RU

Yarımçıq qalan ömür və ya daxili nurlu DAXİL

Sabah onun doğum günüdür. Yaşasaydı 45 yaşı qeyd olunacaqdı. Çox təəssüf..

Hələ də inanmaq olmur onun yoxluğuna. Necə ki, ölüm xəbəri yayılandan inana bilmirik…
Həqiqətən də 2025-ci ilin iyun ayının 21-i Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin tədris işləri üzrə dekan müavini Daxil Vəliyevin qəfil vəfatı xəbəri Universitetimizin çoxminli kollektivini yaman sarsıtdı. Hamı, bütün kollektiv şokda idik. Heç kəs inana bilmirdi (ən çox da inanmaq istəmirdi) eşitdiyinə. Çünki, Daxil müəllim o qədər şən, pozitiv, gülərüz, zarafatcıl, mehriban, ən əsası da nikbin bir insan idi ki, ölüm kəlməsini ona heç cürə yaraşdıra bilmirdik. Yaşı da çox deyildi axı, 45 yaş nə yaşdır ki?
Daxil Vəliyev 1980-ci ildə anadan olub. İlk təhsilini Mehdiabad qəsəbə orta məktəbində alıb. Ali təhsilə 1999-2003-ci illərdə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsində “Fəlsəfə” ixtisası üzrə bakalavr səviyyəsində, 2003-2005-ci illərdə isə magistr səviyyəsində yiyələnib.
2005-2009-cu illərdə BDU-nun “Fəlsəfə tarixi və mədəniyyətşünaslıq” kafedrasının aspirantı olan Daxil Vəliyev fəlsəfə sahəsinin gənc, lakin çalışqan tədqiqatçılarından olub. O, 2013-cü ildə görkəmli fikir adamı, ilahiyyatçı, sosioloq, tarixçi, İran İslam İnqilabının əsas ideoloqlarından olan Əli Şəriətinin dini-fəlsəfi görüşlərinə işıq tutan dissertasiya işini uğurla müdafiə edərək fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb. O, bu dissertasiyada Əli Şəriətinin sosiologiya və din üzərində dərin araşdırmalarının nəticələrini, zəngin irsini, yaradıcılığının yüksək fəlsəfi ruhunu, dini kamilliyini tutarlı təhlillər və böyük ustalıqla qələmə almışdır.
Həyatını Bakı Dövlət Universitetinə bağlayan Daxil Vəliyev 2007-ci ildən BDU-nun Sosial elmlər və psixologiya fakültəsində metodist, 2013-cü ildən dekan müavini, müəllim, 2017-ci ildən isə “Fəlsəfə tarixi və mədəniyyətşünaslıq” kafedrasında dosent vəzifəsində çalışıb. Amma səhv etmərəm desəm ki, kollektivin böyük sevgi və ehtiramını, o, məhz dekan müavini vəzifəsində çalışdığı dövrdə qazanıb.
Bildiyimiz kimi, fəlsəfə – varlığın (yəni təbiət və cəmiyyətin), insan təfəkkürünün və idrak prosesinin tabe olduğu ən ümumi qanuna uyğunluqlar haqqında elmdir. İlk dəfə özünü “filosof” adlandıran Pifaqor deyirdi ki: “Mən öz yerimi bilirəm. Bilirəm ki, hikmət yalnız Tanrı biliyidir və məndə ola bilməz. Mən ancaq hikməti sevə bilərəm”. Bu baxımdan yanaşsaq, Daxil Vəliyevin fəlsəfə sahəsini seçməsi heç də təsadüfi deyildi. Çünki, o, bu həyatda öz yerini bilirdi və hər məsələdə bir hikmət axtarırdı…
Daxil Vəliyevi hamı çox istəyirdi. Bəs nə idi bunun səbəbi? Mənə elə gəlir ki, bunun əsas səbəbi odur ki, o, olduqca sakit, mülayim, təmkinli, insanlara sadəlik, xeyirxahlıq, mərhəmət, zəhmətkeşlik duyğuları aşılayan bir insan idi. Bu yerdə atalarımızın belə bir deyimi yada düşür: “Dərin çaylar sakit axar”. Bəlkə də elə buna görə, onu hamı çox istəyirdi – tələbələr də, dostlar da, illərlə yaxından tanıyanlar da…
O, istənilən ziddiyyətli məsələdə yalnız kompromis yoluna tərəfdar idi.
Tədris sisteminin xüsusiyyətləri ilə yaxından tanış olanlar yaxşı bilirlər ki, tədris-tərbiyə işlərinin gedişinə rəhbərlik, dərs yükünün bölğüsü, qrupların və müəllimlərin dərslərinin dərs cədvəlində müvafiq yerləşdirilməsi, kafedralarda tədris prosesi ilə bağlı işlərin təşkili, imtahan cədvəlinin tərtibi, tələbələrin tədris fəaliyyətinin və tədris-istehsalat təcrübəsinin istiqamətləndirilməsi, müəllimlərin tədris məşğələlərində iştirak, onlara metodiki köməklik göstərilməsi, semestr imtahanlarının keçirilməsində iştirak və s. tədrisdə olduqca ağır və məsuliyyətli məsələlərdəndir. Mən hələ hər hansı tədbirin, konfransın təşkilində iştirakı demirəm. Fakültə dekanlarının bilavasitə nəzarətində olmasına baxmayaraq, bu məsələlərə adətən tədris işləri üzrə dekan müavinləri cavabdeh olurlar. Bu baxımdan Daxil Vəliyevin Sosial elmlər və psixologiya fakültəsinin tədris işləri üzrə dekan müavini kimi fəaliyyəti həmişə göz qabağında olub. O, bu vəzifəni daşıdığı ilk gündən (istər əvvəlki dekan Hikmət müəllim Əlizadənin vaxtında, istərsə də hazırki dekan Rövşən müəllim Cavadovun dövründə) özünü çalışqan, nizam-intizamlı, professor-müəllim heyətinə canı yanan, tələbələrin isə hər hansı bir probleminə qayğı ilə yanaşan dekan müavini kimi göstərib. Mən deyərdim ki, onu kollektivə sevdirən əsas səbəblərdən biri və başlıcası, məhz bu xüsusiyyətləri oldu. Fakültələrimiz ayrı olsa da, mən bunu dəqiq bilirəm. Həm öz şəxsi təəssüratlarıma əsasən, həm də ocağında böyüdüyüm görkəmli filosof-alim, uzun illər Universitetin “Təbiət fakültələri üzrə fəlsəfə kafedrası”nın müdiri olmuş “Şöhrət” və “İstiqlal” ordenli akademik Fuad Qasımzadənin dilindən eşitdiyim söhbətlərə görə. Fuad müəllim Daxil Vəliyev haqqında söz düşəndə həmişə xoş, səmimi sözlər deyib, onu məsuliyyətli və bacarıqlı bir işçi kimi dəyərləndirib (o vaxtlar Daxil müəllim Sosial elmlər və psixologiya fakültəsində metodist vəzifəsində çalışırdı). 2010-cu il avqustun 4-də Fuad müəllimin doğma Universitet divarları arasında keçirilən və heç zaman unuda bilməyəcəyimiz vida mərasimində Daxil müəllimin bir doğma kimi iştirakı isə, əziz müəlliminə və fəlsəfə elminin ustadına səmimi hörmət-ehtiramın bariz təzahürü idi. Odur ki, onun haqqında qiyabi də olsa müsbət bir fikir formalaşmışdı məndə. Sonradan yaranan tanışlıq isə qısa zamanda çox səmimi bir dostluğa çevrildi – qırılmaz tellərlə bağlı bir dostluğa.
O, olduqca səmimi, xeyirxah, pozitiv bir insan idi. Adama hərdən elə gəlirdi ki, onda eyni vaxtda həm uşaq məsumluğu, həm də böyük müdrikliyi cəmləşib. O, böyüklə – böyük, kiçiklə – kiçik olmağı asanlıqla bacarırdı. Onların fakültələrinə dair hər hansı məsələ ilə bağlı nəsə bir sual yarananda, ilk ağlımıza gələn Daxil müəllim olurdu. Zəng etdikdə, o, özünəməxsus təmkinlə sözümüzü dinləyər, sualımızı cavablandırar, yeri gələndə zarafatından da qalmazdı. Hər görüşümüzdə olunan zarafatlar və şaqrar, ürəkdən gələn gülüşləri isə bəlkə də heç zaman xatirimdən silinən deyil. Təəssüflər olsun ki, həmin şaqrar gülüşlərin sahibi haqqında biz artıq keçmiş zamanda danışmalıyıq.
Yazımın əvvəlində qeyd etdim ki, Daxil müəllimin itkisi çoxları kimi məni də çox sarsıtdı. Və mən, əziz həmkarımız, 45 illik nakam ömrünü tədrisə həsr edən Daxil Vəliyev haqqında çox söz deyə bilərdim, çünki çoxları kimi mənim də ürəyim doludur. Amma istərdim ki, bizdən cismən ayrılsa da, mənən ayrı təsəvvür etmədiyimiz əziz dostumuz haqqında bu kiçik yazımı onun yoxluğunu eşitdiyim gün qələmə almağa başladığım və 3-ü mərasimi günü bitirdiyim bir şeirdən (ixtisarla) parçalarla yekunlaşdırım:

2025, 21 iyun!
Son səhər.
Son qayğı.
Son ün.
Son cavab.
Könüllər pərişan, çöhrələr tutqun,
Natamam bir ömür, yarımçıq kitab.

BDU-nun dəyərli bir övladını,
Doğma kollektivdən qopardı fələk.
Ürəklərə yazıb əziz adını,
Ruhlar dünyasına apardı fələk.

İlk təhsilin alıb Mehdiabadda,
Təhsili, tədrisi eylədi peşə.
Zəhmətdən güc alıb daim həyatda,
Ömrünü həsr etdi sosial işə.

Fəlsəfədən oldu söhbəti, sözü,
Fəlsəfədən oldu bütün dərsləri.
Pisi yox, yaxşını görərdü gözü,
Onu çox sevirdi tələbələri.

O, göylərin yerdə möcüzəsiydi,
Sadəlik, nəciblik, zəhmət simvolu.
Bu nahaqq dünyada haqq bəndəsiydi,
Haqqdan güc alırdı tutduğu yolu.

Ailəcanlı idi, dostcanlı idi,
Ailədə görərdi dövlət-varını.
Heç nədən şikayət etməzdi, qəti,
İçində çəkərdi acılarını.

Ümiddən boylanan kəlmələrində,
Heyrandıq səmimi cavablarına.
Fələk onu yəqin tez apardı ki,
Batmasın zamanın çirkablarına…

Öyrəndi, öyrətdi, qəlbində sevgi,
Yaşadı, kimsəyə pislik etmədən.
Yolları olsa da daşlı-kəsəkli,
Yaşadı, doyunca kama yetmədən.

Çata bilməsə də o, 45 yaşa,
Qəlblərdə sönməyən köz qoyub, getdi.
Ömrünü şərəflə yetirib başa,
BDU tarixində iz qoyub, getdi.

Və mən əminəm ki, zaman keçsə də, saatlar – günləri, günlər – ayları, aylar da illəri əvəzləsə də, yoxluğu qəlbimizi hələ çox yandıracaq, Daxil Vəliyevin nurlu xatirəsi yaddaşlardan heç vaxt silinməyəcək.
Ruhu şad olsun!

 

Anar Məmmədov: şair-publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü

Избранный
25
moderator.az

1Источники