RU

Qlobal dialoqlar məkanı

Qarabağ və Şərqi Zəngəzur ali görüşlərin ünvanına çevrilib

Vətən müharibəsindəki Zəfərimizdən və suverenliyimizin tam bərpasından sonra Qarabağ və Şərqi Zəngəzur tikinti-quruculuq ünvanı ilə yanaşı, beynəlxalq tədbirlərin, ali görüşlərin ünvanına çevrilib. 

Prezident İlham Əliyevin rəhbərliyi altında baş verən tarixi dəyişikliklər, Qarabağ və Şərqi Zəngəzurun yalnız ölkənin içində deyil, dünya səhnəsində də əhəmiyyətini artırmağa davam edir. Bu gün Qarabağ və Şərqi Zəngəzur həm də beynəlxalq tədbirlərin təşkil olunduğu, diplomatik əlaqələrin genişləndiyi və yeni əməkdaşlıq imkanlarının yaradıldığı məkana çevrilir.

Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından sonra Qarabağda aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri bölgənin iqtisadi, mədəni və siyasi əhəmiyyətini daha da artırıb. Bu proses bölgənin beynəlxalq tədbirlərə evsahibliyi etmək potensialını da ön plana çıxarır.

Şuşa şəhəri Azərbaycanın qələbəsi ilə bərpa edilmiş milli və mədəni irsin simvolu olmaqla yanaşı, həm də beynəlxalq səviyyədə mühüm bir diplomatik məkana çevrilməkdədir. 2023-cü ildə TÜRKSOY tərəfindən "Türk Dünyasının Mədəniyyət Paytaxtı" elan olunmuş Şuşa, həmçinin Qlobal Media Forumu və digər beynəlxalq tədbirlərlə dünyanın diqqətini cəlb edib. Şuşada keçirilən tədbirlər, Azərbaycanın Qarabağı dünyaya tanıtmaq və regionun yenidən qurulmasına dair beynəlxalq dəstək almaq istiqamətindəki diplomatik səylərinin mühüm bir hissəsidir.

Bu tədbirlərdə iştirak edən xarici nümayəndə heyətləri Qarabağda həyata keçirilən genişmiqyaslı bərpa işləri və humanitar proqramlarla tanış olurlar. Bu da onu bir daha təsdiq edir ki, dövlətimizin qarşısında duran əsas məqsəd yalnız iqtisadi və sosial inkişafı təmin etmək deyil, həm də regionun beynəlxalq siyasi müstəvidə qəbul edilməsini və burada mövcud olan hərtərəfli inkişaf potensialının göstərilməsini təmin etməkdir.

Son 5 ilə yaxın müddətdə Qarabağ və Şərqi Zəngəzurda inşa edilən sosial-iqtisadi infrastrukturlar beynəlxalq şirkətlərin, böyük dövlətlərin də marağına səbəb olub. Təkcə Füzuli, Zəngilan və Laçın Beynəlxalq Hava Limanlarının istifadəyə verilməsi, Qarabağın beynəlxalq tədbirlər üçün hazırlığını tamamlayan mühüm addımlar arasında yer alır. Bu hava limanları yalnız sərnişin daşınmasını asanlaşdırmaqla kifayətlənmir, həm də regionun qlobal iqtisadiyyatla inteqrasiyasına, xarici investisiyaların cəlb edilməsinə və beynəlxalq səviyyədə əməkdaşlıq üçün yeni yollar açılmasına xidmət edir.

Azərbaycanın regionda həyata keçirdiyi bərpa işləri təkcə fiziki infrastrukturu deyil, həm də beynəlxalq diplomatiya və təhlükəsizlik sahələrindəki mövqeyini möhkəmləndirir. Qarabağda keçirilən beynəlxalq forumlar bu istiqamətdə - atılan mühüm addımlardan biridir. Bu cür tədbirlər Qarabağda yalnız iqtisadi inkişafı deyil, həm də regional və beynəlxalq əməkdaşlıq mühitinin formalaşmasına yardımçı olur.

Azərbaycanın diplomatik fəallığı Qarabağ və Şərqi Zəngəzurun beynəlxalq səhnədə tanınması və beynəlxalq münasibətlərdəki mövqeyinin möhkəmləndirilməsi məqsədinə xidmət edir. Xarici dövlətlərin diplomatik nümayəndələri, beynəlxalq təşkilatların rəhbərləri və ekspertlər mütəmadi olaraq işğaldan azad edilən ərazilərə səfərlər edərək, burada həyata keçirilən bərpa və inkişaf layihələri ilə tanış olurlar.

Azərbaycanın xarici siyasətinin prioritetlərindən biri də Qarabağ və Şərqi Zəngəzurun beynəlxalq aləmdə tanınması və buradakı inkişaf proseslərinə beynəlxalq dəstəyin təmin edilməsidir. Bu siyasət ölkəmizin regional və qlobal səviyyədə nüfuzunu daha da artırır.

Bu gün Qarabağ və Şərqi Zəngəzur artıq münaqişə zonası deyil, əksinə, sülh və əməkdaşlıq mərkəzinə çevrilməkdədir. Azərbaycan dövləti, burada hərtərəfli inkişafın təmin edilməsi və insanların həyat şəraitinin yaxşılaşdırılması ilə yanaşı, beynəlxalq təhlükəsizliyə də mühüm töhfə verir. Qarabağda həyata keçirilən yenidənqurma işləri, ölkəmizin sülh və təhlükəsizlik sahəsindəki mühüm strategiyalarını dəstəkləyir.

Həyata keçirilən siyasətin məqsədi həm də bölgənin gələcəkdə barış, inkişaf və əməkdaşlıq platformasına çevrilməsini təmin etməkdir. Bu məqsədlə, dövlətimizin beynəlxalq tədbirlərdə fəal iştirak etməsinə, regionda yeni əməkdaşlıq imkanlarının yaranmasına yol açır.

Prezident İlham Əliyevin rəsmi qəbullarını da Qarabağ və Şərqi Zəngəzurda keçirməsi ənənə halını alıb. 

Gəlin son 5 ayda dövlət başçısının Qarabağ və Şərqi Zəngəzurda reallaşan tədbirlərdə iştirakına, burada keçirdiyi rəsmi qəbullara diqqət edək:

* Mayın 27-də Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Laçına səfər edib. Prezident İlham Əliyevlə Məhəmməd Şahbaz Şərifin məhdud və nahar əsnasında geniş tərkibdə görüşü olub.

* Azərbaycanla Pakistan arasında ikitərəfli görüşdən sonra mayın 28-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Laçına gəlib. Laçında Azərbaycan Prezidentinin Türkiyə Prezidenti ilə təkbətək görüşü olub. İki qardaş Prezidentin iştirakı  ilə Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilib.

* Laçında Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli formatında Zirvə görüşü keçirilib. Bu görüş ölkələrimiz arasında qardaşlığın və dostluğun növbəti bariz təzahürü kimi qiymətləndirilib.

* Mayın 28-də Laçında Müstəqillik Gününə həsr olunmuş konsert keçirilib. Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif konsertdə iştirak ediblər.

* İyul ayının 3-də Prezident İlham Əliyev Xankəndidə Türkmənistanın Nazirlər Kabineti Sədrinin müavini, xarici işlər naziri Rəşid Meredovu qəbul edib.

* İyulun 3-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Qarabağa səfər edib. Prezidentlər Xankəndi şəhərindəki Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan "Businesstex JV" tikiş fabrikinin fəaliyyəti ilə tanış olublar.

* İyulun 3-də Qırğız Respublikasının Prezidenti Sadır Japarov Qarabağa səfər edib. Prezident İlham Əliyevlə Sadır Japarov Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak ediblər.

* Prezident İlham Əliyev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar.

* Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar da iyulun 3-də Qarabağa səfər edib.

* İyulun 3-də Prezident İlham Əliyev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğız Prezidenti Sadır Japarov, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar və İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Xankəndi şəhərində keçirilən 17-ci Zirvə görüşünün iştirakçıları Ağdamdakı "İmarət" Tarix-Memarlıq Muzey Kompleksində Qarabağ atlarının "Zəfər" şousunu izləyiblər.

* İyulun 4-də Prezident İlham Əliyev Xankəndidə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

* İyulun 4-də Prezident İlham Əliyev Xankəndidə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla görüşüb.

* İyulun 4-də Xankəndidə Prezident İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şəriflə görüşü keçirilib.

* Prezident İlham Əliyev həmin gün, həmçinin Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabirin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

* İyulun 4-də Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirilib. 

* Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun 17-də Füzuli rayonuna səfər edib. Qurbanqulu Berdiməhəmmədovu Prezident İlham Əliyev qarşılayıb. Prezidentlər Şuşa şəhərində inşa edilmiş birinci yaşayış kompleksində olublar. 

* İyulun 19-da Prezident İlham Əliyevin Xankəndidə "Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi" mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü keçirilib. Prezident İlham Əliyev forum iştirakçılarının suallarını cavablandırıb.

* Prezident İlham Əliyev sentyabrın 15-də Şuşada ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Maliki qəbul edib. Söhbət zamanı ICESCO-nun Baş direktorunun ölkəmizə, o cümlədən Şuşaya səfərləri və dövlətimizin başçısı ilə görüşləri məmnunluqla xatırlanıb.

* Prezident İlham Əliyev sentyabrın 15-də Şuşada Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Selçuk Bayraktaroğlunu qəbul edib. Görüşdə ölkələrimiz arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə uğurla inkişaf etdiyi vurğulanıb.

* Sentyabrın 16-da Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycana rəsmi səfərə gəlib. Füzuli Beynəlxalq Hava Limanında ali qonağı Prezident İlham Əliyev qarşılayıb. Hava Limanında Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə işğaldan azad olunmuş ərazilərimizdə inşa edilmiş Füzuli, Zəngilan və Laçın Beynəlxalq Hava limanları haqqında məlumat verilib. Həmin gün Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub. Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə təkbətək və geniş tərkibli görüşü olub. Ali qonağa Şuşada mövcud olan infrastrukturlarla bağlı ətraflı məlumat verilib.

Göründüyü kimi, Şuşa, Xankəndi, Füzuli, Laçın təkcə yaşayış məntəqəsi deyil, həm də beynəlxalq əməkdaşlıq və fəal qlobal dialoq məkanına çevrilib. Burada keçirilən yüksəksəviyyəli forumlar, iqtisadi konfranslar və işgüzar tədbirlər şəhərlərin regional əhəmiyyətini və iqtisadi potensialını bir daha ön plana çıxarır.

Bu baxımdan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünün məhz Azərbaycanda, Xankəndidə keçirilməsi və təşkilata üzv ölkələrin rəhbər şəxslərinin iştirakı ilə reallaşması olduqca rəmzi xarakter daşıyır. Zirvə görüşündə regionun gələcəyinə dair aparılan müzakirələr Azərbaycanın açıq əməkdaşlığa, davamlı inkişafa və qarşılıqlı tərəfdaşlığa əsaslanan mövqeyinin daha bir əyani təzahürüdür.

Qarabağ və Şərqi Zəngəzurda aparılan ardıcıl və planlı bərpa-quruculuq tədbirləri çərçivəsində Xankəndi, Şuşa, Laçın şəhərləri iqtisadi fəallığın artdığı əhəmiyyətli mərkəzlərdən birinə çevrilməkdədir. Burada biznes və sahibkarlıq mühitinin dirçəldilməsi, yeni əməkdaşlıq imkanlarının formalaşması dövlətin təşviq etdiyi prioritetlər sırasındadır. Xüsusilə də dövlət qurumları ilə özəl sektor arasında qurulan etibarlı tərəfdaşlıq modeli şəhərlərin uzunmüddətli iqtisadi inkişafını təmin edəcək əsas mexanizmlərdən biri hesab olunur.  

Bütün bu proseslər göstərir ki, Qarabağ və Şərqi Zəngəzur təkcə bərpaolunan iqtisadi rayonlar deyil, eyni zamanda ölkənin gələcək inkişaf modelinin parlaq nümunəsidir. Burada həyata keçirilən məqsədyönlü layihələr, qurulan yeni əməkdaşlıqlar və formalaşan iqtisadi mühit həm yerli əhali üçün dayanıqlı yaşam imkanları yaradır, həm də regionda sabitlik və tərəqqiyə xidmət edən mühüm addımların atıldığını nümayiş etdirir. 

Bir sözlə, Azərbaycan Prezidentinin Şuşa və Xankəndidə, Laçında keçirdiyi görüşlər, iştirak etdiyi beynəlxalq toplantılar, qəbullar onu deməyə əsas verir ki, Qarabağ və Şərqi Zəngəzur həm də ali görüşlərin ünvanına çevrilir.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Избранный
23
azerbaijan-news.az

1Источники