RU

Türkiyədə azyaşlılara sosial şəbəkə qadağası, bəs Azərbaycanda? 

Ekspertlər deyir ki, bunun praktik tətbiqi çətindir, yalnız VPN-lə... 

Türkiyədə, nəhayət, 16 yaşdan kiçik şəxslərin sosial şəbəkələrdən istifadəsini qadağan edən qanun layihəsi təsdiqlənib. Bu barədə NTV telekanalı xəbər verib.

Sənədə əsasən, provayderlər 16 yaşınadək uşaqlara xidmət göstərə bilməyəcək ki, bu da beynəlxalq platformaları onlar üçün əlçatmaz edir. Təşəbbüsün məqsədi uşaqları rəqəmsal təhlükələrdən və internetdəki zərərli məzmundan qorumaqdır. Qaydaların qüvvəyə minməsinin təfərrüatları və nəzarət üsulları isə hələ dəqiqləşdirilir.

Azərbaycanda da bu mümkünmü? Bəs qadağaların praktik tətbiqi necə, mümkün olacaqmı? 

Qeyd edək ki, yalnız Türkiyə deyil, dünyanın bir çox ölkəsində bu istiqamətdə müzakirələr aparılıb. Misal üçün, Avstraliya da 2024-cü ildə buna bənzər bir qanunu müzakirəyə çıxarıb. Yeni qaydalara əsasən, 16 yaşdan aşağı uşaqlar sosial media hesabı aça bilməyəcək və platformalar bu yaş məhdudiyyətinə əməl etmədikdə böyük cərimələrlə qarşılaşa bilərlər. Qanunun 2025-ci ilin sonunda qüvvəyə minməsi planlaşdırılır. Avropa ölkələrində isə daha yumşaq, amma nəzarətə yönəlik qaydalar mövcuddur. Fransada 15 yaşdan kiçik istifadəçilərin sosial media hesabı yaratması üçün valideyn razılığı tələb olunur. Almaniyada da 13 yaşdan aşağı şəxslər üçün sosial media istifadəsi yalnız valideyn icazəsi ilə mümkündür, 13-16 yaş arası qrupda da bəzi məhdudiyyətlər var. Belçika və İtaliyada da bənzər tənzimləmələr qüvvədədir. Norveç isə 2025-ci ilin sonundan etibarən sosial media üçün minimum yaş həddini 13-dən 15-ə qaldırmağı planlaşdırır.

Bu kimi tədbirlərin məqsədi uşaqları onlara zərər verə biləcək rəqəmsal təsirlərdən qorumaq, internet mühitində daha təhlükəsiz mühit formalaşdırmaqdır. Lakin tam qadağaların effektivliyi və texnoloji olaraq necə nəzarət ediləcəyi hələ də geniş müzakirə mövzusudur.

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, Türkiyənin qəbul etdiyi qərar - 16 yaşdan kiçik şəxslərin sosial şəbəkələrdən istifadəsinə qadağa qoyulması - uşaqları rəqəmsal təhlükələrdən qorumaq baxımından müsbət təşəbbüsdür: “Azərbaycanda da bu mövzu nəzəri olaraq gündəmə gələ bilər, lakin praktiki tətbiqi asan deyil. Çünki beynəlxalq sosial şəbəkələr əsasən öz qlobal qaydalarına uyğun fəaliyyət göstərir və yaş yoxlaması çox vaxt formal xarakter daşıyır. Bundan əlavə, VPN və digər alternativ vasitələrin köməyi ilə belə məhdudiyyətlərin asanlıqla aşılması mümkündür.

Ona görə də, sadəcə, qadağa ilə problemi həll etmək mümkün deyil. Əsas diqqət uşaqların rəqəmsal savadlılığının artırılmasına, valideyn nəzarət mexanizmlərinin gücləndirilməsinə və beynəlxalq platformalarla əməkdaşlığa yönəlməlidir. Bu yanaşma həm uşaqların təhlükəsizliyini təmin edər, həm də qadağaların formal qalmasının qarşısını alar".

 

İnnovasiya üzrə mütəxəssis Bəxtiyar Həsənov da mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bildirib: “Hazırda Türkiyədə müzakirə olunan məsələ rəsmi qəbul olunmuş qərar deyil, sadəcə, gündəmə gətirilmiş bir təşəbbüsdür. Lakin belə təşəbbüslərin cəmiyyət üçün faydalı tərəfləri, həmçinin mübahisəli məqamları var. Əvvəlcə qeyd etmək lazımdır ki, uşaq və yeniyetmələrin sosial şəbəkələrdə təhlükəsizliyi bütün dünyada müzakirə olunan mövzudur. İnternetdəki zərərli məzmun, kiberzorakılıq və manipulyativ informasiyalar uşaqların psixoloji inkişafına ciddi təsir göstərə bilir. Buna görə də beynəlxalq platformalarda belə mövzular daim aktuallığını saxlayır. Digər tərəfdən, praktik tətbiq məsələsi xüsusilə Avropadakı təcrübələrdə göründüyü qədərilə müəyyən çətinliklər yaradır. Çünki sosial şəbəkələr qlobal xarakter daşıyır və onların üzərində nəzarəti təkcə milli qanunlarla təmin etmək çox vaxt effektli olmur. Təcrübə göstərir ki, burada valideynlərin maarifləndirilməsi, uşaqlar üçün rəqəmsal savadlılıq proqramları və texniki nəzarət alətlərinə fokuslanmaq önəmli rol oynayır.

Məsələnin Azərbaycan reallığında da müzakirə olunması göründüyü qədər hələ ki gündəmdə deyil. Amma hər hansı qərar qəbul olunmazdan əvvəl geniş ictimai və ekspert müzakirələri aparılmalıdır. Çünki məqsəd qadağa qoymaqdan çox, uşaqlara riskləri öyrətmək, valideynlərə və müəllimlərə maarifləndirmə imkanları, yolları yaratmaqdır. Yekun olaraq onu deyə bilərəm ki, belə mövzulara emosional yox, elmi əsaslarla yanaşmaq vacibdir. Texnologiya sürətlə dəyişir, biz də buna ayaqlaşmalı, qərarları düşünülmüş şəkildə məntiqlə verməyə çalışmalıyıq".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Избранный
21
musavat.com

1Источники