RU

ssdhbcjhsdbjbsdcjbsj

Kulis.az Əlibala Əhmədovun şeirlərini təqdim edir.



İnternet


Dəniz kənarında mavi kristallar -

dünyanın uzaq bir küncündə

kofesini içib

sabahkı ağır işinə hazırlaşarkən

heç gözəl olmayan bir qadın düzəltmişdi

bu şəkli

bəlkə də

qonşuluğunda

yaşıl qarğıdalı yarpaqları

yağışda islanırdı

və dirsəyində qarışqa tapıb gülmüşdü həmin gecə....

(2024)

Saatsaz


Günəşli, sapsarı bir gündə

bənövşəyi köynəkli,

nəvəsi ilə yaşıd qızın

saatını düzəldərkən

qoca usta bir anlıq məmnun

oldu həyatından.


Sevindi ötməsinə

qorxu və arzuların...


Masasındakı fincandan

burnuna çay qoxusu gələrkən

ölümü düşündü.

Ölümü düşünəndən sonra təmir daha zövqlü oldu.


Yuxudan ayılan kimi

altında yatdığı

ağacdan

bir alma qoparırdı

sanki...


(2025)


Qərar

Qırılıb,

bir vaxtlar köhnə eyvandan

baxarkən

ayın üzünü örtən armud ağacı...


Bundan sonrakı ömür nə bir qadına,

nə bir inanca...


Bundan sonrakı ömür


yalnızca keçmişə....


(2023)

Günah

Yoxdur

qurtuluş daha...


Bədənini tanıya bilməmək, ruhunu bulamağa,

Şeytanı tanıya bilməmək Allahsızlığa

şəhvəti tanımamaq, sevgisiz yaşama apardı səni.


Qurtuluş yoxdur.


Bir yuxu -


Bir tabloda fırçadan qalmış boyalar - qarışıqdırlar, uyğunsuzdurlar,

qusurlar, boğulurlar, bir - birlərinin qoxusundan

məhv olub əriyirlər, uyuşurlar...


Günahlar diz yarası tək

quruyub qopmur...


O vaxt kiçik olanda

ayağın altında

əzilən göyəmin

qabığını əlinə yapışdırarkən,

axşamçağı

qaranlıq kollar

yaxındakı təpəni

sirli diyar tək göstərərkən

bilməzdin bu günlər gələr.


Yaşaya bilməmək günahına

tay tapılmadığını

anlamazdın...



Çağırır səni

iri pivə şüşələri

axşam düşməmiş

iş bitməmiş

beyninə qan kimi sızanda dünya


tükənəndə gücün qorxulardan -


bataqlıqdakı heyvanın

gözlərində döyünən yorğun ürək

kimi


gedəcəksən


axşam quyruğundan tutarkən

barmağını dişləyən cırcırama olacaq dünya

(bir neçə şüşə sonra)

xəyalında

ağac altından yığdığın, havaya

səpdiyin heyva yarpaqları

bir qadının saçlarında

çələngə çevriləcək...

Rauf Ranın sevdiyi şeir

Xırda yağış altında

sürətlə addımlayarkən

gözlərin islaq küçələrdə -

önünə baxmırsan

baxışların aşağıda

ruhun taxtaya sancılmış bütöv

bir

bıçaq kimi

indi nə qadın var

nə ümid, nə şirin həyəcan

illər qatı, ağac rəngli

boya tək hökmlü, səssiz

bəlkə də

belə yaxşıdır

düşünürsən

mənasızlığın dərisi quruyub, tökülmüş əlləri

yay günü həyət ortasına atılmış

iri un kisəsi

tək

cilvəsiz,

amma həqiqidir.....


(2024)



Baharın son ayında

Havada yay xatirəsi - qoxu....


Alnına hopan isti paxla buxarını

silib gülürdü

bir qadın,


bir uşaq soğanın bəyazlığına

aldanıb ağlayırdı...


döşəməsi narıncı

köhnə koridorda

un çuvalları...


Bir nazik nar yarpağı

Yatmış itin su qabında....


(2025)

Rauf üçün


İllər sonra bədənlərimiz, ürəyimiz biraz da köhnələndə

xatırlayacağıq səni

ömrün əvvəlində

yığılmış qısa bir xoşbəxtliyin

səbəbi kimi

amma elə ən çox buna inanmaq çətin

olacaq - o əzmli, qüvvətli səsinin

qocalmayacağına,

qocalıb əzəmətli olmayacağına biraz da....


Yaddaşlarda qalan təzəliyin üzəcək ən çox ürəyimizi - xatirəni daha

da uzun, unudulmaz edən

ömrünün qısalığı,

üzünün qara saqqalı,

uca boyun

və bir işıq, dalğa tək ötüb keçməyin...


Çünki sən həm də bir hökm kimi idin, aramızda,


dostluğun sədaqətin hökmü kimi.....


Səni xatırlayacam - ağ bir göbələyin

papağını

meşə ortasında aşmış, çürümüş

bir ağacın qara gövdəsinə sürtsəydim

gülümsəyərdin,

gözəlliyindən danışardın

saatlarca

bu əbəsliyin...


Çətindir daim belə gənc qalacağına,

ötüb keçmiş olmana,

uzanan bir yaddaşın ucunda


günəş qoxusunu özündə

saxlamış



axşamçağı

torpağına

oxşadığına

inanmaq....


Yay gecəsi

ovuclarıma buz kimi su alıb


ağlayacam bir gün

bir ulduz altında....

Избранный
12
kulis.az

1Источники