RU

Oğurluq olmayan ölkədə yaşayan azərbaycanlı: “Bircə it-pişiyin yeyilməsinə dözə bilmirəm”- MÜSAHİBƏ

VARŞAVA, 18 sentyabr. TELEQRAF

Cənub-Şərqi Asiyanın qədim sivilizasiyalarından biri olan Vyetnam zəngin mədəniyyəti, uzun müharibə tarixi və sürətli iqtisadi inkişafı ilə tanınır. Azərbaycanlılar üçün Vyetnam ilk baxışdan çox uzaq, ekzotik və fərqli görünə bilər. Fərqli mətbəxi, sıx küçə həyat tərzi, rəngarəng ənənələri ilə Vyetnam bir çoxları üçün həm maraqlı, həm də sirli ölkədir.

Məhz bu uzaq diyarda yaşayan həmyerlimiz Sevda Əliyeyavanın təcrübəsi bizə həm ölkəni daha yaxından tanımaq, həm də azərbaycanlının dünyanın istənilən yerində necə uyğunlaşa bildiyini görmək imkanı verir.

Teleqraf” İnformasiya Agentliyi Vyetnamda müəllim işləyən azərbaycanlı gənc xanım Sevda Əliyeva ilə müsahibəni təqdim edir.

- İlk olaraq özünüzü təqdim edə bilərsinizmi? Vyetnama nə zaman və necə getdiniz?

- 2024-cü ilin sentyabr ayından etibarən Vyetnamda yaşayıram. Rəfiqəm mənə bir rus agentliyinin sosial şəbəkə səhifəsini göndərmişdi. Bu agentlik dünyanın müxtəlif ölkələrindən olan müəllimlərə Vyetnamda iş tapmaqda kömək edirdi. Mən də bu proqrama müraciət etdim. Daha sonra müəyyən videolar tələb olundu, onları çəkib göndərdim və nəhayət, müsahibə mərhələsindən keçdim.

- Bəs Vyetnama köçməyinizə nə səbəb oldu?

- Asiya ölkələrinə, xüsusilə Cənub-Şərqi Asiya ölkələrinə xüsusi marağım var. Bu bölgənin iqlimini və təbiətini çox sevirəm. Ümumiyyətlə təbiətə böyük sevgim var və qış fəslində yaşıllıq görmədikdə özümü bir qədər kədərli hiss edirəm.

- İlk vaxtlar yaşamaq çətin deyildi ki? Həyatınızda nələr dəyişdi?

- İlk gəldiyimiz gün olduqca fərqli idi. Hazırda Vyetnamın şimal əyalətlərindən birində yaşayırıq. Biz buraya çatmazdan təxminən bir həftə əvvəl son 10 ilin ən güclü tayfunu baş vermişdi. Yaşayacağımız küçənin və evin qarşısında dizdən bir qədər aşağıya qədər yağış suyu toplanmışdı. Bu mənzərə mənim üçün qorxulu idi və hətta geriyə dönməyi belə düşündüm.

Ancaq rəfiqəmin israrı ilə qaldım. Buradakı həyat mənim düşüncə tərzimi köklü şəkildə dəyişdirdi. Mədəniyyət fərqlilikləri səbəbindən mədəniyyət şoku yaşamaq qaçılmaz idi.

Artıq motosiklet sürürəm. Dünyanın ən qarışıq yol hərəkəti sistemlərindən birinə sahib ölkədə motosiklet sürmək çox fərqli bir təcrübədir.

- Vyetnamda bir azərbaycanlı kimi qarşılaşdığınız maraqlı və ya çətin bir hadisə olubmu?

- Hələ də alışa bilmədiyim məsələlərdən biri də bəzi heyvanların, xüsusilə it və pişiklərin qida kimi yeyilməsidir. Bazardan tərəvəz almağa gedəndə hələ də yolumu dəyişib başqa istiqamətdən yönəlirəm. Sevdiyin bir heyvanın kəsilmək üçün dayandığını görmək insanı sarsıdır. Ancaq bu da onların mədəniyyətinin bir parçasıdır və hörmətlə yanaşmaq lazımdır.

- Vyetnamlı şagirdlərlə işləmək necə bir təcrübədir?

- İşimin ən gözəl tərəfi uşaqlardır. Onlar çox mehribandırlar. Dərs fasilələrində ətrafınıza toplaşıb məşhur bir insan kimi sizdən imza istəyirlər.

Vyetnam sosialist ölkədir və burada varlı təbəqə çox azdır. İnsanlar xeyirxahdırlar və sahib olduqları hər şeyi sizinlə bölüşmək istəyirlər – bu, bəzən kiçik bir konfet, saç rezini və ya qələm ola bilər.

Uşaqların incəsənət qabiliyyəti çox yüksəkdir. Düşünürəm ki, bu, manga kitabları oxumaqla bağlıdır. Rəsm çəkməyi çox sevirlər. Hazırda yaşadığım otaq müxtəlif oyuncaqlarla və uşaqların mənim üçün çəkdiyi portretlərlə doludur. Bu haqda çox danışmaq olar, amma hələlik bu qədər kifayətdir.

- Azərbaycan və Vyetnam təhsil sistemləri arasında hansı fərqləri müşahidə etmisiniz?

- Təhsil sistemi baxımından bir çox fərqliliklər var. Vyetnamda müəllimlər dərsi “PowerPoint” təqdimatları ilə keçirlər. Uşaqlarla dərsdən daha vacib olanı dərsin əyləncəli keçməsidir. Burada valideynlər uşaqlarına "nə öyrəndin?" sualından əlavə, "dərs sənin üçün əyləncəli keçdimi?" deyə də soruşurlar.

Məktəb direktorları əgər xarici müəllimi bəyənmirlərsə, dərhal onu başqa müəllimlə əvəz edirlər. Burada bütün uşaqlar yalnız sağ əllə yazmalıdırlar. Əgər bir uşaq solaxaydırsa, yazı tərzini dəyişməyə məcburdur. Xüsusi qayğıya ehtiyacı olan uşaqlar dərslərdə asanlıqla iştirak edirlər və digər şagirdlər onlara bu prosesdə kömək edirlər.

Təəssüflə qeyd etməliyəm ki, Azərbaycanda nə valideynlər, nə müəllimlər, nə də uşaqlar bu kimi proseslərə kifayət qədər hazır deyillər.

- Orada müəllim olmaq sizcə daha rahatdır, yoxsa Azərbaycanda?

- Azərbaycanda orta məktəbdə dərs deməmişəm, ancaq universitet və kollecdə müəllim işləmişəm. Mənim fikrimcə, universitet və kollecdə dərs demək məktəbdən daha rahatdır. Buna baxmayaraq, Vyetnamda məktəbdə dərs demək Azərbaycanda universitetdə dərs deməkdən daha rahatdır.

Təəssüf ki, Azərbaycanda vəzifə öhdəliklərini yerinə yetirməyən çoxlu təhsil işçiləri var – bunu hər zaman deyəcəm.

- Vyetnam mədəniyyəti sizi nə ilə təəccübləndirdi?

- Vyetnamda məni ən çox təəccübləndirən məsələlərdən biri oğurluq hadisələrinin olmamasıdır. Dəfələrlə evimizin qapısını açıq qoymuşuq, motosiklet və velosipedlərimizi çöldə saxlamışıq, amma heç kim toxunmayıb.

İnsanlar çox yardımsevərdir. Yolda bir problem yaşasanız, əmin olun ki, bir vyetnamlı mütləq sizə kömək edəcək. Evə dəvət edib yemək yedizdirməkdə çox israrlıdırlar. İşlədiyim mərkəzin rəhbəri, dəvətini beş dəfə rədd etməyimə baxmayaraq, altıncı dəfə məni evlərinə aparıb yeməyə qonaq etməyi bacardı.

- Əsas yeməklərlə aranız necədir?

- Vyetnam yeməklərini çox sevirəm. Xüsusilə "Pho Ga", "Com Chien" və "Banh Mi" mənim favorimdir.

- Yerli insanlar azərbaycanlı olduğunuzu eşidəndə necə reaksiya verirlər?

- Təəssüf ki, Azərbaycana dair heç bir bilgiləri yoxdur. Adını eşidəndə dərhal telefonda axtarıb baxırlar. Bəzən pul vahidimiz olan manata baxıb təəccüblənirlər. Dollarla müqayisə edirlər və 2015-ci ildən bəri sabit qaldığını öyrəndikdə çox təəccüblənirlər. Halbuki onların pul vahidi (VND) belə deyil. Ancaq izah edə bilmirəm ki, məzənnə sabit qalsa da, Azərbaycan marketlərindəki qiymətlərlə Vyetnam marketləri arasında böyük fərq var.

- Sizi “bu qədər uzaqda nə axtarırsan?” deyə soruşan olubmu? Nə cavab vermisiniz?

- Bu sualı heç kim mənə verməyib, amma əgər versəydilər, cavabım bu olardı: “Özümü axtarıram”.

- Tələbələriniz aranız necədir? Sizə hansısa ləqəbi qoyublar?

- Şagirdlərimlə münasibətim çox yaxşıdır, ixtisasımla əlaqəli olaraq uşaqları çox sevirəm, onlarla vaxt keçirmək, oyun oynamaq mənim üçün çox maraqlıdır. Mənim adımı deyə bilmirlər deyə mənə “Sophie” və ya “Sofia” deyə səslənirlər.

Bəzən yaşadığım məhəllənin qarşısına gəlib “Sofia” deyib məni balkondan çölə çağırırlar sonra futbol oynayıb mənə “Ronaldo or Mesi?” sualını veirilər. Mən “Messi” deyəndə bir qrup qışqıırb sevinir, digəri isə əllərini üzlərinə tutub ağlayırmış kimi hərəkət edir.

- Gələcəkdə Azərbaycana qayıtmaq istəyirsinizmi, yoxsa Vyetnamda qalmağı düşünürsünüz?

- Mən Vyetnamı çox sevirəm və hələlik burada qalmaq fikrindəyəm.

Избранный
14
teleqraf.com

1Источники