RU

Yüksəksəviyyəli münasibətlərin yeni səhifəsi

Yeniazerbaycan saytına istinadən ain.az xəbər verir.

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri iqtisadi əməkdaşlığın yeni gündəliyini müəyyənləşdirir

Körfəz Əməkdaşlığı Şurasında və Ərəb Dövlətləri Liqasında aparıcı lider dövlətlərdən biri olan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Azərbaycan arasında dərin hörmət və sıx dostluğa əsaslanan münasibətlər son illərdə inkişaf edərək bütün sahələrdə irəliləməkdədir. Ali və yüksək səviyyədə səfər mübadilələri və qarşılıqlı təmaslar, eləcə də beynəlxalq platformalarda səmərəli əməkdaşlıq, aktiv parlament diplomatiyası və müxtəlif sahələrdə dinamik fəaliyyət Bakı-Əbu-Dabi əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə qalxmasına gətirib çıxarıb. İki ölkənin dövlət başçılarının, hökumət üzvlərinin, iqtisadi qurumları və biznes nümayəndələrinin birgə səfərlərinin intensiv xarakter alması və aparılan faydalı müzakirələr ticarət, iqtisadiyyat, enerji, ətraf-mühit kimi sahələrdə əməkdaşlıq üçün yeni qapılar açmaqdadır.

Güclü siyasi təməl üzərində inkişaf edən iqtisadi əlaqələr

Sentyabrın 16-da Azərbaycana səfər edən Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Prezident İlham Əliyevlə keçirdiyi görüşlər və imzalanan mühüm sənədlər tərəfdaşlığın daha da möhkəmlənməsi üçün dərin baza yaratmış olur. Səfər zamanı müzakirə olunan istiqamətlər üzrə əməkdaşlığın intensivləşdirilməsinə dair birgə niyyətlərin ifadə edilməsi iqtisadi bloklarda yeni təkanverici addımların atılacağına dəlalət edir.

Bir neçə ilə qədər Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında iqtisadi proqramların əsas xətti neft-qaz və enerji sahələrini əhatə edirdisə, son illərdə iqtisadi coğrafiya xeyli genişlənib və qeyri-neft sektorunun bütün istiqamətlərində əlverişli işgüzar təmaslar qurulub və bu əməkdaşlıq dayanmadan irəliləyir. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi müasir iqtisadi gündəlik geniş və çoxşaxəlidir, Birləşmiş Ərəb Əmirliklərinin şirkətləri Azərbaycanın strateji tərəfdaşı kimi enerji və iqtisadi inkişafa töhfə verir. Bu ölkənin nəhəng investoru  “Masdar” Azərbaycanda ən potensial investorlardan biridir, şirkət 230 meqavatlıq Qaradağ Günəş Elektrik Stansiyasına 262 milyon dollarlıq sərmayə yatırıb və stansiya ötən il istifadəyə verilib.

“Masdar”la imzalanmış digər sazişlərə əsasən, Biləsuvarda 445 MVt, Neftçalada 315 MVt gücündə iki günəş elektrik stansiyası və Qaradağda 240 MVt gücündə bir külək elektrik stansiyasının inşası nəzərdə tutulur. Ümumi sərmayə dəyəri 1 milyard dollar məbləğində qiymətləndirilən 3 layihənin təməlinin atılması bərpa olunan enerji sektorunda böyük sərmayə bumunun nümunəsi hesab edilə bilər. Bundan başqa, “Masdar”la SOCAR arasında Naxçıvan Muxtar Respublikasında 500 MVt gücündə bərpa olunan enerji layihələrinin inkişafına dair Anlaşma Memorandumu imzalanıb.

“Masdar” şirkəti Azərbaycanlı şirkətlərlə birgə Xəzər dənizində 3,5 qiqavat gücündə dəniz külək elektrik stansiyası layihəsi üzərində işləyir. İnvestisiya planına əsasən, Azərbaycanın bərpaolunan enerji sahəsinə 2 milyard dollardan artıq sərmayə yatırılacaq. Bu iri layihələr nəhəng investisiya portfelinin göstəricisi kimi BƏƏ şirkətlərinin Azərbaycana olan yüksək münasibətini əks etdirir.

Birgə Biznes Şurası ticari əlaqələrin inkişafını təşviq edəcək

Tərəflər digər investisiyayönümlü layihələr üzərində fəal iş aparır və səfər çərçivəsində ölkəmizə gəlmiş nümayəndə heyətlərinin tərkibində nüfuzlu səhmdarların yer alması da bunu təsdiqləyir.  Müasir strateji baxış isə əsas etibarilə qeyri-neft bölmələrinə fokuslanıb və hazırda ticari dövriyyədə nəzərə çarpan dinamikanın da əsas hərəkətverici xətti qeyri-neft üzrə əmtəə mübadilələridir. BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın vurğuladığı kimi qeyri-neft sektorunda ticarət dövriyyəsi 2024-cü ildə 2,24 milyard dollara qədər artıb. Bu, olduqca böyük dövriyyədir və ərəb dövlətləri blokunda ən böyük göstəricidir.

İmkanlar isə daha böyükdür. Mövcud potensialları bir platformada birləşdirən tərəflər müştərək iqtisadi hədəfləri həyata keçirmək üçün daha geniştutumlu Yol Xəritəsi hazırlayıb. Bu strateji konsepsiyanın tərkib hissəsi kimi prezidentlərin iştirakı ilə imzalanmış sənədlərin mübadiləsini qeyd etmək olar. Belə ki, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin İnsan Resursları və Əmirlikləşmə Nazirliyi arasında işçi qüvvəsinin mütəşəkkil qaydada müvəqqəti işə cəlb olunması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Energetika və İnfrastruktur Nazirliyi arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Energetika və İnfrastruktur Nazirliyi arasında enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat və Turizm Nazirliyi arasında turizm əməkdaşlığı haqqında Anlaşma Memorandumu” və digər sənədlər yeni əməkdaşlıq proqramının hədsiz çoxşaxəli olmasının göstəricisidir.

“Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Ticarət və Sənaye Palataları Federasiyası arasında Azərbaycan-BƏƏ Birgə Biznes Şurasının yaradılması haqqında Anlaşma Memorandumu” isə iki ölkənin biznes icmalarını bir platformada birləşdirən müştərək təsisat kimi səciyyələndirilə bilər. 

“Şimal-Cənub” və Orta Dəhlizdə birgə addımlar

Tərəflər arasında “yaşıl enerji” sahəsində inkişaf edən əlaqələrin yeni səhifəsi kimi “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə “Masdar” şirkəti arasında Azərbaycan Respublikasının yaşıl enerji zonalarında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun əhəmiyyətini də xüsusi qeyd etmək lazımdır. Bu, həm də BƏƏ və Azərbaycanı enerji həmrəyliyini əks etdirir. Hər iki ölkə əvvəllər neft və qaza yönəlmiş siyasət yürüdürdüsə hazırda dayanıqlı enerji balansında “yaşıl enerji” amili daha çox ön plana keçməkdədir. Bu baxımdan, yeni enerji siyasətinə keçidin mühüm seqmenti kimi memorandum Azərbaycan və BƏƏ-nin yeni uğurlu enerji strategiyası olmaqla yanaşı, ekoloji hədəflərinin də müasir vizyonunu nümayiş etdirir.

 “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə “Presight” şirkəti arasında Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün Süni İntellekt Strategiyasının icrası üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu” isə robot texnologiyaları, süni zəka və rəqəmsal innovasiyalar sahəsində birgə niyyətin ən mükəmməl nümunəsi sayıla bilər.

 “Bakı Gəmiqayırma Zavodu” MMC ilə “Əbu-Dabi Limanları Şirkəti” ASC arasında iki ədəd konteyner gəmisinin tikintisinə və satışına dair Müqavilə” nəqliyyat-logistika sahəsində ortaq maraqların ifadəsidir. Bu sənəd çoxşaxəli nəqliyyat dəhlizlərində Azərbaycan və BƏƏ-nin ortaq logistika və nəqliyyat daşınmalarına xüsusi marağını əks etdirməklə Şərq-Qərb, Şimal-Cənub qovşaqlarında vahid tranzit siyasətinə üstünlük verəcəyini şərtləndirir. Ərəb regionu-Yaxın Şərq-Mərkəzi Asiya-Xəzər nəqliyyat habında, o cümlədən Orta Dəhlizdə hər iki ölkənin daşınma infrastrukturlarının, o cümlədən liman potensiallarının əlaqəndirilməsi böyük bir coğrafiyada yük daşınmalarının həcmlərində dinamikanı əhəmiyyətli dərəcədə yüksəldəcək.  

Azad ərazilərdə BƏƏ investisiyaları üçün fürsətlər 

“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə XRG ASC arasında Cənub Qaz Dəhlizində investisiya haqqında Anlaşma Memorandumu” və “Azərbaycan İnvestisiya Holdinqi ilə “Əbu-Dabi inkişaf Holdinq Şirkəti” ASC arasında “Azər-Türk Bank”ın sərmayələşdirilməsi haqqında Anlaşma Memorandumu” isə yeni investisiya açarı sazişi kimi xarakterizə oluna bilər. Dünyanın ən nüfuzlu sərmayə institutlarından biri olan “Əbu-Dabi inkişaf Holdinq Şirkəti”nin ölkəmizdə layihələrdə təmsil olunması yüz milyonlarla dollar qeyri-neft investisiyası bumunun başlanması deməkdir. Mövcud sitasiyalar isə onu əsaslandırır ki, BƏƏ-nin investisiyalarınnı növbəti fazası Qarabağdakı bərpaolunan enerji sahəsi ilə yanaşı, azad edilmiş ərazilərdə istehsal, emal, turizm, xidmət bölmələrinə yönəldiləcək. Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə gəlmiş tanınmış investorların azad ərazilərdə olması və  bölgənin resursları və investisiya imkanları ilə yaxından tanış olmaları da bundan xəbər verir. Azərbaycan hökumətinin bu bölgədə çalışan sərmayəçiləri vergi, gömrük və investisiya güzəştləri ilə təmin etməsi ərəb şirkətlərinə əlavə fürsətlər verir. 

Beləliklə, BƏƏ-nin dövlət başçısının Azərbaycan səfəri iki ölkə arasında qardaşlıq, dostluq üzərində qurulmuş əlaqələrin yüksək səviyyəyə çatmasına, imzalanmış çoxsaylı sənədlər isə iqtisadi-siyasi əməkdaşlıq proqramlarının həlledici mərhələyə daxil olmasına imkan yaradacaq.

ELBRUS CƏFƏRLİ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
15
1
yeniazerbaycan.com

2Источники