RU

Üzeyirin musiqisini duyan gənc Fikrət Əmirov Ərtoğrol Cavid haqqında nə yazmışdı?

ain.az xəbər verir, Kulis.az saytına əsaslanaraq.

Kulis.az Hüseyn Cavidin ev muzeyinin əməkdaşı Nübar Məmmədovanın “Üzeyirin musiqisini duyan gənc: Ərtoğrol Cavid” yazısını təqdim edir.

Azərbaycan ədəbiyyatının nəhəng simalarından biri Hüseyn Cavidin ailəsi ölkəmizin mədəniyyət tarixində xüsusi yer tutur. Onun yeganə oğlu – Ərtoğrol Cavid (1919–1943) – istedadı, zəkası və sənət eşqi ilə milli mədəniyyətimizdə öz izini qoymağa müvəffəq olsa da, gənc yaşında dünyadan köçərək böyük bir potensialı həyata keçirmədən aramızdan ayrıldı. Ərtoğrol Cavid 22 oktyabr 1919-cu ildə Bakıda doğulmuşdur. Uşaqlıqdan atası Hüseyn Cavidin yüksək mədəni mühitində böyüməsi onun dünyagörüşünə, sənətə marağına güclü təsir göstərmişdir. Cavid ailəsinin evində daim ziyalılar, şairlər, sənət adamları toplaşar, ədəbi-mədəni mühitin canlı nəfəsi hiss olunardı. Bu mühit gənc Ərtoğrolun formalaşmasında böyük rol oynamışdır.Ərtoğrol musiqiyə xüsusi maraq göstərirdi. O, Azərbaycan Pedaqoji İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. Sonradan Konservatoriyada təhsil almışdır. Onun ifaçılıq bacarığı, incə duyumu və klassik musiqiyə sevgisi müəllimləri və həmkarları tərəfindən yüksək qiymətləndirilirdi. Ərtoğrol təkcə ifaçı deyil, həm də bəstəkar kimi özünü sınamağa başlamışdı. Azərbaycan Dövlət Konservatoriyasında oxuduğu 1941-1942 –ci illərdə Fikrət Əmirovla dahi bəstəkar Üzeyir Hacıbəyov və Boris Zeydmanın sinifində dərs almışdır və fortopiano üçün yazılmış “9 Variasiya” əsərini öz müəlliminə həsr etmişdir. Azərbaycan Dövlət Konservatoriyasında dahi vokal ustası Bülbülün rəhbərlik etdiyi xalq musiqisini öyrənən elmi-tədqiqat kabinetində çalışmış. Burada musiqi folkloru nümunələrinin toplamasında iştirak etmişdir.Fikrət Əmirov Ərtoğrol haqqında xatirələrində qeyd edirdi: “Mən onun sənətini də, şəxsiyyətini də açılmamış gözəl bir fidana, pöhrəyə bənzədə bilərəm. Qəti əminəm, qalsaydı, musiqimizin ən görkəmli xadimlərindən biri olacaqdı...”Nizami Gəncəvinin “ Sevgili yar gəlmiş idi” qəzəlinə, Nigar Rəfibəylinin “Eşq olsun”, Tahir Rasizadənin “səninlə olaydım” və s. şeirlərinə roman və mahnılar bəstələmişdir. “Şeyx Sənan”, “Məhsəti” operaları bir sıra kamera və instrumental əsərləri yarımçıq qalmışdır. Təəssüf ki, onun bəstəkarlıq irsi çox az qalmış, bəzi əsərləri isə repressiya illərinin keşməkeşlərində itib getmişdir. 1937-ci ildə Hüseyn Cavidin həbs olunması və sürgün həyatı bütün ailənin taleyinə ağır təsir göstərdi. Ərtoğrol atasının məhrumiyyətlərindən dərin sarsıntı keçirmiş, ailə yükünü çiyinlərinə götürmək məcburiyyətində qalmışdı. O, bir tərəfdən öz sənət yolunu davam etdirməyə, digər tərəfdən ailəsinə sahib çıxmağa çalışırdı.Ərtoğrol Cavidin ömrü çox qısa oldu. O, 1 oktyabr 1943-cü ildə, cəmi 24 yaşında vərəm xəstəliyindən vəfat etmişdir. Onun vaxtsız ölümü Azərbaycan musiqi və mədəniyyət tarixində böyük bir itkidir. Əgər yaşasaydı, musiqi sahəsində yeni əsərlər yarada, atasının ideyalarını incəsənət dili ilə davam etdirə bilərdi. Ərtoğrolun həyatı və taleyi sonrakı illərdə tədqiqatçıların diqqətini cəlb etmiş, onun haqqında məqalələr, xatirələr yazılmışdır. Turan Cavidin fədakar fəaliyyəti nəticəsində həm Hüseyn Cavidin, həm də ailə üzvlərinin xatirəsi qorunmuşdur.

Bu gün Hüseyn Cavidin Ev Muzeyində Ərtoğrolun həyat və yaradıcılığını əks etdirən materiallar da nümayiş olunur. Ərtoğrol Cavid Azərbaycan gəncliyinə yarımçıq qalmış, lakin işıqlı bir ömür nümunəsi olaraq yad edilir. O, milli mədəniyyətimizdə “görünməyən, amma hiss edilən” izlər buraxmışdır.

Hollivud aktyoru həbs olundu

Keramika muzeyində böyük soyğun baş verdi

"Qorxu seansı" filminin ssenaristləri bəlli oldu

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
14
kulis.az

1Источники