RU

İTSDA: 700-dən artıq vitrektomiya əməliyyatı ilə görmə qabiliyyəti bərpa edilib

Müasir oftalmologiyada gözün torlu qişası və şüşəyəbənzər cismi ilə bağlı xəstəliklərin müalicəsində ən effektiv müalicə üsullarından biri sayılan vitrektomiya əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır. Vitrektomiya şüşəyəbənzər cismin qismən və ya tam çıxarılmasını nəzərdə tutan cərrahi əməliyyatdır. Bu cərrahi müdaxilə ilə pasiyentlərin görmə qabiliyyətləri bərpa oluna və ya onun pisləşməsinin qarşısı alına bilir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən (İTSDA) SİA-ya bildirilib ki, cari ilin ilk altı ayı ərzində icbari tibbi sığorta hesabına 700-dən çox vitrektomiya əməliyyatı icra olunub.

Görmənin kəskin pisləşməsi, görmə sahəsinin daralması, göz önündə pərdə, qara nöqtə, kölgə və ya qığılcımların görünməsi, gözlərin travmatizasiyası hallarında dərhal həkim-oftalmoloqa müraciət etmək tövsiyə olunur. Oftalmoloji müayinələr gözün arxa seqmentində – tor qişada və şüşəyəbənzər cismin daxilində olan patologiyaları müəyyən etməyə imkan verir. İcbari tibbi sığorta ilə qarşılanan bu müayinələrə oftalmoskopiya, optik koherent tomoqrafiya (OCT - infraqırmızı işıq şüası ilə göz toxumasının skan edilməsi, başqa sözlə qeyri-invaziv görüntüləməsi), göz almasının ultrasəs müayinəsi, gözün angiografiyası və görmə itiliyi testləri daxildir. Bu diaqnostik metodlar nəticəsində tor qişa qopmaları, hemoftalm (intravitreal qanaxmalar), şəkərli diabet fonunda yaranan retinopatiyalar, makulyar yırtıq, epiretinal fibroz, göz travmaları və digər patologiyalar aşkarlanarsa, vitrektomiya əməliyyatı tövsiyə olunur.

Əməliyyat mikroinvaziv üsullarla, adətən, lokal anesteziya altında icra edilir. Əməliyyatın müddəti əsas xəstəlikdən, yanaşı oftalmoloji patologiyanın mövcudluğundan asılıdır və orta hesabla 1 saatdan 3 saata qədərdir. Əməliyyat zamanı şüşəyəbənzər cisim çıxarılır, yaranmış boşluğa xüsusi balanslaşdırılmış duz məhlulları, süni polimerlər: silikon yağı və ya qaz daxil edilir. Bu maddələr göz boşluğunda genişlənərək torlu qişanın normal vəziyyətinin bərpasına və yerində saxlanmasına kömək edir.

Qeyd edək ki, stasionar xidmət zamanı dərman və tibbi sərfiyyat da icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxildir. Vitrektomiya sonrası pasiyentlər qısa müddət ərzində normal həyat tərzinə qayıda bilirlər.

İcbari tibbi sığorta hesabına vitrektomiya əməliyyatı tibbi göstəriş və həkim təyinatı əsasında İTSDA ilə müqaviləsi olan tibb müəssisələrində (özəl və müvafiq dövlət orqanlarının tabeliyindəki) göndərişlə icra olunur.

Müvafiq tibbi xidmətin göstərildiyi tibb müəssisələrinin siyahısı ilə "Tibb müəssisələrinin axtarışı" funksiyasından istifadə etməklə tanış olmaq mümkündür.

Избранный
8
4
sia.az

5Источники