

Gülçöhrə roluna gənc aktrisa Leyla Bədirbəyli seçilib. Lakin nədənsə, çəkiliş qrupu əvvəlcə göz qamaşdıran 20 yaşlı rəqqasəni bəyənməyib. Amma Leyla xanım filmdə baş rolu ifa etmək arzusunda olduğundan, Üzeyir Hacıbəyliyə yaxınlaşıb Gülçöhrə obrazını canlandırmaq istədiyini və buna nail olmaq üçün hər cür əziyyətə dözməyə, gecə-gündüz çalışmağa hazır olduğunu söyləyərək göz yaşlarına boğulub. Gənc gözəlin səmimiyyətindən təsirlənən bəstəkar rejissorlardan ona yenidən “baxmağı” xahiş edib. Zaman göstərdi ki, bu seçim uğurlu olub. 1916-cı ildə çəkilmiş filmdə eyni obrazı canlandıran Ələkbər Hüseynzadə yenidən Soltan bəy roluna qayıdıb.

Çəkiliş məkanı kimi Bakının yaxınlığında yerləşən Mərdəkan kəndi seçilib. Rəşid Behbudovun sözlərinə görə, bakılılar film çəkildiyini biləndə, “sandıqlarından” ailə yadigarlarını – ev əşyalarını, bəy interyerinə yaraşan paltarları çıxarıb çəkiliş meydançasına aparıblar. Beləliklə, bütün rekvizitlər real idi: qızıl portsiqar, zəngin geyimlər, zinət əşyaları, mebel, qab-qacaq...

Filmin çəkilişi başa çatdıqdan sonra onun hazır variantı 1945-ci il iyulun 5-də baş tutan Moskva Bədii Şurasına təqdim edilib. Müzakirədə SSRİ Xalq Komissarları Sovetinin Kinematoqrafiya Komitəsinin sədri İvan Bolşakov, onun müavinləri, eləcə də tanınmış rejissorlar və aktyorlar iştirak ediblər. Film sərt tənqidlərə məruz qalıb. O, “sovet reallığına yad” və “xalqın arzularına cavab verməyən” ekran əsəri hesab olunurdu. Filmin yaradıcıları inqilabdan əvvəlki həyatı gözəl təsvir etdiklərinə görə də tənqidə məruz qalmışdı. Musiqili komediyanı yalnız Sergey Eyzenşteyn müdafiə edib: “Bu film bir irəliləyişdir, uğurlu təcrübədir; xalq bunu qəbul edəcək. Bu film, həm də sənət əsəridir”.

Əgər həmin payız günlərində Stalin özü “Arşın mal alan”ı xatırlamasaydı, film bir ekran əsəri kimi “dəfn oluna bilərdi”. O, filmə üç dəfə baxdıqdan sonra deyib: “Çox yaxşı, xalqa lazımlı, gözəl personajları olan filmdir”. Bu qiymətləndirmədən sonra filmin premyerası 1945-ci il oktyabrın 1-də baş tutub və dərhal böyük populyarlıq qazanaraq sovet kinosunun ən böyük kommersiya hitlərindən birinə çevrilib.

1945-ci il oktyabrın 18-də “İzvestiya” qəzeti yazırdı: “Ssenari müəllifi Sabit Rəhmanov (orijinal), rejissorlar Əməkdar artistlər Rza Təhmasib və Nikolay Leşşenko, musiqi partiturasını yaradan bəstəkar Niyazi teatr tamaşasının miqyasını genişləndirərək Hacıbəyovun indi klassik əsərini diqqətlə ekrana gətirdilər. Filmdə bir sıra rəngarəng panoramlar, koloritli Azərbaycan mənzərələri və ya səs-küylü Şərq bazarı, köhnə şəhərin küçələri və gölməçələri, işıqlı, krujevalı pavilyonları olan Soltan bəyin kölgəli parkı müxtəliflik və dinamik yer dəyişməsi sayəsində bizə yeni kino keyfiyyətində təqdim olunur”.

Qeyd edək ki, filmin rus və Azərbaycan versiyalarının büdcəsi həmin dövrdə 5 milyon 807 min rubl idi (müqayisə üçün qeyd edək ki, 1943-cü ildə bir ədəd T-34 tankının qiyməti təxminən 200 min rubl olub). Bununla belə, “Arşın mal alan” ekranlara çıxdıqdan sonra iki il ərzində 5 milyard rubla qədər gəlir əldə etmişdi.

1946-cı ildə filmin yaradıcı heyəti (R.Təhmasib, N.Leşşenko, Ü.Hacıbəyli; R.Behbudov, M.Kələntərli, Ə.Hüseynzadə, L.Abdullayev; L.Cavanşirova) II dərəcəli Stalin mükafatı alıb. Elə həmin il Rza Təhmasib Azərbaycan SSR-nin Əməkdar incəsənət xadimi, Rəşid Behbudov isə Azərbaycan SSR-nin Əməkdar artisti fəxri adlarına layiq görülüblər.

1945-ci ildə “Arşın mal alan” filminə SSRİ-də 16,3 milyon tamaşaçı baxıb. Sonradan bu ekran əsəri 136 ölkədə nümayiş etdirilib, 86 dilə tərcümə olunub və bununla da sovet kinosunun layiqli incisi kimi formalaşıb. Mao Tszedun da filmi bəyənib. O, Çində “Adyalın altında məhəbbət” (çinlilər çadranı “adyal” adlandırırdı) adlı versiyanın çəkilişini sifariş edib. Həmin film 1952-ci ildə çəkilib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli 211 nömrəli qərarı ilə “Arşın mal alan” filmi Azərbaycanın Milli Sərvəti elan edilmiş filmlər siyahısına daxil edilib.

2013-cü ildə operettanın 100 illik yubileyi münasibətilə Heydər Əliyev Fondunun dəstəyi ilə 1945-ci ildə çəkilmiş film bərpa edilib və onun rənglənmiş variantı yaradılıb. Ən müasir texnologiyalardan istifadə edilən bərpa prosesi bir neçə ay çəkib və bu işdə müxtəlif ölkələrdən mütəxəssislər iştirak ediblər. Yenilənmiş “Arşın mal alan” 2013-cü il iyulun 7-də Kann şəhərində Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində təqdim olunub, dekabrın 10-da isə Bakıda Heydər Əliyev Mərkəzində onun nümayişi olub. 2014-cü il fevralın 7-də film London “King's College”də, 2015-ci il sentyabrın 19-da isə Los-Ancelesdə nümayiş etdirilib. Filmin nümayişi Hollivudun məşhur “Ricardo Montalbаn” kinoteatrında baş tutub.

1945-ci ildə çəkilmiş filmin inanılmaz kommersiya uğuru 20 il sonra, 1965-ci ildə bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 80 illiyinə təsadüf edən yeni ekranlaşdırma ideyasını yaradıb. Azərbaycan kinorejissorları daha sonra genişformatlı bədii filmin çəkilişlərinə başlayıblar. Ekran əsərinin ssenari müəllifi Muxtar Dadaşov, həmmüəllif isə həm də filmin quruluşçu rejissoru olan Tofiq Tağızadədir. Filmin musiqisini görkəmli bəstəkar Fikrət Əmirov yenidən redaktə edib.

1965-ci ildə çəkilmiş filmə komediya elementləri əlavə edilib, daha sərbəst ekran variantı təklif olunub və Əsgərlə Gülçöhrənin görüşlərinin dramatik təsiri artırılıb. Yeni versiya, həmçinin texniki təchizat baxımından daha mükəmməl idi. Quruluşçu operator İlya Minkovetski və quruluşçu rəssam Elbəy Rzaquliyev bütün səhnələri setlərdə deyil, respublikamızın gözəl guşələrinin fonunda çəkiblər. Filmdə Azərbaycanın Göygöl, Quba və digər yerlərinin füsunkar mənzərələrindən məharətlə istifadə olunub.

Filmdə Azərbaycanın tanınmış teatr və kino aktyorları çıxış ediblər. Rejissor Əsgər və Süleyman, eləcə də Gülçöhrə rollarına dörd yüzə yaxın aktyoru sınaqdan keçirib. Namizədliyi təsdiqlənəndən sonra Əsgər obrazını canlandıran Həsən Məmmədovun həyəcanını anlamaq heç də çətin deyildi. Axı həmin obrazı artıq parlaq sənətkar Rəşid Behbudov yaratmışdı. Baş qadın rolunu həmin vaxt balet sənəti üzrə təhsil alan Leyla Şıxlinskaya oynayıb və ssenariyə görə, Gülçöhrə obrazının da rəqqasə olması tələb olunurdu. Hacı Murad Yagizarov Süleyman rolunda kinoda debüt edib, baxmayaraq ki, rejissor əvvəlcə onun Əsgər rolu üçün yoxlanılmasını istəsə də, aktyorun öz xahişi ilə baş qəhrəmanın dostu roluna çəkilib. Asya rolu Azərbaycan Dövlət Teatr İnstitutunun II kurs tələbəsi Xuraman Hacıyevaya həvalə olunub. Azərbaycan SSR Xalq artisti Ağadadaş Qurbanov üçün müflis olmuş Soltan bəy obrazı aktyorun sonuncu rolu olub. O, 1965-ci il iyunun 22-də bədbəxt hadisə nəticəsində faciəvi şəkildə dünyasını dəyişib. Əsgərin bibisi Cahan xala obrazını Azərbaycan SSR-nin Əməkdar artisti Nəcibə Məlikova ifa edib. Qulluqçu dueti: Vəli rolunda aktyor və məşhur komediya artisti Tələt Rəhmanov, Telli rolunda isə Səfurə İbrahimova çıxış ediblər. Qeyd edək ki, qocaman arşın tacirinin epizodik rolunu 1916-cı ildə “Arşın mal alan” filminin ekranlaşdırılması zamanı rol almış Azərbaycan SSR-nin Əməkdar incəsənət xadimi Məmməd Əlili ifa edib. Qoçu obrazını 1916-cı ildə Tiflisdə Telli obrazını canlandıran Azərbaycan SSR-nin Xalq artisti Mövsüm Sənani yaradıb (ilk filmdə bütün qadın rollarını kişilər ifa edirdilər – redaktorun qeydi). Faytonçu rolunu Azərbaycan SSR-nin Əməkdar artisti, epizodik rollar ustası, məşhur Hacıməmməd Qafqazlı ifa edib.

Filmin iki dildə təkrar ekranlaşdırılması olduqca uğurlu olub. Əslində, bütün heyət ekranlaşdırma üzərində işə başlayanda, inanılmaz dərəcədə həyəcanlanmışdı. Hər kəs tam məsuliyyəti və 1945-ci ilin filmi ilə labüd müqayisələri dərk edirdi. Zarafat deyildi; Üzeyir Hacıbəylinin məşhur operettasının yeni versiyasını tamaşaçılara təqdim etməli olurdular. Onlar buna nail oldular. Tofiq Tağızadənin “versiyasına görə” çəkilən genişekranlı rəngli “Arşın mal alan” komediyası 60 ildən artıqdır ki, ekrandadır. 1967-ci ildə komediya Tbilisidə keçirilən “Prometey-67” 1-ci Zonal Film Festivalında Gürcüstan Bəstəkarlar İttifaqının “Ən yaxşı musiqili film” mükafatına layiq görülüb. 1945-ci ildəki ekran variantı kimi, bu film də ilk ilində 16,6 milyon tamaşaçı ilə SSRİ-nin ən çox gəlir gətirən 100 filmi siyahısına daxil olub. “Arşın mal alan”ın yeni versiyası altmışıncı illərin “Azərbaycanfilm” kinostudiyasının ən məşhur musiqili filmlərindən birinə çevrilsə də, möhtəşəm uğuru baxımından sələfini geridə qoya bilmədi.

Bu materialın hazırlanmasında Azərbaycan Dövlət Film Fondunun təqdim etdiyi fotoşəkillərdən istifadə olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
5
azertag.az

1Источники