RU

Şuşa - Azərbaycanın yeni siyasi mərkəzi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Selçuk Bayraqdaroğlunu, 16 sentyabrda isə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanı Şuşada qəbul etdi. Yüksək səviyyəli qəbulların Şuşada keçirilməsi bu şəhərin simvolik dəyərini daha da artırır.

Dövlətimizi başçısının ard-arda qəbulları Qarabağın statusunu yalnız mədəniyyət paytaxtı kimi deyil, həm də siyasi mərkəz kimi möhkəmləndirir

Təsadüfi deyil ki, 2021-ci ildə iki qardaş ölkə arasında müttəfiqlik münasibətlərini təsbit edən Şuşa Bəyannaməsi də məhz burada imzalanıb.

Bu görüşlərin vaxt seçimi də diqqətəlayiqdir. Qafqaz İslam Ordusunun Bakını daşnak-bolşevik işğalından azad etməsinin ildönümünə təsadüf edən qəbullar tarixi ardıcıllığın və davamlılığın ifadəsidir. Azərbaycan tərəfi bununla həm strateji müttəfiqlik mesajı verir, həm də bölgədə sülhün yeni mərhələsinə start verildiyini nümayiş etdirir.

Şuşada keçirilən yüksək səviyyəli görüşlər, xüsusilə də Türkiyə və BƏƏ kimi güclü tərəfdaşların iştirakı regiondakı güc balansına təsir göstərir. Bu, həm radikal erməni dairələrinə, həm də onları dəstəkləyən xarici mərkəzlərə ünvanlanan açıq mesajdır: Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və burada yalnız sülh, inkişaf və əməkdaşlıq gündəmdədir.

Antiterror əməliyyatının ikinci ildönümünə yaxın günlərdə baş tutan bu qəbullar göstərir ki, Azərbaycan öz müttəfiqləri ilə birlikdə yeni geosiyasi reallığı daha da möhkəmləndirir. Şuşanın siyasi mərkəzə çevrilməsi isə bu reallığın ən parlaq təzahürlərindən biridir.

Züriyə Qarayeva

Избранный
14
1
bakivaxti.az

2Источники