RU

PUTİNİN NATO ya “MEYDAN OXUMASI” RUSİYANI ÇÖKDÜRƏ BİLƏR Türkiyədən “S 400” dilənən Kreml nəyə arxalanır?

Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.

Son aylarda Ukraynanın uzaqmənzilli zərbə dronlarının aramsız hücumları nəticəsində Rusiya ərazisinin dərinlikləri az qala döyüş meydanına çevrilib. Müharibənin xarakterinin tədricən Rusiyanın əleyhinə dəyişdiyi bir vaxtda Kremlin atdığı macərapərəst taktiki addımlar isə təəccüb doğurmaya bilməz.

Maraqlıdır, görəsən, döyüş bölgəsindən 1500 kilometr aralıda yerləşən Rusiyanın mühüm iqtisadi əhəmiyyətə malik Neft Emalı Zavodlarına, neft terminallarına, dəmir yol qovşaqlarına, elektronika, kimya və s. müəssisələrinə vurulan zərbələr fonunda Kreml hansı məqsədlə Qərblə gərginliyi daha da artırmaq qərarına gəlib? Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin nöbəti sayıqlamasından və Dövlət Dumasında Finlandiyanın ünvanına söylənilənlərdən belə analşılır ki, bir ildən artıqdır Ukraynanın kiçik Pokrovsk şəhərini zəbt etmək üçün 100 min əsgər itirən Rusiya NATO ilə müharibə həvəsinə düşüb.

Əlbəttə, rasional məntiqlə bunu anlamaq çətindir və siyasi icmalçılar hesab edirlər ki, Rusiya Avropa səmasında təxribatlar törətməklə NATO-nu qorxutmaq və alyans ölkələri arasında fikir ayrılığı yaratmaq istəyir. Ancaq perspektivdə nələrin baş verəcəyini dəqiq bilmədən həyata keçirilən hər bir plan yalnız Rusiyanın zərərinə işləyəcək.

Putinin NATO içərisində fikir ayrılığı yaranacağına ümid bəsləməsi siyasi korafəhimlikdir, çünki qeyri-dəqiq hesablamalar və özündən müştəbehlik üzərində qurulan strategiya nəticəsində Rusiya üç il yarımdır ki, üzücü müharibə aparmağa məhkum olub. Digər tərəfdən, ola bilər ki, Rusiya ABŞ Prezidenti Donald Trampın Ukraynaya hərbi yardımı dayndırmasından həvəslənib. Amma Tramp Ukraynaya silah göndərməkdən imtina etməyib, sadəcə, onun pulunun Avropanın ödəməsini tələb edir və Avropa da öz növbəsində belə bir sxemdən imtina etməyib.

Vladimir Putin çox böyük ehtimalla müharibənin fiziki təsir dairəsini genişləndirmək niyyətindədir. Belə ki, Rusiyanın Ukraynaya təcavüzünün başlanmasından bəri ilk dəfədir müharibə Çinə öz mənfi təsirini göstərir. İqtisadiyyatını əsas etibarı ilə ixrac üzərində tənzimləyən Çinin Avropa ilə əlaqə qurduğu başlıca quru yolu Rusiya və Belarusun avantürası üzündən qapanıb. Hazırda Polşa Belarusla sərhədini bağlayıb. Ötən il Çin Polşa sərhədindən Avropya 8 milyon ton həcmində məhsul keçirib. Problemi həll etmək üçün Çin Xarici İşlər naziri Polşaya gedib və həmkarı Radislav Sikorskiylə görüşüb. Üç saata yaxın davam edən görüş nəticəsiz yekunlaşıb və Varşava sərhədi qeyri-müəyyən vaxta qapalı saxlayacağını bildirib.

Belə görünür ki, Rusiya Çini qəsdən bu münaqişənin iştirakçısına çevirmək niyyətindədir. Putin hələ də anlamır ki, Qərbə qarşı mübarizədə Çin onun avantürasına qoşulmayacaq və Pekinin başlıca məqsədi Rusiyanı müttəfiq yox, vassal kimi görməkdir.

Digər yandan, Qərblə qarşıdurmaya girişən Kreml görmürmü ki, qüvvələr nisbəti çox böyük ölçüdə onun əleyhinədir? NATO Ukraynaya yardım üçün hələ ki, öz iqtisadi və hərbi potensialının çox cüzi bir hissəsini işə salıb. Rusiya isə əksinə, öz imkanlarını mənasızcasına tükəndirir. Putin və ətrafı ən qorxulu ssenarilərə hazır olmaq, müharibəni dayndırmağa çalışmaq əvəzinə, aqressiv ritorikadan əl çəkməsə, müharibə Rusiyanı yavaş-yavaş məhvə sürükləyəcək. Bəli, Rusiya dövləti və cəmiyyəti hələ ekzistensial təhlükə yaşamır, müharibə getsə də, ölkənin həyat ritmi pozulmayıb. Amma hər şey tədricən dəyişdiyindən qırılma anı qəfildən baş verə bilər. Proseslər məhz bu istiqamətə yönəlib.

Əgər dönüb yaxın keçmişə nəzər salsaq, görərik ki, NATO-ya ultimatum göndərən Rusiya bu gün ərazisini qoruya bilməyəcək rəzil hala düşüb və səmasındakı “yırtıqları” doldurmaq üçün 2017-ci ildə Türkiyəyə 2,5 milyard dollara satdığı iki ədəd “S-400” Zenit Raket Kompleksini belə geri qaytarmaq üçün Ankaraya xahiş göndərib. Məlumdur ki, Rusiyanın Hava Hücumundan Müdafiə sistemləri Ukrayna tərəfindən mütəmadi məhv edildiyindən tükənir, ehtiyatda isə heç nə qalmayıb. Bu iki kompleks nəyisə dəyişə bilərmi? Türkiyə bu sistemləri NATO strukturuna qoşmayıb və həm də bu, əslində heç Ankaraya lazım da deyil. Bildiyimiz kimi, Türkiyə özünün “polad qübbə”sini yaradır.

Rusiya buna bənzər gülünc vəziyyətlərə çox düşəcək və Vladimir Putinin siyasi məfkurəsinin məhsulu Rusiyanın taleyində özünü daha müdhiş və daha məhvedici formada göstərəcək. Putinin Ukraynaya hücum etməsinin başlıca səbəbi Rusiyanın təhlükəsizliyi ilə bağlı deyildimi? Kremldən təlimat alan haray-həşirçi təbliğatçıların başlıca tezisi Ukraynanın denasifikasiya və demilitarizasiya edilməsi deyildimi? Gecə-gündüz bağırmırdılarmı ki, əgər Ukrayna NATO-ya girsə, Moskvaya raket atış məsafəsi 500-600 kilometr olacaq və Rusiyanın bütün Avropa hissəsi təhlükə altına düşəcək? Nəticə nə oldu? 

Putinin apardığı siyasət nətiəcəsində hazırda Rusiyanın strateji obyektlərini vurması üçün Ukraynanın NATO-ya girməsinə heç ehtiyac da yoxdur. Hazırda Ukrayna Rusiyanın iqtisadiyyatının təməli sayılan neft-qaz sənayesini iflic etməklə məşğuldur. Müxtəlif hesablamalara görə, Ukraynanın dron zərbələri Rusiyanın neft emalı potensialını 25 faizədək azaldıb. Sözsüz ki, ukraynalılar zərbələrin gücünü bə intensivliyini artırmağı planlayırlar. Dağıdılmış avadanlıqların tezliklə bərpası isə elə də asan iş deyil, bunun üçün vaxta ehtiyac var, həm də ki, bu qurğuların əksəriyyəti Avropdan alınıb. Ukrayna NEZ-lərlə yanaşı, Rusiyanın Baltik dənizindəki Primorsk və Ust-Luq neft doldurma limanlarına da zərbələr vurmağa başlayıb. Ukrayna Silahlı Qüvvələrinin ən vacib hədəflərindən biri də Perm diyarının Qubaxa şəhərində yerləşən üzvü sintez məhsulları istehsal edən kimya zavodu olub. Həmin müəssisədə partlayıcı maddələr hazırlanmasında istifadə olunan pentrit, urotopin və metanol istehsal edilir.

Bütün bunları ümumiləşdirərək deyə bilərik ki, hər şey hələ təzə başlayıb və sözügedən zərbələr ilkin yoxlamalardır, qarşıdan daha dağıdıcı və daha uzağı vuracaq raket atəşləri gəlir.

Vaqif Nəsibov

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
16
azpolitika.info

1Источники