RU

Şəhid ailəsi keyfiyyətsiz mənzilə görə nazirliyi və tikinti şirkətini məhkəməyə verdi: yekun qərar onun xeyrinə oldu

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

Şəhid ailəsi verilən evin keyfiyyətsizliyinə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini, həmçinin binanı tikən şirkəti məhkəməyə verib.

Bizimyol.info xəbər verir ki, ailə mənzildə yaranmış problemin aradan qaldırılması üçün xərclədikləri 4000 manat, şəhid ailəsinin həkim müayinəsinə, dərmanlarına görə ödənilmiş 1000 manat pulun, eləcə də mənəvi ziyana görə 3000 manatı nazirlikdən və tikinti şirkətindən müştərək qaydada tələb edib.

İddiaçı tərəfin sözlərinə görə, mənzilin açarını alandan sonra görüblər ki, çox keyfiyyətsiz və ekoloji təmiz olmayan ucuz materiallarla natamam şəkildə təmir olunub. Hamamın tavanı dağılıb, pəncərələr sınıb: “Külək, qar, yağış, soyuq mənzilə daxil olur. Mənzilin mətbəxinin və yataq otağının divar kağızları göy rəngdə kiflənib. Kiflənmiş divar kağızlarını çıxarıb emusiya elətdirmişəm. Lakin dəhlizi imkansızlıqdan elətdirə bilməmişəm. Kombinin radiatorlarından biri su buraxır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və tikinti şirkətinə bu problemlər barədə demişəm. Heç bir tədbir görülməyib. Mənzilin hamam tavanı 2 dəfə dağılıb. İkinci dəfə usta tavanda böyük hava buraxan dəliyi tapıb, oranı bağlayıb”.

Nazirlik və tikinti şirkəti şəhid ailəsinin bu iddiası ilə razılaşmayıb və məhkəmədə iddianın rədd edilməsini istəyiblər. Xətai Rayon Məhkəməsi də iddianı rədd edib. Lakin bu qərardan apellyasiya şikayəti verilib. Bakı Apellyasiya Məhkəməsinin mövqeyi isə fərqli olub. Bu instansiya şikayətin dəlillərini əsaslı sayıb. Ekspertiza təyin edilib və mütəxəssislər müəyyənləşdirib ki, tikinti tərəfindən yol verilmiş qüsurların aradan qaldırılması üçün 3500 manata yaxın pul lazımdır. Bu səbəbdən məhkəmə də qərar verib ki, tikinti şirkəti həmin vəsaiti şəhid ailəsinə ödəsin.

Aytən, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
7
icma.az

1Источники