RU

Baş nazir Bişkekdə görüşdə iştirak edib Fotolar

Qafqazinfo saytına istinadən ain.az xəbər verir.

Sentyabrın 18-də Qırğız Respublikasının Bişkek şəhərində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin görüşü keçirilib.

Bu barədə “Qafqazinfo”ya Nazirlər Kabinetinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanın Baş naziri Əli Əsədov görüşdə iştirak edib.

Tədbirdə çıxış edən Ə.Əsədov Türk dövlətlərinin səylərinin birləşdirilməsinin sabitlik, təhlükəsizlik və rifahın təmin olunması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Qarşılıqlı faydalı əməkdaşlığın TDT-yə üzv ölkələr arasında ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, iqtisadi potensialın gücləndirilməsi və nəqliyyat dəhlizlərinin şaxələndirilməsi üçün yeni imkanlar açdığı diqqətə çatdırılıb.

Qeyd edilib ki, Azərbaycan Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə ikitərəfli müstəvidə strateji tərəfdaşlıq və ya müttəfiqlik münasibətləri qurub.

İqtisadi əməkdaşlığın dinamikasından məmnunluq ifadə edən Baş nazir cari ilin yanvar-iyul aylarında Azərbaycanın TDT dövlətləri ilə ticarət əlaqələrinin 8 faizdən çox artdığını diqqətə çatdırıb.

İnvestisiya sahəsində əməkdaşlıq barədə danışan Baş nazir Azərbaycan tərəfindən təşkilatın üzv ölkələrinə yatırılan sərmayələrin həcminin 21 milyard ABŞ dollarına yaxın olduğunu vurğulayıb.

“Üzv dövlətlərdən olan bir sıra tərəfdaşlarımızla biz birgə investisiya fondları yaratmışıq və bu, prioritet iqtisadi sektorlarına qarşılıqlı investisiyaların təşviqinə imkan verir”, - deyə Baş nazir bildirib.

Türk dövlətləri arasında nəqliyyat sahəsində əməkdaşlığın artan xətt üzrə inkişaf etdiyi və regional əlaqələrin möhkəmlənməsinə əhəmiyyətli töhfə verdiyi vurğulanıb.

“Türk dövlətlərinin ərazisindən keçən və təkcə regionumuz üçün deyil, həm də qlobal ticarət və nəqliyyat əlaqələrinin genişləndirilməsi baxımından strateji rol oynayan Orta Dəhlizin önəmi getdikcə artmaqdadır. Bu kontekstdə Azərbaycanın əsas ərazisinin Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsinə dair bu yaxınlarda Vaşınqtonda əldə edilmiş razılaşmalar tarixi əhəmiyyət kəsb edir. Zəngəzur dəhlizinin açılması bütün region dövlətlərinə yeni iqtisadi və tranzit fürsətləri qazandırmaqla yanaşı, Orta Dəhlizə inteqrasiya olunmaqla, onun ötürücülük qabiliyyətini artıracaq”, - deyə Ə.Əsədov qeyd edib.

Görüşdə rifahın, inkişafın və regional inteqrasiyanın təşviqində TDT-nın rolu, həmçinin ticarət, investisiya, nəqliyyat, enerji və kənd təsərrüfatı kimi prioritet iqtisadi sahələrdə əlaqələr, təşkilat çərçivəsində çoxşaxəli əməkdaşlığın gücləndirilməsi üçün TDT mexanizmlərinin genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb.

Görüşün nəticələrinə dair Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin Birgə Bəyanatı qəbul edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
5
15
qafqazinfo.az

10Источники