RU

Romada Üzeyir Hacıbəylinin şərəfinə yubiley konserti

ain.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Bəşəri musiqilər zamanın, məkanın sərhədlərini aşaraq dünyaya yayılır. Romada, musiqi sənətinin beşiyi sayılan Santa Çeçiliya Dövlət Konservatoriyasında Azərbaycan musiqi mədəniyyətinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunan konsert İtaliyada Azərbaycan mədəniyyəti üçün yeni səhifə açdı.

Azərbaycanın Mədəniyyət Nazirliyi, ölkəmizin İtaliyadakı səfirliyi və Santa Çeçiliya Konservatoriyasının birgə təşkilatçılığı ilə keçirilən yubiley konserti İtaliyanın mədəniyyət və akademik dairələrinin, diplomatik korpusun və soydaşlarımızın böyük marağına səbəb olub. Mədəniyyət Mərkəzinin direktor müavini Gülnar Tağızadə konsertin Mədəniyyət Nazirliyinin təşkil etdiyi XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirildiyini vurğulayıb.

Çıxış edənlər Üzeyir bəyin Azərbaycan musiqisinin inkişafına verdiyi misilsiz töhfələr söz açıblar. Səfir Rəşad Aslanov 18 sentyabr tarixinin Prezident İlham Əliyevin sərəncamı ilə 2009-cu ildən etibarən Üzeyir Musiqi Günü kimi qeyd olunmasının əhəmiyyətini xüsusilə qeyd edib. O, dahi bəstəkarın Şərqdə ilk operanın müəllifi kimi mədəniyyətimizin təməlini qoyduğunu, Azərbaycanın Dövlət Himnini bəstələdiyini və Milli Konservatoriyanın yaradılmasında böyük xidmətləri olduğunu deyib.

Gecənin unudulmaz anları musiqi və rəqs nömrələri ilə davam edib. Proqram çərçivəsində Milanda yaşayan opera müğənnisi Çinarə Şirinova fortepianonun müşayiəti ilə Üzeyir Hacıbəylinin ölməz əsərlərini ifa edib. “Ritm” rəqs qrupunun rəqsləri konsert proqramını daha da zənginləşdirib. Nümayiş etdirilən milli rəqslər, o cümlədən “Uzundərə” və “Nağara Şou”, Azərbaycan mədəniyyətinin rəngarəngliyini və zənginliyini əks etdirib.

Gecənin sonunda İtaliyanın mədəniyyət nümayəndələri Azərbaycan ifaçılarının istedadını və milli musiqimizin bənzərsizliyini yüksək qiymətləndirib, belə tədbirlərin iki ölkə arasındakı mədəni körpüləri daha da möhkəmləndirdiyini qeyd ediblər. Gurultulu alqışlar isə Azərbaycan musiqisinə olan böyük sevgi və hörmətin bariz nümunəsidir.

Arzu ƏLİYEVAXQ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
10
1
xalqqazeti.az

2Источники